«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2019-10-22, 12:18 PM
Main » Articles » Məsəllər » Məsəllər

MƏSƏLLƏR
MƏSƏLLƏR
(Sual-cavablar: 41-60)


Sual 41: İslam cəmiyyətində rəhbərin rolu nədir?
     Cavab: Hər bir hərəkət bir neçə ünsürdən ibarətdir: başlanğıc, yol, vasitə, bələdçi və məqsəd. Bu beş ünsür arasında bələdçi daha mühüm rol oynayır. Əgər bələdçi və ya rəhbər alim və pəhrizkar olarsa, yolçular yolunu azmaz.
     Layiqli rəhbərə xalq itaət etsə, bütün çətinliklər həll olar. İynə iti, sap möhkəm bağlı olarsa, istənilən bir parçanı tikmək olar. Sap iynədən çıxdıqda isə ən nazik parçanı belə tikmək mümkünsüzdür. Sapsız iynə gecə-gündüz işləsə belə, faydasız olar. Mahir sürücü nasaz maşını təmir edib yoluna davam etdiyi kimi, peyğəmbərlər də ən çətin ictimai şəraitlərdə öz ümmətlərini tərbiyələndirə bilmişlər. Ləyaqətsiz rəhbər isə naşı sürücü kimi ən qiymətli avtomobili hərəkətə gətirə bilmədiyi tək, öz xalqını işığa çıxara bilmir.
     
     Sual 42: Haqq yolda ünvanımıza səslənən təhqirlər və danlaqlara nə cavab verək?
     Cavab: Bir şəxs icarəyə dəvə götürüb Qahirədən Əbbasiyyəyə gedirdi. Dəvənin cilovunu tutmuş dəvə sahibi müsafirinin tənhalığından istifadə edib onu məsxərəyə qoymuşdu. Qarşılarına çıxan bir şəxs üzünü müsafirə tutub dedi: «Eşitmirsənmi sənə nələr deyilir? Nə üçün dinmirsən? «Müsafir dedi: «Əgər bu şəxs məni Əbbasiyyəyə çatdırsa, danışdığı sözlərin heç bir əhəmiyyəti yoxdur».
     «Mütəffifin» surəsində oxuyuruq ki, günahkarlar möminlərə daim gülür, yanlarından keçərkən naz-qəmzə edir, dalda da onları məsxərəyə qoyur, üz-üzə gəldikdə onları azğın adlandırırdılar. Amma möminlər əzmlə öz yollarına davam edirdilər. Quranda vəd olunur ki, möminlər kafirlərə gülər. (Mütəffifun, 29-34)
     
     Sual 43: Abır-həyanı qorumaq üçün yağış namazından imtina etmək olarmı? (Axı bu namazdan sonra yağış yağmasa, şəxsiyyətə nöqsan gələ bilər…)
     Cavab: Yarış meydanına çıxan idmançı məğlub da ola bilər. Bununla belə, o, qələbə ümidini itirmir. Napaleon on dörd hərbi əməliyyatda məğlub olduqdan sonra qələbəyə yol tapır.
     Rəvayətlərə əsasən, quraqlıq zamanı yağış namazı qılmaq lazımdır. Yağışın yağıb-yağmayacağı Allahdan asılıdır. Amma biz öz vəzifəmizə əməl etməliyik.
     
     Sual 44: Dini mərasimdə iştirak edən insanın dindarlığı məlum olur. Bu iştirak riya, özününümayiş deyilmi?
     Cavab: Əvvəla, özününümayiş bəzən haram olmur. Məsələn, bir-biri üçün bəzənən ər və arvad üçün bu iş ibadət sayılır. Camaat namazı haqqında İslamın verdiyi göstərişlərdə də məqsəd dinin əzəmətinin nümayişidir. İmam Hüseyn (ə) əzadarlığı zamanı yürüşlər də nümayiş xarakterli ibadətdir.
     Eləcə də, tanınmış şəxslərin, məsulların dini mərasimlərdə iştirakı başqaları üçün bir növ təbliğdir və belə bir təbliğ ibadətdir.
     Özününümayiş o zaman haramdır ki, bu işdə eqoizm amil olsun. Demək, özünü yaxşı qələmə vermək üçün özününümayiş ibadətdir.
     
     Sual 45: Acı hadisələrlə qarşılaşarkən nə etməli?
     Cavab: Süfrədə həm turşu və istiot, həm də konfet və mürəbbə ola bilər. Uşaqlar adətən şirin şeylərə üstünlük verirlər. Hansı ki, turş və acı şeylərin də faydası var. Bəs acı hadisələrin faydası nədir? Acı hadisələr diqqəti Allaha yönəldir, istedadı çiçəkləndirir, günahlar üçün cəza olur, ilahi nemətləri nəzərə çarpdırır.
     Hadisələrə münasibətdə insanlar üç qrupa bölünür: kimi uşaq tək narahat olur, kimi gənclər kimi səbr edir, kimi də yaşlılar kimi ləzzət alır. Qurana əsasən, çətinliklərlə üzləşən vaxt kimi hay-haray salır, kimi səbr edir, kimisi də razı qalır. (Məaric, 20; Bəqərə, 154, 15; Əhzab, 23)
     Bir qrup şəxs İslam peyğəmbərinin hüzuruna gəlib, cihada getmək istədiklərini bildirdilər. Həzrət (s) onlara minik və qılınc olmadığını bildirdikdə çox narahat olub ağladılar da. Çətin hadisələrdən tədbir, səbr, ilahi yardım vasitəsi ilə qurtulmaq olar. Baxın, limon kimi turş meyvədən limonad kimi şərbət düzəldilir!
     Bəli, mahir aşpaz hətta portoğal qabığından mürəbbə hazırlayır. Dünyada, demək olar ki, bütün tullantılar təkrar emala qayıdır.
     Həzrət Zeynəb (ə) hətta öz əsirliyindən istifadə edərək zalımların səltənətini titrətdi. Yezid, imam Səccadın nitqi eşidilməsin deyə, azanın ucadan deyilməsini tapşırdı. İmam isə həmin azanın cümlələrini elə təfsir etdi ki, eşidənlər təlatümə gəldi. Azanın «şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur» cümləsindən sonra buyurdu: «Ey Yezid! Bu Məhəmməd sənin babandır yoxsa mənim?! Bu əsirlər onun övladları deyilmi?!»
     İmam Kazim (ə) zindana salındığı vaxt «nə yaxşı ibadət yeridir»-buyurdu. Bir çox alimlər öz dəyərli kitablarını məhz sürgünlərdə və zindanlarda yazmışlar.
     
     Sual 46: İslam dini küfr ölkələri ilə əlaqələrə necə baxır?
     Cavab: İslam fitrət dinidir. İnsan isə fitrətən azadlığa meyllidir. Müsəlmanların azadlığına xələl gətirməyən əlaqələr İslamda mümkün sayılır. Ana paltarını bulaşdıran uşaqdan qaşığı alıb özü yedirtmək istəyəndə uşaq e`tiraz edir. O, hər vəchlə müstəqil olmağa can atır.
     İslamın ilk on ilində müsəlmanlar ibadət zamanı üzlərini Beytül-müqəddəsə tuturdular. Mədinəyə hicrətdən sonra yəhudilərin «hanı sizin öz qibləniz» kinayələri ilə qarşılaşan peyğəmbər isə vəhy intizarında idi. Nəhayət, vəhy nazil oldu və Allah müsəlmanlara Məscidül-həramı (Kəbə) qiblə təyin etdi. (Bəqərə, 157)
     Müsəlmanların hər hansı bir işdə özünü kafirlərə oxşatması da haramdır. Özünü kafirlərə oxşadanlar əslində müsəlmanlığı alçaldırlar.
     
     Sual 47: Daimi dünya çətinliklərinin səbəbi nədir?
     Cavab: Qab-qacaq mağazasının vitrini önündən keçən bir şəxs ağzıaşağı düzülmüş stəkanları görüb, mağazaya daxil olur və satıcıya deyir:» Nə üçün bu stəkanların ağzı bağlı, altı isə deşikdir?» Satıcı stəkanı götürüb, çevirir və bu şəxsə deyir: «Görürsünüzmü? Hər iki problem həll oldu».
     Bəli, bəzi problemləri yaradan bizim yanlış təsəvvürümüz olur. Dünyanın imtahan olması barədə bir bu qədər danışılsa da çoxları elə başa düşür ki, dünya ləzzət üçündür. Sanki bir şəxs kitabxanaya girib duş axtarır. İnsan anlamalıdır ki, dünya sanatoriya yox, təkamül meydanıdır. Çətinlik olmayan yerdə isə təkamüldən söhbət belə gedə bilməz.
     Quran buyurur: «Çətinliklər və təzyiqlər insana dəqqət üçündür. Bəli, ud ağacını yandırmadan onun ətrini duymaq olmaz. Avtomobilin təkəri təzyiqlə tənzimləndiyi kimi, acı hadisələr də insanı tənzimləyir, onun qəflət və təkəbbürünü aradan qaldırır, kəşf və ixtiralara səbəb olur.
     
     Sual 48: Əməl olunmayan imanın dəyəri varmı?
     Cavab: Quranda iman daim saleh əməllə yanışı xatırladılır. İmanla əməl iynə ilə sapın oxşarıdır. Sapsız iynə bir iş görə bilmədiyi kimi, əməlsiz iman da təsirsizdir. Quran buyurur: «Allahı sevirsinizsə, peyğəmbərə itaət edin». (Ali-İmran, 31)
     Çoxları özlərini imanlı hesab etsələr də saleh əməldən uzaqdırlar. «Allahı sevirik» deyirlər, amma onunla söhbətdən qaçır, namaz qılmırlar. «Əlini sevirik» deyirlər, amma özlərin ona oxşatmırlar. «Əsrin imamını gözləyirik» deyirlər, amma heç bir hazırlıq görmürlər. Aşiqlik iddiasında olanın məşuqu razı salması bu insanların sədaqətini şübhə altına alır. Nəql edirlər ki, qədim qul bazarlarından birində bir qula çox böyük qiymət qoyulmuşdu. Səbəbi bu idi ki, bu qul susamış adamı tanıyırdı. Bir tacir qulun bu xüsusiyyəti ilə maraqlanıb, onu alır. Bir qonaqlıq düzəldib, süfrəyə sudan başqa hər şey qoyur. Qonaqlar növbənöv xörəklərdən yeyib su istəyirlər. Kim ağzını açıb su istəyirsə, qul onun susuz olmadığını iddia edir. Nəhayət, qonaqlardan biri ayağa qalxıb su ardınca gedir. Qul gülümsəyib, «bəli, bu adam susuzdur» deyir.
     Doğrudan da iddiasına sadiq olan insan yerində oturmur. İmana uyğun əməl etməyən şəxsi mömin saymaq səhvdir.
     
     Sual 49: Həyatımızda Əhli-beyt sevgisinin nə rolu var?
     Cavab: İdeal axtarışı, hər hansı qəhrəmana pərəstiş insanın fitri xüsusiyyətidir. Ləyaqətli ideal insanın tərbiyəsi üçün çox tə`sirlidir. Kamil ideal insanı daha çox cəzb edir. Əhli-beyt sevgisi ən üstün ideal seçimidir. Belə bir ideal seçən insan özünü peyğəmbər davamçılarına oxşatmağa çalışır. İnsanı hərəkətə gətirməyən sevgi isə həqiqi sevgi deyil. Bir körpə atasından qoğal istəsə və atası ona işdən qayıdarkən qoğal alacağını söz versə, uşaq gözünü yola dikib atasını gözləyir. Axşam ata mənzilə daxil olan kimi körpə «qoğal almısanmı» soruşur. Əgər ata desə ki, «qoğal almamışam, amma səni çox sevirəm», uşaq bu sevgiyə inanarmı?!
     
     Sual 50: Həqiqəti demək vacibdirmi?
     Cavab: Həqiqəti gizlətmək haramdır. Amma həqiqəti deməyin də şərtləri var. Münasib şərait olmadan deyilən həqiqət fəsad yaradır.
     Şəkər tozu şirindir. Amma onu birbaşa uşağın ağzına töksək, uşaq boğular. Şəkər suda həll edilib uşağa tədricən verilməlidir.
     Əksər insanlar həqiqəti birbaşa qəbul etmək iqtidarında deyillər. Hamamda başına vedrə ilə su tökən adamın başına küçədə bir stəkan su töksəniz, sözsüz ki, cırnayar.
     Müsəlmanların alimlərə hörməti, xüms və zəkat ödəməsi onların bu dəyərlərə dərin inamına əsaslanır. Əziyyətli yollar keçib məsumların ziyarətinə gedənlər küçədə rastlaşdıqları hər adama salam verməyi zəruri hesab etmirlər. Çünki hər hansı bir münasibət üçün tanışlıq və münasib şəraitə ehtiyac var.
     
     Sual 51: Həzrət Mehdinin (ə) min illik bir ömürdən sonra qırx yaşında zuhur edəcəyinə necə inanaq?
     Cavab: Adətən, kirpiklərimiz on illər boyu dəyişməz qalır. Hansı ki, insanın saçı və saqqalı daim inkişafdadır. Həm kirpiyin, həm də saçın tükləri eyni bir orqanizmdən qidalanır. Amma Allahın iradəsi ilə bu tüklərdən biri sabitdir, o biri isə dəyişkən.
     İnsan ömrünün məhdudluğunu sübuta yetirəcək heç bir dəlilimiz yoxdur. İşıq məhdud olmadığı kimi, ömür yolu da sərhədsizdir. Quranda Nuhun min ilə yaxın yaşadığı, Əshabi-Kəhfin üç yüz il yatdığı bildirilir. 
     
     Sual 52: Quran nəzərincə, rəhbərlə xalqın əlaqəsi necə olmalıdır?
     Cavab: İki növ itaət: insan bəzən qorxu və tamahdan, bəzən isə iman və məhəbbətdən itaət edir. Məsələn, insanları Firon qarşısında müti edən qorxu idi. (Zuxruf, 54) Amma İslam peyğəmbərinə itaətin arxasında iman və məhəbbət dururdu. (Ali-İmran, 159)
     İslamda xalqla rəhbər arasındakı əlaqə «vilayət» kimi təbir olunur. «Vilayət» dedikdə sevərək bir şəxsin ardınca getmək nəzərdə tutulur. (Sad, 86) Vilayətə tabe olan şəxs özünü başqalarından üstün tutmur. (Kəhf, 110) Həzrət Əli (ə) buyurur: «Döyüşlərdə Peyğəmbər (s) düşmənə bizdən daha yaxın olardı». Həzrət Peyğəmbər (s) xalqa salam göndərmək üçün məmur edilmişdir. (Tövbə, 103) Eləcə də, Peyğəmbərə salam göndərmək xalqa əmr olunmuşdur. (Tövbə, 56) Demək, rəhbərlə xalq arasındakı əlaqə qorxuya yox, eşq və məhəbbətə əsaslanır.
     
     Sual 53: Xüms və zəkatla dövlət vergiləri arasında nə əlaqə var?
     Cavab: Vergi vətəndaşların dövlətə xidmət müqabilində ödədikləri puldur. Dövlət küçə və prospektləri asfaltlayır, asayişi təmin edir, pulsuz tibbi xidmət göstərir, təhsil müəssisələri açır. Demək, vergi gündəlik ehtiyaclarımıza xərclədiyimiz pullardan fərqlənmir. Xüms və zəkat isə yalnız məhrum təbəqənin problemlərinin həllinə sərf olunur.
     
     Sual 54: Nə üçün bəzi insanlar möcüzə görsələr də, iman gətirmirlər?
     Cavab: Peyğəmbərlərin inkar olunmalarının bir neçə səbəbi vardır: babalara təqlid, şəxsi mənafenin qorunması, eqoistlik, yersiz təəssüb.
     Ulduzlu gecədə elektrik lampası altında oturan insan göydəki ulduzları görə bilmir. Eləcə də, özünə vurğun insan başqalarının üstünlüklərini qiymətləndirə bilmir. 
     Bir atlı nə qədər cəhd etdisə, at qarşısındakı arxdan keçmədi. Bunu müşahidə edən arif atlıya məsləhət gördü ki, arxın suyunu bulandırsın. Atlı belə də etdi. At heç bir məcburiyyətsiz sudan keçdi. Atlı bu işin hikmətini anlamayıb, arifdən səbəbini soruşdu. Arif dedi: «At saf suda öz əksini görür və öz əksini tapdamaq istəmir!»
     Bəli, insan da belədir o, öz mənliyini, məqamını, mənafeyini, tayfasını, millətini, partiyasını tapdaya bilmir. Elə buna görə də haqqında danışılan at kimi hərəkət edə bilmir.
     
     Sual 55: Peyğəmbərlər və imamlar günahsız (məsum) olduqları halda nə üçün tövbə edib ağlayırdılar?
     Cavab: Böyük bir salonu qismən işıqlandırsaq yalnız böyük əşyaları görə bilərik. Amma bu salon tam işıqlandırılsa ən kiçik əşyaları da görmək olar.
     Adi insanların iman nuru zəif olduğundan onlar yalnız böyük günahları görə bilir. Peyğəmbər və imamların iman nuru isə o qədər güclüdür ki, səmərəsiz ötüşən bir an onları çox narahat edir.
     Ayağı ağrıyan adam üçün ayağını uzatmaq nə haramdır, nə də məkruh. Bununla belə o, ayağını uzadarkən ətrafdakılardan üzr istəyir. Demək, insan halal bir işdən də xəcalət çəkə bilər. Televiziyada son xəbərləri oxuyan diktor asqırdıqda tamaşaçılardan üzr istəyir. Əslində isə asqırmaq günah deyil.
     Allahın övliyaları Onun əzəmətini dərk etdiklərindən ən dəyərli ibadətin də bu əzəmət qarşısında yetərsiz olduğunu anlayırlar.
     
     Sual 56: Fərqli mübarizə metodlarından istifadə edən məsum imamların arasında məqsəd fərqi varmı?
     Cavab: Bütün imamların məqsədi tövhiddir və bu məsələdə şübhəyə yer yoxdur. Amma hər bir imamın hərəkəti mövcud şəraitə görə fərqlənmişdir. Qayçının iki ağzı bir-birinə zidd hərəkət etsə də əslində eyni bir işi görür. Komanda oyunlarında hər oyunçu öz mövqeyinə uyğun hərəkət etsə də, ümumi məqsəd komandanın qələbəsidir.
     Bəli, bütün imamların məqsədi insanların təkamülüdür. Amma bu məqsədə çatmaq üçün bəzən vuruşmaq, bəzən elmlə məşğul olmaq, bəzən hicrət etmək, bəzən də susmaq lazım gəlir.
     
     Sual 57: Necə olur ki, bəzi günahlar bütün savabları puça çıxarır?
     Cavab: Əgər bir şəxs müəyyən müəssisədə iyirmi il xeyir işlə məşğul olduqdan sonra müəssisə müdirinin övladını qətlə yetirərsə, gördüyü işlər puça çıxar. Bir top mərmisi dəydiyi binanı uçurub, yüzlərlə insanın zəhmətini bir anda bada verir. Bir söyüş illərin dostluğuna son qoyur. Bir qaşıq zəhər bütün sağlamlığı məhv edir. Sükan arxasında bir an yuxu avtomobili uçuruma yuvarladır. Bir dəfə bıçağın gözə toxunması onu illər uzunu kor edir.
     Bəli, bir qığılcım böyük meşəni külə döndərdiyi tək, bəzi günahlar da bütün savabları məhv edir. (Bəqərə, 217) Amma elə yaxşı əməllər də var ki, insanın bütün keçmiş pis əməllərini yuyub aparır. (Təğabun, 9)
     Bir fəhlə müəssisədə illər uzunu səmərəsiz işlədiyi halda, müəssisə rəhbərinin övladını ölümdən qurtarmaqla hörmət qazana bilər. Quran buyurur: «Namaz bütün pislikləri və çirkinlikləri aradan qaldıran yaxşı əməldir». (Hud, 114)
     
     Sual 58: İnsan hansı yolla qəlbini ilahi məhəbbətlə işıqlandıra bilər?
     Cavab: Hər bir məhəbbət insana verilən nemət və ona göstərilən xidmətə diqqətdən asılıdır. İnsan Allahın nemətlərini düşündükcə Ona sevgisi artır.
     Külək, yağış, günəş, dağlar, çəmənlər, qidalar, ailə, övlad, əql, elm, dil, göz, qulaq, gecə, gündüz, ayıqlıq, yuxu, azadlıq, seçim imkanı, yaxşılığa meyl, pisliyə nifrət insan ömrünü iflic vəziyyətdən çıxaran ümumi nemətlərdir. Bilirsinizmi iki-üç gün susuz, yuxusuz, ac qalan insan nə vəziyyətə düşür?!
     Hər bir fərdə əta olunmuş özünəməxsus istedadlar Allahın xüsusi nemətlərindəndir. İnsan öz varlığını diqqətlə nəzərdən keçirsə, kimsədə olmayan xüsusiyyətlərlə rastlaşar.
     Bəli, nemətləri düşünmək insanın qəlbini ilahi eşqlə doldurur, onu Allah qarşısında səcdəyə vadar edir. Bütün bunları nəzərə alaraq Quran ilahi nemətlər barədə düşünməyi tapşırır. (Əraf, 69)
     
     Sual 59: Həyat çətinliklərinin fəlsəfəsi nədir?
     Cavab: Çətinliklər iki qisimdir: Özümüzdən asılı olan çətinliklər və bizdən asılı olmayan çətinliklər.
     Bir çox çətinliklər insanın diqqətsizliyindən yaranır. Əgər bir şəxs öz iqtisadiyyatını düzgün tənzimləməyib iflasa uğrayırsa, özü müqəssirdir.
     Körpəni nəzarətsiz buraxdığımız üçün o, suda batırsa özümüz günahkarıq.
     Sağlamlığına biganə qalıb xəstələnən, yol hərəkəti qanunlarını pozub qəzaya uğrayan, özünü intizamlı apara bilmədiyi üçün təhqir olunan insanların hər biri özü təqsirkardır.
     Bizdən asılı olmayan çətinliklərin bir sıra səbəbləri vardır:
     Çətinliklər insanı inkişaf etdirir. Elmi kəşflər və ixtiralar çətinliklərlə üzbəüz dayandıqda baş tutur.
     Bir çox günahların kəffarəsi məhz acı hadisələrdir. Bu acı hadisələr insan ruhunu möhkəmləndirir.
     İslam peyğəmbəri (s) buyurmuşdur: «Xəstəlik, kasıblıq və ölüm olmasaydı, insanın qüruru sınmaz, o heç zaman baş əyməzdi». (Bihar, c.6, səh.118)
     Başına hadisə gəlmiş insanın kamalı artır, hadisə ötüb keçdikdən sonra o, başqalarının çətinliklərini daha asan anlayır və onlara kömək əlini uzadır.
     
MÜƏLLİF: MÖHSİN QƏRAƏTİ
TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD AZƏRİ
Category: Məsəllər | Added by: IslamQadini (2011-06-18)
Views: 538 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]