«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 2:51 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Cənnət

Cənnət
Mizanul-hikmət 
75. Cənnət
357. Cənnət
Quran:
     «Rəbbiniz tərəfindən bağışlanmanıza, genişliyi səmalar və yer qədər olan və təqvalılar üçün hazırlanmış Cənnətə tələsin». (Ali-İmran, ayə 133)
     Hədis:
     1147. İmam Əli (ə): «Bilin! Mən Cənnət kimi elə bir yer gör¬mə¬dim ki, onu axtaran yuxuya dalsın və Cəhənnəm kimisini də görmədim ki, ondan qaçan yuxuya gedib uyusun». (Nəhcül-bəlağə, xütbə 28)
     1148. İmam Əli (ə): «Cənnət ən üstün məramdır».(Ğurərul-hikəm, hədis 1024)
     1149. İmam Əli (ə): «Cənnət əmin-amanlıq və rahatlıq sarayıdır». (Ğurərul-hikəm, hədis 397)
     358. Sizin canlarınızın Cənnətdən başqa qiyməti yoxdur
     Quran: 
     «Həqiqətən, Allah-Taala möminlərin canlarını və mallarını (satın) aldı ki, (əvəzində) onlara Cənnət nəsib olsun». (Tövbə surəsi, ayə 111)
     Hədis: 
     1150. İmam Əli (ə):«Həqiqətən sizin canlarınızın qiyməti (dəyəri) Cənnətdən başqa bir şey deyil: Onu Cənnətdən başqa heç nəyə satmayın». (Biharul-ənvar, c.78, səh.13, hədis 71)
     359. Cənnətin qiyməti
     1151. İmam Əli (ə): «Cənnətin qiyməti saleh və yaxşı əməldir». (Ğurərul-hikəm, hədis 4698) 
     1152. İmam Əli (ə): «Cənnətin qiyməti qəlbdən dünya məhəbbətini silməkdir».(Ğurərul-hikəm, hədis 4700)
     1153. İmam Sadiq (ə): «Cənnətin qiyməti «la ilahə illallah» sözüdür». (ət-Tovhid, səh.21, hədis 13)
     360. Cənnətə daxil olmağın şərtləri
     Quran:
      «Əgər mömin olan hər bir kişi və ya qadın saleh əməllər yerinə yetirsə, Cənnətə daxil olacaq və onlara xurmanın çərdəyi qədər də zülm edilməyəcək». (Nisa surəsi, ayə 124)
     «Bu həmin Cənnətdir ki, onu təqvalı bəndələrimizə miras verəcəyik». (Məryəm surəsi, ayə 63)
     Hədis: 
     1154. Allahın Peyğəmbəri (s): «Ümmətim daha çox iki şeyə görə Cənnətə daxil olacaq: ilahi təqva və gözəl əxlaq». (əl-Kafi, c.2, səh.100, hədis 6)
     1155. Allahın Peyğəmbəri (s): «Üç şey var ki, onlarla Allahın dərgahına gedən kəs istədiyi qapıdan Cənnətə daxil olacaq: gözəl əxlaqı olan, gizlində və aşkarda Allahdan qorxan, haqq onun tərəfində olsa belə mübahisəni tərk edən şəxs». (əl-Kafi, c.2, səh.300, hədis 2)
     1156. Allahın Peyğəmbəri (s): «Hər biriniz Cənnətə daxil olmaq istəyirmi?» Ərz etdilər: «Bəli, ey Allahın Rəsulu». Peyğəmbər buyurdu: «Arzularınızı qısaldın, ölüm anını gözlərinizin önünə gətirin və Allahdan Allaha layiq olduğu kimi həya edin». (Tənbihul-xəvatir, c.1, səh.273)
     1157. Allahın Peyğəmbəri (s): «Kim dəvənin iki sağımı arasındakı vaxt qədər olsa belə Allah yolunda cihad edərsə, Cənnətə daxil olar». (Mustədrakul-vəsail, c.2, səh.122, hədis1604)
     1158. İmam Sadiq (ə): «Üç əməl var ki, hər kəs onlardan birini yerinə yetirsə Allah-Taala Cənnəti ona vacib edər: kasıb vaxtında ehsan etmək, hamı ilə gözəl rəftar etmək, insaflı olmaq». (əl-Kafi, c.2, səh.103, hədis2)
     361. Cənnət çətinliklərlə bürünübdür
     Quran:
     «Elə düşünürsünüz ki, Allah-Taala sizin aranızdan cihad edən və dözümlü olanları məlum etməmiş Cənnətə daxil olacaqsınız?» (Ali-İmran surəsi, ayə142)
     Hədis: 
     1159. İmam Əli (ə): «Cənnət çətinliklər və məhrumiyyətlərlə qazanılır». (Ğurərul-hikəm, hədis 4204)
     1160. İman Bağır (ə): «Cənnət çətinliklər və səbrlə əhatə olunub. Dünyada çətinliklərə səbr edən Cənnətə daxil olar. Cəhənnəm ləzzətlər və nəfsin istəklərinin əhatəsindədir, ləzzətlərin və nəfsin istəklərinin ardınca gedən Cəhənnəmə gedər». (əl-Kafi, c.2, səh.89,hədis 7)
     1161. İmam Rza (ə): «Cənnəti istəyən və eyni halda çətinliklərə səbr etməyən hər kəs sözsüz ki, özünü ələ salmışdır». (Biharul-ənvar, c.78, səh.356, hədis 11)
     362. Cənnət onlara vacib olan kəslər
     1162. Peyğəmbər (s): «Kim mənə dilini və şəhvətini saxlamağı zəmanət verərsə, mən ona Cənnəti zəmanət verərəm». (Məanil-əxbar, səh.411, hədis 99)
     1163. Allahın Peyğəmbəri (s): «Mənim üçün altı şeyi öhdənizə alın, sizin Cənnətə daxil olmağınızı öhdəmə götürüm. Yalan danışmayın, vədinizə xilaf çıxmayın, sizə əmin olana xəyanət etməyin, gözlərinizi (harama) baxmaqdan çəkindirin, şəhvətinizi cilovlayın, əllərinizi və dillərinizi saxlayın». (Əmali şeyx Səduq, səh.82, hədis 2)
     363. Cənnət onlara haram olan kəslər
     Quran: 
     «Həqiqətən, Allaha şərik qoşana Allah-Taala Cənnəti haram etmişdir və onun yeri Cəhənnəmdir». (Maidə surəsi, ayə 72)
      Hədis: 
     1164. Allahın Peyğəmbəri (s): «Üç şəxsə Cənnət haramdır: (Allaha) minnət qoyana, qeybət edənə, şərab içənə». (əz-Zohdu-lul Hüseyin ibn Səid, səh.9, hədis 17)
     1165. Allahın Peyğəmbəri (s): «Hiyləgər və xəyanətkar Cənnətə daxil olmaz». (Kənzul-ummal, hədis 43777)
     1166. Allahın Peyğəmbəri (s): «Xalqa rəhbər olan kimsə xalqa xəyanət edib hiylə işlədərsə Allah-Taala Cənnəti ona haram edər». (Tənbihul-xəvatir, c.2, səh.227)
     364. Cənnətin qapıları
     Quran:
     «Qapıları onların üzünə açıq olan əbədi Cənnətlər». (Sad surəsi, ayə 72)
     Hədis: 
     1167. Allahın Peyğəmbəri (s): «Həqiqətən, Cənnətin qapıları qılıncların kölgəsindədir».(əd-Durul-Mənsur, c.1, səh.597)
     1168. İmam Əli (ə): «Cənnətin səkkiz qapısı var; bir qapısından peyğəmbərlər və siddiqlər (haqq sözü danışanlar), digərindən şəhidlər və əməli saleh insanlar daxil olacaq. Digər beş qapıdan isə bizim şiələr və bizi sevənlər, qalan bir qapıdan Allahın vahidliyinə şəhadət verən və qəlblərində biz Əhli-Beytə qarşı zərrə qədər düşmənçiliyi olmayan müsəlmanlar Cənnətə keçəcəklər». (əl-Xisal, səh.408, hədis 6)
     365. Cənnətin dərəcələri
     Quran: 
     «Onun yanına imanla gələn və xeyir əməllər görənlər ali dərəcələrə sahibdir». (Taha surəsi, ayə 75)
     Hədis: 
     1169. Allahın Peyğəmbəri (s): «Cənnətdə elə bir dərəcə və məqam var ki, ona yalnız ədalətli rəhbər, qohumları ilə çox əlaqə saxlayan (sileyi-rəhm edən) və səbrli böyük ailə sahibi yetişəcək». (əl-Xisal, səh.93, hədis 39) 
     1170. İmam Əli (ə) Cənnəti vəsf edərək buyurub : «Cənnətin bir-birindən üstün dərəcələri və bir-birindən fərqlənən mənzilləri var». (Nəhcül-bəlağə, xütbə 85)
     1171. İmam Əli (ə): «Bizim şiələrin mənzilləri Cənnət əhlinə sizin səmada gördüyünüz ulduzlar kimi görünəcək». (Ğurərul-hikəm, hədis 3514)
     1172. İmam Səccad (ə): «Həmişə Quran oxu, çünki, Allah-Taala Cənnəti yaratdı və Quranın ayələri qədər ona dərəcələr verdi. Hər kim Quran oxuyarsa, Quran ona deyər:«Oxu və yuxarı qalx». Bu şəxslər Cənnətə daxil olanda yalnız peyğəmbərlər və siddiqlər onlardan ali mərtəbədə olar». (Biharul-ənvar, c.8, səh.133, hədis 39)
     1173. İmam Sadiq (ə): «Cənnət əhlindən (imkan cəhətdən) ən aşağı səviyyədə olan şəxsin vəziyyəti elədir ki, əgər bütün insanlar və cinlər onun qonağı olub, süfrəsindən yeyib-içsələr verdiyi təamdan heç nə azalmaz». (Biharul-ənvar, c.8, səh.120, hədis 11) 
     366. Cənnətə daxil olan birinci şəxs
     1174. Allahın Peyğəmbəri (s): «Allahın yaratdıqlarından Cənnətə hamıdan əvvəl daxil olanlar yoxsullardır». (Kənzul-ummal, hədis 16636) 
     1175. Allahın Peyğəmbəri (s): «Cənnətə daxil olan birinci şəxs şəhid və öz Rəbbinə yaxşı (ixlasla) ibadət edən kimsədir». (Tənbihul-xəvatir, c.1, səh.57)
     1176. Allahın Peyğəmbəri (s): «Cənnətə daxil olan ilk dörd nəfər mən, sən, Həsən və Hüseyndir». (əl-Mucəmul-kəbir, c.1, səh.319, hədis 950)
     1177. İmam Baqir (ə): «Cənnət əhli arasında Cənnətə birinci daxil olanlar xeyir əməl sahibləridır». (Əmali Şeyx Səduq, səh.210, hədis 5)
     367. Cənnət əhli
     1178. Allahın Peyğəmbəri (s): «Sizə Cənnət əhlindən xəbər verimmi? (Cənnət əhli həmən) Məğlubiyyətə uğrayan acizlərdir». (Kənzul-ummal, hədis 39338)
     1179. Allahın Peyğəmbəri (s): «Cənnət əhlinin bədənlərinin tükü az, üzləri tüksüz və gözlərinə sürmə çəkilmişdir. Cavanlıqları heç vaxt aradan getmir, paltarları heç vaxt köhnəlmir». (Kənzul-ummal, hədis39310)
     1180. İmam Əli (ə): «Həqiqətən, hər bir sakit təbiətli, vüqarlı və xoş xasiyyətli mömin Cənnət əhlidir». (Ğurərul-hikəm, hədis 3400)
     368. Cənnətin geniş olması
     1181. Allahın Peyğəmbəri (s): «Dəvə öz sahibindən qaçdığı kimi, Allahın itaətindən qaçanlardan başqa, hamınız Cənnətə daxil olacaqsınız». (Kənzul-ummal, hədis 10221)
     1182. İmam Səccad (ə): «Ey bizim şiələrimiz, Cənnət gec, ya tez mütləq sizə nəsib olacaq, amma onun dərəcələrinə yetişmək üçün bir-birinizlə yarışın». (Biharul-ənvar, c.74, səh.308,hədis 61)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Cənnət | Added by: IslamQadini (2011-04-08)
Views: 1413 | Rating: 5.0/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]