«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 9:00 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Məhəbbət

Məhəbbət
Mizanul-hikmət 
85. Məhəbbət
414. Dostluq bir növ qohumluqdur
1315. İmam Əli (ə): «Dostluq qazanılan qohumluqdur».(Tuhəful-uqul, səh.97)
     1316. İmam Əli (ə): «Qohumluğun dostluğa daha çox ehtiyacı var, nəinki dostluğun qohumluğa». (Nəhcül-bəlağə, hikmət308)
     415. Dostluq yaradan səbəblər
     1317. İmam Əli (ə): «Üç xasiyyət dostluğu çəkib gətirər: gözəl əxlaq, mehribanlıq və təvazökarlıq».(Ğurərul-hikəm, hədis 4684)
     1318. İmam Sadiq (ə): «Üç şey dostluq yaradar; dindarlıq, təvazökarlıq və səxavət». (Tuhəful-uqul, səh.316)
     416. Dostluğa layiq olmayanlar
     Quran: 
      «Allaha və Qiyamət gününə inanan elə bir camaat tapmazsan ki, Allaha və Onun peyğəmbərinə qarşı çıxanlara məhəbbət bəsləsin. Hərçənd, bu müxaliflər onların ataları, ya övladları və ya qardaşları və yaxud həmqəbilələri olsalar belə. Onlardır, Allah-Taalanın qəlblərində iman (həqiqətin) həkk etdiyi». (Mücadilə surəsi, ayə 22)
     Hədis: 
     1319. İmam Əli (ə): «Avam insanın dostluğu dağılan buluda və səhrada gözdən itən ilğıma bənzər». (Ğurərul-hikəm, hədis 9872)
     1320. İmam Əli (ə): «Bədəməl insanların dostluq ipləri, hər bir başqa dostluqdan daha tez qırılar». (Ğurərul-hikəm, hədis 3124)
     1321. İmam Əli (ə): «Məbada, Allahın düşmənləri ilə dostluq edəsən, ya da qəlbini Allahın dostlarından qeyrisinə bağlayasan. Çünki, Qiyamət günü hər kəs sevdiyi insanlarla birgə məhşər ayağına çəkiləcək». (Ğurərul-hikəm, hədis 2703)
     417. Məhəbbət tanımağın qarşısını alar
     1322. Allahın Peyğəmbəri (s): «Bir şeyə məhəbbətin səni kor və kar edər». (Əvaliul-Lali, c.1, səh.290, hədis 149)
     1323. İmam Əli (ə): «Aşiqin gözü məşuqun eyblərini görməyə kor, qulağı onun pislikləri barədə eşitməyə kardır». (Ğurərul-hikəm, hədis 6314)
     418. Məhəbbətin nişanəsi
     1324. İmam Əli (ə): «Səni sevən kəs, (səni) pisliklərdən çəkindirər». (Ğurərul-hikəm, hədis 7718)
     1325. İmam Əli (ə): «Hər kəsin sevdiyi şey onun dilinin əzbəri olar». (Ğurərul-hikəm, hədis 7851)
     419. Möminlərin Allaha böyük məhəbbəti
     Quran: 
     «De: Əgər sizin atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohum-əqrəbanız, qazandığınız mal-dövlətiniz, kasadlığından qorxduğunuz ticarət və xoşunuza gələn evləriniz sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən daha əzizdirsə, onda Allahın əmrini gözləyin. Allah fasiqləri doğru yola yönəltməz». (Tövbə surəsi, ayə 24) 
     «Bəzi insanlar (bəzilərini) Allaha tay bilir və onları Allahı sevdikləri qədər sevirlər. Amma möminlər Allahı daha çox sevirlər. Zülm edənlər Allahın əzabını görəndə bütün güc-qüdrətin yalnız Allaha məxsus olduğunu və hər an Allahın əzabının çox ağır olduğunu dərk edirlər». (Bəqərə surəsi, ayə165)
     Hədis: 
     1326. İmam Hüseyn (ə) duada: «Ey Allahım, Səndən başqa bir kimsəni sevməsinlər deyə Öz dostlarının qəlbindən başqalarının məhəbbətini çıxaran Sənsən, … Səni itirən nəyi tapmışdır? Səni tapan nəyi itirmişdir? Sənin əvəzinə başqası ilə razı olan zərər edib uduzmuşdur». (Biharul-ənvar, c.98, səh.226, hədis 3)
     1327. İmam Sadiq (ə): «İnsanın Allaha olan imanı yalnız o zaman xalis olar ki, Allahı özündən, ata-anasından, övladından, zövcəsindən, malından və bütün camaatdan daha çox sevsin». (Biharul-ənvar, c.70, səh.25, hədis 25)
     1328. İmam Sadiq (ə): «Qəlb-Allahın hərəmidir. Allahın hərəmində Allahdan qeyrisinə yer vermə». (Camiul-əxbar, səh.518, hədis 1468)
     1329 İmam Sadiq (ə): «(Allaha) Məhəbbət (Allahdan olan) qorxudan üstündür». (əl-Kafi, c.8, səh.129, hədis 98)
     420. İlahi məhəbbətin amilləri
     1330. «İrşadul qulub»: Merac hədisində nəql olunur ki, «Ey Məhəmməd! Mənə görə biri-birinə məhəbbət bəsləyənlərin Mənim məhəbbətimə haqları var. Mənə görə öz aralarında mehriban olanların Mənim məhəbbətimə haqları var. Mənə görə biri-biri ilə əlaqə yaradanların Mənim məhəbbətimə haqları var. Mənə təvəkkül edənlərin mənim məhəbbətimə haqları var. Mənim məhəbbətimin nə bir nişanəsi, nə sonu, nə həddi var. Onlar üçün bir nişanə ucaltsam, bir nişanə də endirərəm». (İrşadul-qulub, səh.199)
     1331. İmam Sadiq (ə): «Allah-Taala buyurmuşdur:«Bəndəm Mənim məhəbbətimi onun üçün vacib etdiyim əməllər qədər heç bir digər sevimli vasitə ilə qazana bilməz».(əl-Kafi, c.2, səh.82, hədis 5)
     1332. İmam Sadiq (ə): «Mömin dünyadan kənar duran zaman ali məqama yüksələr, Allah məhəbbətinin şirinliyini dadar və dünyapərəstlərin nəzərində divanə kimi tanınar. Halbuki, Allah məhəbbətinin şirinliyi onların (möminlərin) vücudu ilə qarışmışdır və buna görə qəlblərini Allahdan başqa heç bir şeyə bağlamamışlar». (əl-Kafi, c.2, səh.130, hədis 10)
     421. Allahın sevdiyi bəndələr
     Quran:
     «Həqiqətən, Allah yaxşı əməl sahiblərini sevir». (Bəqərə surəsi, ayə 195)
     «Həqiqətən, Allah tövbə edənləri və pak olanları sevər». (Bəqərə surəsi, ayə 222)
     «Bəli, kim əhdinə vəfalı olsa və Allahdan qorxsa... Həqiqətən, Allah təqvalıları (Allahdan qorxanları) sevər». (Ali-İmran, ayə 76)
     «Həqiqətən, Allah dözümlüləri sevər». (Ali-İmran, ayə 146)
     «Həqiqətən, Allah təvəkkül edənləri sevər». (Ali-İmran, ayə 159)
     «Allah-Taala ədalətli olanları sevər». (Maidə surəsi, ayə 42)
     «Həqiqətən, Allah-Taala qurğuşunla hörülmüş divar kimi sıraya düzülərək Allah yolunda cihad edən kəsləri sevər». (Səf surəsi, ayə 4)
     Hədis:
     1333. Allahın Peyğəmbəri (s): «Allah həyalı, təmkinli, namuslu və iradəli insanı sevər».(əl-Kafi, c.2, səh.112, hədis 8)
     1334. İmam Səccad (ə): «Allah hər bir kədərli qəlbi və hər şükr edən bəndəni sevər».(əl-Kafi,c.2, səh.99, hədis 30)
     1335. İmam Baqir (ə): «Allah-Taala dilinə pis sözlər gətir¬mə¬dən camaatla zarafat edən, tovhid əqidəsində olan, səbri öz vü¬cu¬du¬nun zinətinə çevirən və namaz qılmaqla fəxr edən kimsəni sevər». (əl-Məhasin, c.1, səh.456, hədis 1056)
     422. Allahın sevmədiyi kəslər
     Quran: 
     «Sizinlə müharibə edən kəslərlə, siz Allah yolunda müharibə edin, amma (Allahın qoyduğu) həddi aşmayın. Allah həddini aşanları sevməz». (Bəqərə surəsi, ayə 190)
     «Allah fəsad törədənləri sevməz». (Maidə surəsi, ayə 64) 
     «Həqiqətən, Allah israf edənləri sevməz». (Ənam surəsi, ayə 141)
     «Həqiqətən, Allah təkəbbürlüləri sevməz». (Nəhl surəsi, ayə 23)
     423. Allahın ən çox sevdiyi insanlar
     1336. Allahın Peyğəmbəri (s): «Allahın ən sevimli bəndələri insanlar üçün daha xeyirli olanlar və Allahın haqqını yerinə yetirməyə daha çox çalışanlar, həmişə xeyir işlər görmək və yaxşılıq etmək istəyənlərdir». (Tuhəful-uqul, səh.49)
     1337. İmam Sadiq (ə): «Allahın ən çox sevdiyi insan doğru danışan, namazında və Allahın ona vacib etdiyi əməllərdə diqqətli olan və əmanəti sahibinə qaytarandır». (Əmali Şeyx Səduq, səh.243, hədis 8)
     424. Allah məhəbbətinin nişanələri
     Quran:
     «(Ey Peyğəmbər) De: Əgər Allahı sevirsinizsə mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mehribandır». (Ali-İmran surəsi, ayə 31)
     Hədis: 
     1338. İmam Əli (ə): «Allah-Taala bəndəni sevən zaman ibadət məhəbbətini onun qəlbinə salar». (Ğurərul-hikəm, hədis 4066)
     1339. İmam Sadiq (ə): «Allahın məhəbbətini hiss etdiyindən sevinən bəndə gərək Allahın əmrinə itaət etsin və bizə tabe olsun. Məgər Allahın öz Peyğəmbərinə «De: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və…» buyurduğunu eşitməmisən?» (əl-Kafi, c.8, səh.14, hədis 1)
     425. Allah yanında bəndənin məqamının meyarı
     1340. İmam Sadiq (ə): «Allah yanında öz məqamını bilmək istəyən kəs, Allahın onun yanında məqamına baxsın. Çünki, bəndənin Allah yanında məqamı, Allahın bəndənin qəlbində olan məqamı qədərdir». (Biharul-ənvar, c.71, səh.156, hədis 74)
     426. İnsanda ilahi məhəbbətin nişanəsi
     1341. Allahın Peyğəmbəri (s): «İnsanda Allah məhəbbətinin nişanəsi daim Allahı zikr etmək istəyi və Allaha məhəbbətin olmamasının əlaməti Allahı zikr etməkdən xoşu gəlməməsidir». (Kənzul-ummal, hədis 1776)
     1342. İmam Sadiq (ə): «Allah-Taala Musa peyğəmbərə (s) vəhy nazil etdi: Gecə düşdükdə ibadətimdən qafil olub yuxuya gedən kəs, əgər Məni sevdiyini güman edərsə, yalan söyləmişdir. Məgər aşiq öz sevgilisi ilə bir xəlvətə çəkilmək istəməzmi?!» (Əmali Şeyx Saduq, səh.292, hədis 1)
     427. Ən ali məqam
     1343. Allahın Peyğəmbəri (s): «Bəndəm vacib buyurulanları yerinə yetirmək qədər heç bir digər sevimli vasitələrlə Mənim məhəbbətimi qazana bilməz. Bəndəm müstəhəb əməllər vasitəsilə Mənim məhəbbətimə o dərəcədə zəmin yaradar ki, mənim məhbubuma çevrilər. Elə ki, onu sevdim dönüb onun eşidən qulağı, görən gözü, danışan dili, qüvvətli əli və yeriyən ayağı olaram. Məni çağıran zaman ona cavab verər, Məndən nə istəsə ona bəxşiş edərəm». (əl-Məhasin, c.1, səh.454, hədis 1047)
     428. Allah məhəbbəti ilə dünya məhəbbətinin bir yerə sığmaması
     1344. Allahın Peyğəmbəri (s): «Dünya məhəbbəti ilə Allah məhəbbəti heç vaxt bir qəlbdə cəm ola bilməz». (Tənbihul-xəvatir, c.2, səh.122)
     1345. İmam Sadiq (ə): «And olsun Allaha, dünyanı sevən və bizdən (Əhli-Beytdən) qeyrisinin məhəbbətinə qəlbində yer verən kəs, Allahı sevməmişdir». (əl-Kafi, c.8, səh.129, hədis 98)
     429. Allah məhəbbətinin yaranmasına həvəsləndirmək
     1346. Allahın Peyğəmbəri (s): «Allah-Taala Davuda (ə) buyurdu: «Məni sev və xəlq etdiklərimə Məni sevdir». Davud (ə) ərz etdi: «Ey Rəbbim! Mən ki, Səni sevirəm, amma yaratdıqlarına Səni necə sevdirim». Buyurdu: «Onlara bəxş etdiyim nemətləri yadlarına sal. Yaxşılıqlarımı yadlarına salsan Məni sevərlər». (Qisasul-Ənbiya, səh.205, hədis 266)
     430. Allaha xatir sevmək
     1347. Allahın Peyğəmbəri (s): «İşlərin ən yaxşısı Allaha xatir dost və Allaha xatir düşmən olmaqdır». (Kənzul-ummal, hədis 24638)
     1348. Allahın Peyğəmbəri (s) öz səhabələrindən birinə buyurmuşdur: «Ey Allahın bəndəsi! Allaha xatir sev və Allaha xatir nifrət bəslə, Allaha xatir dostluq et və Allaha xatir düşmənçilik et. Çünki, Allahın məhəbbətini bunlardan qeyri vasitələrlə qazanmaq mümkün deyil. İnsan belə etməsə, nə qədər çox namaz qılıb oruc tutsa da, imanın ləzzətini dada bilməz. Bu gün insanların bir-biri ilə dostluğu, qardaşlığı daha çox dünyaya görədir. Dünya naminə dostluq, dünyaya görə də düşmənçilik edirlər». (İləluş-şəraye, səh.140, hədis 1)
     1349. İmam Sadiq (ə): «İki mömin bir-birilə gürüşəndə onların (mömin) qardaşına daha çox məhəbbət bəsləyəni daha üstündür». (əl-Məhasin, c.1, səh.411, hədis 937)
     1350. İmam Sadiq (ə): «Dinə xatir dostluq və düşmənçilik etməyənin dini yoxdur».(əl-Kafi, c.2, səh.127, hədis 16)
     1351. İmam Cavad (ə): «Allah-Taala peyğəmbərlərindən birinə vəhy etdi: «Dünya məhəbbətini qəlbindən silməyin tezliklə sənə rahatlıq gətirər və qəlbini Mənə bağlamağın səni Mənim yanımda əziz edər. Ancaq, mənə xatir bir kəslə düşmənçilik edib Mənə xatir bir kəslə dostluq etmisənmi?» (Tuhəful-uqul, səh.455)
     431. Peyğəmbəri (s) və onun Əhli-Beytini (ə) sevmək
     1352. Allahın Peyğəmbəri (s): «Məni özündən, Əhli-Beytimi (ə) öz ailəsindən, övladlarımı öz övladlarından, mənim canımı öz canından daha çox sevən kəsdən başqa heç bir bəndənin imanı yoxdur». (İləluş-şəraye, səh.140, hədis 3)
     1353. Allahın Peyğəmbəri (s): «Allahı, sizə bəxş etdiyi nemətlərə xatir sevin. Məni Allaha xatir və mənim Əhli-Beytimi (ə) mənə xatir sevin». (İləluş-şəraye, səh.140, hədis 3)
     1354. Allahın Peyğəmbəri (s): «Məni və Əhli-Beytimi (ə) sevən kəs, gərək Allahın birinci nemətinə görə şükr etsin». Ərz etdilər: «Birinci nemət nədir?» Buyurdu: «Pak mövlud (halalzadəlik). Bizi, dünyaya pak gələnlərdən (halalzadələrdən) başqa kimsə sevməz».(Muşkatulənvar, səh.81)
     1355. «Əd-Dəəvat» kitabından: «Bir gün günorta vaxtı Haris Həmadani Əmirəl-mömininin (ə) yanına gəlir. Həzrət (ə) soruşur: «Səni bura nə gətirmişdir?» Haris deyir: «And olsun Allaha, məni bura sənə olan məhəbbət gətirmişdir». Həzrət (ə): «Əgər doğru deyirsənsə məni üç yerdə mütləq görəcəksən: Ruhun bədənindən çıxan zaman, sirat körpüsündə və kövsər hovuzunun kənarında». (əd-Dəvat, səh.249, hədis 699)
     1356. İmam Baqir (ə) «möhkəm bir ipdən tutmuşdur» ayəsi barədə buyurub: «Möhkəm ip biz Əhli-Beytin (ə) məhəbbətidir». (Nur-əs-Səqəleyn, c.1, səh.263, hədis 1054)
     432. Əhli-Beytə (ə) məhəbbətin şərti
     1357. İmam Baqir (ə): «Allaha and olsun, Allah tərəfindən bizə bəraət yoxdur, Allahla bizim aramızda qohumluq yoxdur. Bizim Allaha qarşı bir höccətimiz yoxdur və itaətdən başqa, Allaha heç bir digər vasitə ilə yaxınlaşmırıq. Buna görə, sizlərdən kim Allaha itaət edərsə, bizim imamətimizin ona xeyri olar və kim Allahın itaətindən boyun qaçırarsa, imamətimizin ona xeyri olmaz. Vay olsun sizlərə, aldanmayın! Vay olsun sizlərə, aldanmayın!» (Vəsailuş-şiə, c.11, səh.185, hədis 4)
     433. Bəla imamətlə birlikdədir
     1358. İmam Əli (ə): «Əgər dağ məni sevsə ovulub dağılar». (Nəhcül-bəlağə, hikmət 111)
     1359. «Əmaliye Tusi»: «Bir kişi İmam Baqirin (ə) yanına gəlib dedi: «Allaha and olsun, mən, siz Əhli-Beyti (ə) sevirəm». Həzrət (ə) buyurdu: «Onda, bəladan qorunmaq üçün əyninə bir libas geyin. Çünki, Allaha and olsun, bəla və çətinlik bizə və bizim ardıcıllarımıza tərəf dərədə axan seldən daha sürətlə hərəkət edər. Bəla bizdən (Əhli-Beytdən) başlayıb sonra sizə yetişər və rahatlıq da bizdən başlayar, sonra sizə çatar».(Əmali, Tusi, səh.154, hədis 255)
     434. İnsan sevdiyi kəslə birgədir
     1360. Allahın Peyğəmbəri (s): «İnsan sevdiyi kəslə bir yerdədir». (Kənzul-ummal, hədis 24684(24685))
     1361. «Kənzul Ummal»: «Bir kişi Allahın Rəsulundan (s) Qiyamət barəsində soruşdu. Həzrət (s) buyurdu: «O gün üçün nə hazırlıq görmüsən?» Ərz etdi: «Allaha və Onun Rəsuluna məhəbbətdən başqa elə bir əhəmiyyətli şey hazırlamamışam». Həzrət (s) buyurdu:«Bəs, sən sevdiyin kəslə birlikdəsən?» (Kənzul-ummal, hədis 25553)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Məhəbbət | Added by: IslamQadini (2011-05-24)
Views: 1268 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]