«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 4:25 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » İmamət

İmamət
Mizanul-hikmət
17. İmamət

89. İmamət

Quran:
«Bu gün dininizi kamala yetirdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim». (Maidə, ayə 3)
Hədis:

347. İmam Əli (ə): «İmamət ümmətin (işlərinin) nizamıdır». (Ğurərul-Hikəm, hədis 1095)
348. İmam Baqir (ə): «İslam beş sütun üzərində möhkəmlənib: namaz, zəkat, oruc, həcc və vilayət. Heç bir şeyə vilayət qədər dəvət olunmayıb». (əl-Kafi, c.2, səh.18, hədis 3)
349. İmam Sadiq (ə): «Əgər bəndələr Allah tərəfindən olmayan zalım rəhbəri rəhbər kimi qəbul etsələr Allah onların yerinə yetirdikləri yaxşı əməlləri qəbul etməyəcəkdir». (Nurus-Səqəleyn, c.4, səh.104, hədis 130)
350. İmamKazim (ə): «İmamət nur və işıqdır, Allah-Taalanın «Allaha, Onun Peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin!» (ayəsində) buyurduğu nur! (İmam sonra) buyurdu: Nur həmin imamdır». (Nurus-Səqəleyn, c.5, səh.341, hədis 16)
351. İmam Rza (ə): «Peyğəmbərin (s) ömrünün son ilində yerinə yetirilmiş vida həccində «Bu gün dininizi kamala yetirdim...» (ayəsi) nazil oldu. İmamət məsələsi dinin kamilliklərindəndir». (Nurus-Səqəleyn, c.1, səh.589, hədis 33)
352. İmam Rza (ə): «İmamət İslamın boy atmaqda olan təməli və onun ucaldılmış qoludur». (əl-Kafi, c.1, səh.200, hədis 1)
353. İmam Rza (ə): «İmamət dinin cilovu, müsəlmanların işlərinin nizamı, dünyanın düzəlməsi və abadlığı, möminlərin izzət və başucalığıdır». (əl-Kafi, c.1, səh.200, hədis 1)

90. İmamətin nübüvvətdən üstünlüyü
Quran: «(Yadına sal ki,) İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona «səni insanlara imam təyin edəcəyəm» dedi». (Bəqərə, ayə 124)
Hədis:
354. İmam Sadiq (ə): «Allah-Taala İbrahimi peyğəmbərliyə seçməmişdən qabaq onu bəndəliyə götürdü və onu risalət məqamına seçməmişdən qabaq nübüvvətə çatdırdı. Həmçinin onu dostluğa seçməmişdən qabaq öz rəsulu etdi və onu öz imamı etməmişdən qabaq öz dostu etdi. Bu məqamların hamısını onda toplayandan sonra buyurdu: Mən səni insanların imamı və başçısı təyin etdim». (əl-Kafi, c.1, səh.175, hədis 2)

91. Höccətin (ilahi rəhbərin) zəruriliyi
Höccət (Allah tərəfindən təyin edilmiş ilahi rəhbərlərdir.Allah onları təyin etmişdir ki, Qiyamət günü insanlar bəhanə gətirib
deməsinlər ki,dünyada bizə bir yol göstərən yox idi.)
355. İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Allah yer üzünü alimsiz qoymayıb və əgər belə olmasaydı haqq ilə batil bir-birindən seçilməzdi». (əl-Kafi, c.1, səh.178, hədis 5)
356. İmam Sadiq (ə): «Yer üzü yarandığı gündən heç vaxt insanların unutduqları haqqı dirçəldən, hər şeyi bilən höccətsiz qalmayıb. (İmam Sadiq (ə)) sonra bu ayəni oxudu: «Öz ağızları ilə Allahın nurunu söndürmək istəyirlər...» (Biharul-Ənvar, c.23 səh.37, hədis 65)

92. Höccət tanınmış imamdır
357. İmam Sadiq (ə): «Allahın yaratdıqlarına höccəti tanınmış imamsız bərqərar olmaz». (əl-Kafi, c.1, səh.177, hədis 2) (Hədisin ərəbcə olan mətnində işlənmiş لم يعرف felinin fail əvəzləyicisi barəsində bir neçə ehtimal var: Allah , imam, haqq və batil. Amma biz bəhsin Adı ilə əlaqədar ikinci ehtimalı daha düzgün sayırıq. (tərcüməçi))
93. Bəzən höccət qorxu içində və ya naməlum olur
358. İmam Əli (ə): «Bəli, elədir! Yer üzü Allahın yaratdıqlarına höccətlərini bərqərar edən kəsdən istər aşkar və məhşur olsun, istərsə də qorxu içində və naməlum - boş olmur ki, Allahın dəlil və sübutları aradan getməsin». (Biharul-Ənvar, c.23, səh.46, hədis 91)
359. İmam Baqir (ə): «Yer üzü imamsız - istər aşkar olsun və ya gizlin qalmır».
(Biharul-Ənvar, c.23, səh.23, hədis 26)

94. İmam olmasa yer üzü bir-birinə dəyər
360. İmam Sadiq (ə): «Əgər yer üzü imamsız qalsaydı bir-birinə dəyər, dağılardı». (əl-Kafi, c.1, səh.179, hədis 10)
361. İmam Sadiq (ə): «Yer üzündə həmişə höccət mövcuddur. Çünki insanları höccətdən başqa bir şey islah etməz və yer üzünü ondan başqa bir şey abadlaşdırmaz». (Biharul-Ənvar, c.23, səh.51, hədis 101)
95. Hər bir ümmət öz imamı ilə çağrılacaqdır
Quran:
«Elə bir gün ki, (Qiyamət günü) bütün insanları öz imamları ilə birlikdə çağıracağıq». (İsra, ayə 71)
Hədis:

362. İmam Sadiq (ə): «Qiyamət günü …. Allah-Taaladan nida gələr ki, kim dünya evində imama tabe olubsa, gərək onun arxasınca imamı aparılan yerə getsin. Həmin vaxt: «tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq, üz döndərəcəklər». (Biharul-Ənvar, c.8, səh.10, hədis 3)
96. İmamı tanımaq
363. Allahın Peyğəmbəri (s): «Kim imamını tanımamış ölsə cahiliyyət ölümü ilə ölüb».
(Biharul-Ənvar, c.23, səh.76, hədis 1)
364. Allahın Peyğəmbəri (s): «Kim imamı olmadan ölsə cahiliyyət ölümü ilə ölüb». (Kənzul-Ummal, hədis 464)
365. İmam Hüseyndən (ə) Allahı tanımaq barəsində sual soruşularkən buyurmuşdur:«Hər bir zamanın insanlarının tabe olmalı imamı tanımaları (Allahı tanımalarına səbəb olar. Çünki Allahı tanımaqla onun tərəfindən olan məsum imamın tanınması arasında sıx bağlılıq mövcuddur)».
(Biharul-Ənvar, c.23, səh.83, hədis 22)
366. İmam Sadiq (ə) «Kimə hikmət əta edilsə…. « (ayəsi) barəsində buyurmuşdur: «(Hikmət) Allaha tabe olmaq və imamı tanımaqdır». (əl-Kafi, c.1, səh.185, hədis 11)
367. İmam Sadiq (ə): «İmam Allah-Taala ilə Onun yaratdıqları arasında olan bir bələdçidir. Onu tanıyan mömin, inkar edən isə kafirdir». (Biharul-Ənvar, c.23, səh.88, hədis 32)
368. İmam Sadiq (ə): «Kim bizi tanımasa və bizi inkar da etməsə, o, Allahın ona vacib etdiyi hidayətə, yəni bizə tabe olmağın zəruriliyənə qayıdana kimi azğındır. Əgər o, azğınlıq halında ölsə Allah onunla özü istədiyi kimi rəftar edəcək». (əl-Kafi, c.1, səh.187, hədis 11)

97. İmamətin şərtləri və imamın xüsusiyyətləri
Quran:
«Səbr etdiklərinə və bizim ayələrimizə və nişanələrimizə yəqinlikləri olduğu üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik». (Səcdə, ayə 24)
«Doğru yola yönəldən kəs ardınca getməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs?» (Yunus, ayə 35)
«Allah onu sizin üçün seçmiş, elm və bədəncə ona üstünlük vermişdir». (Bəqərə, ayə 35)
Hədis:

369. İmam Əli (ə): «Bu işi (imaməti) ancaq səbr əhli olan, gözüaçıq və işlərdən baş çıxaran kəs çiyinlərində çəkə bilər». (Nəhcül-Bəlağənin şərhi, c.7, səh.36)
370. İmam Əli (ə): «İmam və rəhbər gərək haqq yolunda ağıllı fikrə, iti dilə və coşqun qəlbə malik olsun». (Ğurərul-Hikəm, hədis 11010)
371. İmam Əli (ə): «Özünü camaatın rəhbəri etmiş kəs başqalarını öyrətməmişdən qabaq özünü öyrətməli və (başqalarını) söz ilə ədəbləndirməmişdən qabaq əməl ilə özünü ədəbləndirməlidir». (Nəhcül-Bəlağə, hikmət 110)
372. İmam Əli (ə): «Allahın əmrini (ilahi hökmün icrasında) bac verməyən, geri çəkilməyən və (şəxsi) mənafe dalınca getməyən kəsdən başqa heç kəs icra və bərpa edə bilməz».( Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.220 və 274)
373. İmam Əli (ə): «İtaəti vacib olan imamın vilayətinin böyük sərhədləri bunlardır: Məlum olmalıdır ki, o səhvdən, büdrəmədən, bilərəkdən edilən günahdan, ümumiyyətlə bütün günahlardan - istər böyük olsun istərsə, də kiçik - uzaqdır, pak və müqəddəsdir. O, nə büdrəyər, nə səhv edər.O, dinin devrilməsinə heç cür qol qoymaz, heç vaxt əyyaşlıq və kef etməz, Allahın halal-haramına, Onun vaciblərinə, müstəhəbbilərinə və (digər) hökmlərində insanların ən biliklisidir,o heç kəsə möhtac deyil, amma başqaları ona möhtacdır, o insanların ən səxavətli və ən şücaətlisidir». (Biharul-Ənvar, c.68, səh.389, hədis 39)
374. İmam Əli (ə): «Bildiniz ki, müsəlmanların namus, can, qənimət, hökumət və rəhbərlik işlərini xəsis adama tapşırmaq olmaz. Çünki o, onların mallarına həris olar. Həmçinin nadana tapşırmaq olmaz, çünki o da öz nadanlığı nəticəsində onları azdırar. Eləcə də rəhmsiz və zülmkara! Çünki o da öz rəhmsizliyi ilə müsəlmanları möhtac olduqları şeylərdən məhrum edər. (İbn Əbil Hədid bu ifadələrin şərhində yazır: «Çünki camaat rəhmsiz və zülmkar hökmdarlardan qorxduqları üçün ehtiyaclarını həll etmək üçün onlara müraciət etmirlər.» Mərhum Feyz həmin cümlələri belə tərcümə edib: ……ki, zülm və sitəm ilə müsəlmanları biçarə və dərdli edər.
Malların bölüşdürülməsini ədalətsiz adama da tapşırmaq olmaz. Çünki o, bir dəstəyə bağışlayar, bir dəstəni isə məhrum edər. (Mərhum Feyz bu cümlələri belə tərcümə edir:... nə də günlərin dəyişməsindən qorxan kimsəyə ki, bir dəstə ilə yoldaşlıq edərək digər bir dəstəni xar edir). Nə də qəzavət edəndə rüşvət alana ki, camaatın hüqüqlarını tapdalayar və haqqı sahiblərinə çatdırmaqda səhlənkarlıq edər və nə də sünnəni tərk edən kəsə ki, ümməti məhvə aparar». (Nəhcül-Bəlağə, xütbə 131 )
375. İmam Hüseyn (ə) küfəlilərə yazdığı məktubunda buyurmuşdur: «Öz canıma and olsun ki, imam və rəhbər yalnız o kəsdir ki, Allahın kitabı əsasında hökm çıxarır, ədaləti bərqərar edir, haqq dinə tabedir və Allah qarşısında nəfsini cilovlayır». (əl-İrşad, c.2, səh.39)
376. İmam Baqir (ə) imamın nişanəsinin izahında buyurmuşdur: «Ha¬lal¬zadə və gözəl tərbiyəyə malik olmalı və əyyaşlıqla məşğul olmamalıdır». (əl-Kafi, c.1, səh.285, hədis 4)
377. İmam Rza (ə) imamın xüsusiyyətləri barəsində buyurmuşdur: «İmam rəhbərlikdə bacarıqlı, siyasətdən və ölkənin idarəçiliyindən xəbərdar olmalıdır». (əl-Kafi, c.1, səh.202, hədis 1)

98. Allahın haqq rəhbərlərə vacib etdiyi şeylər
378. İmam Əli (ə): «Allah məni öz yaratdıqlarının imam və başçısı etdi. Buna görə də mənə yeyib-içmək və geyimimdə yoxsullar kimi olmağımı əmr edib ki, yoxsul öz yoxsulluğunda mənimlə təsəlli tapsın, varlını öz zənginliyi azğınlıq və itaətsizliyə çəkməsin». (Biharul-Ənvar, c.40, səh.336, hədis 17)
379. İmam Əli (ə): «Həqiqətən imama Allahın onun öhdəsinə qoyduğu şeylərdən başqa heç nə vacib deyil(və onlar ibarətdir): moizə və öyüd-nəsihət verməkdə səhlənkarlıq etməməli, xeyirxahlıq istiqamətində çalışmalı, sünnəni dirçəltməli, layiq olan kəslər barəsində Allahın müəyyənləşdirdiyi ilahi hədd və cəzaları icra etməli və (beytül-maldan olan) payları payı olan kəslərə çatdırmalıdır». (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.167)

99. İmamla ümmətin qarşılıqlı haqları
380. İmam Əli (ə): «İmam Allahın kitabı əsasında hökm çıxarmaq və əmanəti sahibinə qaytarmaq vəzifəsi daşıyır. O belə edəndən sonra camaatın vəzifəsi onun sözlərinə qulaq asmaq, əmrlərinə tabe olmaq və onları (hər hansı bir işə) çağıranda (çağırışına) cavab verməkdir». (Kənzul- Ummal, hədis 14313)
381. İmam Əli (ə): «Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın.
Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir. Beləliklə, mən belə etdikdən sonra Allahın neməti sizə vacib olur və sizin mənə tabe olmağınız vacibdir». (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.17, səh.16)

100. İmamlarınız sizin nümayəndələrinizdirlər
382. Allahın Peyğəmbəri (s): «Həqiqətən sizin imamlarınız Allah yanındakı nümayəndələrinizdir. Odur ki, din və namazınızda kimləri nümayəndə olaraq göndərdiyinizə diqqət edin». (Biharul-Ənvar, c.23, səh.30, hədis 46)
383. Allahın Peyğəmbəri (s): «İmamlarınız sizi Allaha tərəf aparan bələdçilərinizdirlər. Buna görə də din və namazlarınızda kimə iqtida etməyinizə diqqət edin». (Biharul-Ənvar, c.23, səh.30, hədis 46)

101. Haqq imamdan başqasına tabe olmaq
384. İmam Baqir (ə): «Allah-Taala buyurub: «İslam rəiyyətindən kim qeyri-ilahi zalım rəhbərin hakimiyyətini qəbul etsə, ona mütləq əzab verəcəyəm». (əl-Kafi, c.1, səh.376, hədis 4 )
385. İmam Sadiq (ə): «Kim qeyri-ilahi rəhbəri imaməti Allah tərəfindən olan imamla şərik etsə Allaha şərik qoşub». (əl-Kafi, c.1, səh.373, hədis 6)

102. Cəhənnəmə aparan rəhbərlər
Quran:
«Biz onları Cəhənnəmə çağıran rəhbərlər etdik». (Qəsəs, ayə 41)
Hədis:
386. İmam Əli (ə): «Allah yanında ən pis adam özü azğın olduğu halda ca¬maatı da azğınlığa salan zülümkar rəhbərdir. Çünki o əməl olunan sün¬nə¬ni öldürür və tərk edilmiş və atılmış büd’əti dirildir. Allahın Peyğəmbərinin be¬lə buyurduğunu eşitmişəm: «Qiyamət günü zülmkar rəhbər bir arxa və ha¬misi olmadan gətiriləcək. Beləliklə, Cəhənnəm oduna atılacaq və orada də¬yirman daşı kimi fırlanacaq. Sonra Cəhənnəmin dibində zəncirlənə¬cək¬dir». (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh.261)

103. İmamət iddiaçısı
387. İmam Baqir (ə) «Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən» (ayəsi) barəsində buyurmuşdur: «O, imam olmadığı halda «mən imamam» deyən kəsdir». (əl-Kafi, c.1 səh.372, hədis 1)
388. İmam Sadiq (ə): «Layiq olmadığı halda imamət iddiası edən kəs kafirdir». (Biharul-Ənvar, c.25, səh.112, hədis 7)

104. Allah-Taalaya itaət etməyən kəsə tabe olmaq olmaz
Quran:
«Onlar deyəcəklər: «Pərvərdigara! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar». (Əhzab, ayə 67)
Hədis:

389. Allahın Peyğəmbəri (s): «Allaha itaət etməyən kəsə tabe olmaq olmaz». (Kənzul-Ummal, 14872)
390. Allahın Peyğəmbəri (s): «Ey Əli! Dörd şey insanın belini qırar: Özü Allaha itaət etmədiyi halda başqalarının ona itaət etdiyi rəhbər….» (əl-Xisal səh.206, hədis 24)
391. İmam Əli (ə): «Allahın Peyğəmbəri bir qoşun göndərdi və bir nəfəri onların başçısı təyin etdi. Qoşuna onun göstərişlərinə tabe olmağı və ona itaət etməyi tapşırdı. Həmin şəxs ocaq qalayıb qoşuna özlərini onun içinə atmaq göstərişi verdi. Onların bir dəstəsi oda girməkdən imtina edərək dedi: «Biz oddan qorxuruq. Başqa bir dəstə isə oda girmək qərarına gəldi. Bu xəbər Allahın Peyğəmbərinə çatdı». O Həzrət buyurdu: «Əgər onlar oda daxil olsaydılar həmişə odda qalardılar. Sonra buyurdu: «Allaha itaətsizlik məsələsində heç kəsə tabe olmaq olmaz, bəlkə yaxşı işlərdə (əmrə) tabe olmaq lazımdır». (Tənbihul-Xəvatir, c.1, səh.51)

105. Hər bir zalım rəhbərin qarşısında qiyam etmək vacibdir
392. Allahın Peyğəmbəri (s): «İslamın dəyirman daşı tezliklə hərəkətə gələcəkdir. Onda siz Quranın oxu ətrafında fırlanın. Hökmdarla Quranın bir-birinə qarşı vuruşmaları və bir-birindən ayrılmaları yaxındır. Tezliklə sizə elə şahlar hakim olacaqlar ki, sizə bir cür, özləri üçün isə başqa cür hökm edərlər. Əgər onlara tabe olsanız sizləri azdırarlar və əgər onlara qarşı itaətsizlik etsəniz sizi öldürərlər».
Dedilər: «Ey Allahın Peyğəmbəri! Həmin zamanda nə edək? Buyurdu: «İsanın əshabı kimi olun.Onları oraq ilə doğradılar və dar ağacından asdılar. (Allahın) itaət(in)də ölmək günah içində yaşamaqdan daha yaxşıdır». (Əd-durrul-Mənsur, c.3, səh.125)

106. Qiyamdan çəkinməyə səbəb olan amillər
393. İmam Baqir (ə): «Əgər imama kömək etmək üçün «Bədr» əhlinin sayı qədər adam toplaşsa, ona qiyam etmək və vəziyyəti dəyişdirmək vacibdir». (Biharul-Ənvar, c.100, səh.49, hədis 18)
394. İmam Sadiq (ə): «Ey Sudeyr! And olsun Allaha, əgər şiələrimin sayı bu keçi balalarının sayı qədər olsaydı, oturmağı rəva bilməzdim. (Sudeyr deyir:) Biz endik və namaz qıldıq. Namaz qurtaranda keçi balalarına nəzər salıb onları saydım, on yeddi baş idilər». (əl-Kafi, c.2, səh.243, hədis 4)

107. İmamın seçilməsi
395. İmam Mehdi (ə) Səd ibn Abdullah Quminin «camaat nə üçün özü üçün imam seçə bilməz?» sualının cavabında buyurmuşdur: «Həmin imam saleh əməl sahibi olacaq, yoxsa pis əməl sahibi?» Dedim: «Saleh əməl sahibi». Buyurdu: «Onu seçənlərin heç biri onun zehnindən nələr keçdiyini bilmədiyi üçün ola bilərmi ki, həmin şəxs pis əməl sahibi çıxsın?» Dedim:« Bəli». Buyurdu: «Səbəb budur». (Nurus-Səqəleyn, c.2, səh.76, hədis 283)
108. Səqəleyn hədisi
396. Allahın Peyğəmbəri (s): «Mən sizin aranızda iki qiymətli şey qoydum. Nə qədər ki, onlardan möhkəm yapışacaqsınız, məndən sonra heç vaxt azmayacaqsınız. Onlardan biri digərindən daha böyük və üstündür. (Biri) Allahın kitabıdır ki, o göydən yerə uzanmış və birləşmiş ipdir. (İkincisi) mənim itrət və Əhli-Beytimdir. Bilin ki, bu iki şey, hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmaz». (Biharul-Ənvar, c.23, səh.106, hədis 7)

109. Əhli -beytə tabe olmağın vacibliyi
397. Allahın Peyğəmbəri(s): «Həqiqətən mənim Əhli-Beytim sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən nicat tapar və ondan üz döndərən suda batıb boğular». (Biharul-ənvar, c.23, səh.105,hədis 3)
398. İmam Əli (ə): «Öz Peyğəmbərinizin Əhli-Beytinə baxın, onların yolu ilə gedin və arxalarınca hərəkət edin. Çünki onlar sizi heç vaxt doğru yoldan azdırmaz və heç bir həlakətə salmazlar. Əgər onlar otursalar, siz də oturun və dursalar siz də durun». (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.76)
399. İmam Əli (ə): «Bilin! Məhəmmədin (s) Əhli-Beyti göydəki ulduzlar kimidir.Onlardan biri yox olanda digər bir ulduz zahir olar. Buna görə də sanki Allahın nemətləri sizin aranızda kamilləşib və O, arzu etdiyiniz şeyləri sizə verib». (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.84)
400. İmam Əli (ə): «Bizik nübüvvət ağacı və risalətin nazil olma yeri, mələklərin get-gəl yeri, elm mədənləri və hikmət çeşmələri!» (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.7, səh.218)
401. İmam Əli (ə): «Həqiqətən imamlar Allah tərəfindən insanların işlərini idarə edənlər və Onun bəndələri barəsində (əmrlərinin) icraçılarıdır. Cənnətə onları tanıyan və onların da tanıdıqları kəslərdən başqa heç kəs daxil olmaz və Cəhənnəmə yalnız onları inkar edən və onların da inkar etdikləri kəs daxil olar». (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9 səh.152)
402. İmam Əli (ə): «Biz yolun ortasında olan söykənəcəyik. Geridə qalan özünü ona çatdırar və çox qabağa keçən ona tərəf qayıdar». (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.273)
403. İmam Sadiq (ə) imamların vəziyyətləri və onların xüsusiyyətlərini açıqlayarkən buyurmuşdur: «Allah onları insanların həyatı (həyat amili), qaranlıqların çıraqları, söz açarları və İslamın sütunları edib». (əl-Kafi, c.1, səh.204, Hədis 2)

110. Əhli-Beytə qarşı özbaşına davranılmasının səbəbi
404. İmam Əli (ə): «Bizim nəsəbimiz üstün və Peyğəmbərlə (s) bağlılığımızın daha möhkəm olmasına baxmayaraq xilafət məsələsində bizimlə özbaşına və təcridedici rəftar edilməsinin səbəbi, xilafətin rəğbət bəslənilən və cazibəli olması idi. Bir dəstə həriscəsinə ondan yapışdı və bir dəstə (Əhli-Beyt) səxavətlə ondan keçdi. (Bizimlə onlar arasında) hakim Allahdır». (Nəhcül-Bəlağə, xütbə 162)

111. Əhli-Beyt baxımından hökumətin fəlsəfəsi
405. İmam Əli (ə): «Allahım! Sən özün bilirsən ki, bizdən baş verənlər nə qüdrət əldə etmək üçün aparılan rəqabətə görə idi, nə də dünya malından bir şey əldə etmək üçün. Əksinə, biz Sənin zülmə məruz qalmış bəndələrinin əmin-amanlıq və rahatlıq tapmalarını və icra edilməyən hədd və hökmlərinin yenidən icra edilməsi üçün Sənin dininin nişanələrini öz yerinə qaytarmaq və Sənin vilayətlərində abadlığı üzə çıxarmaq istəyirdik». (Nəhcül-Bəlağə, xütbə 131)

112. Parçalanma qorxusu
406. İmam Əli (ə): «And olsun Allaha əgər müsəlmanların pərakəndə olmaları, küfrə qayıtmaları və dində nöqsan yaranması qorxusu olmasaydı, imkanımız olan qədər mövcud şəraiti dəyişdirərdik». (Əmali-Mufid, səh.155, hədis 6)

113. On iki imam
407. Allahın Peyğəmbəri(s): «Nə qədər ki, camaata on iki kişi hakimdir, onların işləri qaydasında olar….. Onların hamısı Qüreyşdəndir». (Səhih-Müslim, hədis 1821)
408. Allahın Peyğəmbəri(s): «Mənim canişinlərimin sayı Musanın tayfa başçılarının sayı qədərdir». (Kənzul-Ummal, hədis 14971)

114. İmamın elmi
409. İmam Sadiq (ə): «Əli (ə) alim idi və elm irsi olaraq keçir. Alim öləndən sonra mütləq onun elmini və ya Allahın istədiyini bilən bir nəfər qalır». (əl-Kafi, c.1, səh.221, hədis 1)
410. İmam Sadiq (ə): «And olsun Allaha mən Allahın kitabını əvvəldən axıra kimi elə bilirəm, sanki o mənim ovcumdadır. Quranda göy və yerin, keçmiş və gələcəyin xəbəri vardır. Allah-Taala buyurub: «Quranda hər bir şeyin bəyan və izahı vardır». (əl-Kafi, c.1, səh.229, hədis 4)( Nəhl surəsinin 89-cu ayəsinə işarədir)
411. İmam Rza (ə): «Allah-Taala bəndələrinin işlərinin idarəsi üçün birini seçəndə ona könül genişliyi verər, qəlbinə hikmət çeşmələri cari edər və ona elm və bilik ilham edər ki, ondan sonra heç bir sualda aciz və doğru yolu tapmaqda məəttəl qalmasın». (əl-Kafi, c.1, səh.202, hədis 1)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: İmamət | Added by: IslamQadini (2010-05-31)
Views: 868 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]