«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-25, 8:59 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Sınaq

Sınaq
Mizanul-hikmət 
51. Sınaq
256. Sınaq
Quran: 
     «Biz sizi xeyir və şərlə sınağa çəkərik». (Ənbiya, ayə 35)
     Hədis:
     879. İmam Sadiq (ə): «Baş verən hər bir çətinlik və rahatlıqda Allahın məqsədi yalnız əta etmək və sınağa çəkməkdir». (ət-Tovhid, səh.354, hədis 1)
     880. İmam Sadiq (ə): «Allahın əmr və qadağalarında baş verən hər bir çətinlik və rahatlıqda Allah tərəfindən mütləq bir sınaq və hökm vardır». (ət-Tovhid, səh.354, hədis 3)
     257. Sınağa çəkməyin fəlsəfəsi
     Quran:
     «…Allahın sizin sinələrinizdə (qəlblərinizdə) olanı sınaması və sinələrinizdə olanı pak və xalis etməsi üçündür. Allah sinələrin sirlərindən agahdır». (Ali-İmran, ayə 154)
     «Əlbəttə, içərinizdəki mücahidləri və səbr edənləri ayırd edib bilmək üçün sizi sınayacaq və sizin xəbərlərinizi (sizin barənizdəki xəbərləri) yoxlayaraq araşdıracağıq».(Muhəmməd, ayə 31)
     «Hansınızın yaxşı əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur!» (Mulk, ayə 2)
     Hədis:
     881. İmam Əli (ə): «Allah-Taala insanların batinini aşkar etdi. Allah onların gizli sirlərindən və örtülü batinlərindən xəbərsiz deyildi. Lakin, (bunu) onların hansının yaxşı işlər görmələrini sınamaq üçün etdi. (Belə etdi ki,) savab (yaxşı əməlin) mükafat(ı) və əzab (pis əməlin) cəza(sı) olsun!» (Nəhcül-bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh. 684)
     882. İmam Əli (ə): «İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar. Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişdəkiləri, Adəmin (s) zamanından bu dünyanın insanlarının son nəfərinə kimi (hamını) heç bir ziyan və xeyir gətirməyən, görməyən və eşitməyən daşlarla sınamasını və həmin daşları insanlar üçün bərqərar etdiyi özünün möhtərəm evinə çevirdiyini görmürsünüzmi...?! 
     Allah, bəndələrini müxtəlif çətinliklərlə sınayır, müxtəlif zəhmət və çalışqanlıqlarla bəndəliyə vadar edir, cürbəcür xoşagəlməz şeylərlə imtahana çəkir ki, onların qəlbindən təkəbbürü çıxarsın, onları təvazökar etsin və bunu öz lütf və bəxşişinə tərəf açılmış qapılar və əfv edərək bağışlaması üçün vasitələr etsin». (Nəhcül-bəlağənin şərhi, İbn Əbil Hədid, c.13, səh.156)
     883. İmam Əli (ə): «Həqiqətən siz bir-birinizə qarışacaq və (sonra) xəlbirdən keçiriləcəksiniz ki, aşağıda olan üzə çıxsın və yuxarıda olan alta getsin, geridə qalanlar qabağa keçsinlər və qabağa keçənlər geridə qalsınlar». (Biharul-ənvar, c.5, səh.218, hədis 12)
     884. İmam Əli (ə): «Sərvət və rifaha sevinmə və yoxsulluq və çətinliyə görə kədərlənmə. Çünki qızıl od ilə əriyərək saflaşır, mömin isə bəla və çətinliklə!» (Ğurərul-hikəm, hədis 10394)
     258. Möminin sınağının çətinliyi
     Quran:
     «(Siz möminlər,) sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara ziyanlar dəydi, sarsıntı və narahatçılıq keçirdilər, o yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər «Allahın köməyi və yardımı nə vaxt yetişəcək?» deyirdilər. (Dedik:) «Bilin, Allahın köməyi həqiqətən yaxındır». (Bəqərə, ayə 214)
     Hədis:
     885. İmam Əli (ə): «Bəla pərhizkar möminə yağışın (yağış suyunun təpənin başından) yerin alçaq hissələrinə çatmasından da tez çatır». (Biharul-ənvar, c.67, cəh.222, hədis 29)
     886. İmam Sadiq (ə): «İnsanların ən çox bəla çətinliyinə düçar olanı peyğəmbərlərdir. Peyğəmbərlərdən sonra onların canişin və davamçıları və daha sonra sıra ilə kim daha yaxındırsa daha çox!» (əl-Kafi, c.2, səh.6252, hədis 1)
     887. İmam Sadiq (ə) «mömin cüzam, ala və bu kimi xəstəliklərə tutularmı?» sualının cavabında buyurmuşdur: «Məgər bəla mömindən başqası üçün yazılıb?!» 
     259. Pis əməllərin insanın bəla ilə qarşılaşmasındakı rolu
     Quran:
     «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandıqlarınızın ucbatındandır və (Allah) onların çoxundan keçir». (Şura surəsi, ayə 30)
     Hədis:
     888. Allahın Peyğəmbəri (s): «Allah-Taala Əyyuba dedi: «Mənim yanımda, sənə bəla gəlməsinə səbəb olan günahının nə olmasını bilirsən? Əyyub dedi: «Xeyr». Allah-Taala buyurdu: «Sənin Fironun yanına gedərək onunla iki kəlmə yumşaq və mülayim danışmağın». (əd-Dəəvat, səh.123, hədis 304)
     260. Bəlaya düçar olmayan şəxs Allahın qəzəbinə gəlib
     889. Allahın Peyğəmbəri (s): «Allah cism və malına bəla gəlməyən şeytansifətli şəxsə nifrət edir». (Biharul-ənvar, c.81, səh.174, hədis 11)
     890. İmam Səccad (ə): «Mən insanın dünyada sağlam olmasını və ona heç bir müsibətin gəlməməsini sevmirəm». (Biharul-ənvar, c.81, səh.176, hədis 14)
     261. Bəla neməti
     891. Allahın Peyğəmbəri (s): «Ana öz övladını süd ilə qidalandırdığı kimi Allah da öz mömin bəndəsini bəla və çətinliklə qidalandırır». (Biharul-ənvar, c.81, səh.195, hədis 52)
     892. Allahın Peyğəmbəri (s): «Allah bir qövmün xeyir və yaxşılığını istəyəndə onları bəlaya düçar edər». (Camiul-əxbar, səh.310, hədis 855)
     893. İmam Baqir (ə): «Evin kişisi səfərdən hədiyyə gətirməklə ailəsinə nəvaziş göstərdiyi kimi Allah da mömini bəla və çətinliklə nəvaziş edir. Həkim xəstəni (pəhriz yazıb bəzi yeməklərdən) çəkindirdiyi kimi, Allah da mömini dünyadan çəkindirir». (əl-Kafi, c.2, səh.255, hədis 17)
     894. İmam Kazim (ə): «Siz bəlanı nemət, asayiş və rifahı isə müsibət hesab etməyincə əsla mömin olmazsınız. Çünki bəla və çətinliyə səbr etmək asayiş və rahatlıq içərisində qəflətdə olmaqdan daha dəyərli və üstündür». (Camiul-əxbar, səh.313, hədis 870)
     895. İmam Əskəri (ə): «Elə bir çətinlik və bəla yoxdur ki, Allah tərəfindən onu bir nemət əhatə etməmiş olsun». (Biharul-ənvar, c.78, səh.255, hədis 17)
     262. Bəla və qəflət yuxusundan oyanmaq
     Quran:
     «Biz Fironun adamlarını qıtlıq, quraqlıq və məhsul çatışmazlığına düçar etdik ki, bəlkə düşünüb ibrət alsınlar». (Əraf surəsi,ayə 130)
     Hədis:
     896. İmam Əli (ə) istisqa namazı qılmağa gedərkən buyurmuşdur: «Allahın bəndələri günah və pis əməllərlə məşğul olan zaman Allah onları məhsul qıtlığı, bərəkətin kəsilməsi və xeyir xəzinələrinin qapılarının bağlanmasına düçar edir ki, tövbə edən tövbə etsin, günahkar günahdan əl götürsün, öyüd alan öyüd alsın və (günahdan) çəkindirilən əl saxlasın». (Nəhcülöbəlağə, xütbə 143)
     897. İmam Sadiq (ə): «Ola bilməz ki, mömin qırx gecəni arxada qoysun, amma öyüd alması üçün onu qəmləndirən bir hadisə ilə qarşılaşmasın». (Biharul-ənvar, c.67, səh.211, hədis 14)
     898. İmam Sadiq (ə): «Allah bir bəndənin xeyrini istəyəndə həmin bəndə bir günah edərsə, bu günahın ardınca onu bəlaya düçar edər ki, istiğfar etməyi onun yadına salsın. Allah bir bəndə üçün şər istəyəndə isə həmin bəndə günah edərsə, günahının ardınca ona nemət əta edər ki, istiğfar etməyi onun yadından çıxarsın və o, günahını davam etdirsin. Bu, Allahın kəlamıdır: «Onları tədricən özlərinin də bilmədikləri yerdən yaxalayarıq». Yəni günah edən zaman onlara nemət vermək vasitəsi ilə yaxalayarıq».(Biharul-ənvar, c.67, səh.229, hədis 41)
     263. Bəla vasitəsi ilə günahların təmizlənməsi
     899. İmam Əli (ə): «Şükr olsun Allaha ki, bizim ardıcıllarımızın bəla və çətinliyə düçar olmalarını dünyada onların günahlarının təmizlənmə amili edib ki, həmin bəla və çətinliklər vasitəsi ilə itaətləri sağlam qalsın və onun mükafatına layiq olsunlar». (Biharul-ənvar, c.67, səh.232, hədis 48)
     900. İmam Əli (ə): «Allah-Taala bu dünyada cəzalandırdığı mömin bəndəni Qiyamət günü bir daha cəzalandırmaqdan daha həlim, daha ulu, səxavətli və daha kəramətlidir (yəni Allah-Taala bu sifətlərə malik olduğu üçün həmin bəndəni Qiyamətdə bir daha cəzalandırmaz)». (Biharul-ənvar, c.81, səh. 179, hədis 25)
     901. İmam Baqir (ə): «Allah-Taala bir bəndəyə hörmət etmək istəyəndə həmin bəndənin günahları olsa onu xəstəliyə düçar edər. Əgər belə etməsə, yoxsulluq və ehtiyaca düçar edər və əgər bunu da etməsə canını alan zaman onu çətinliyə salar. Amma bir bəndəni xar və hörmətsiz etmək istəsə və onun Allahın yanında yaxşı işləri olmuş olsa ona sağlam can verər. Əgər belə etməsə onun yaşayışını rahat və rifah içərisində edər və əgər bunu da etməsə ölümü onun üçün asanlaşdırar». (Əlamud-din, səh.433)
     264. Bəla eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın məhəbbətinin nişanəsidir
     902. əl-Kafi: «Sudeyr imam Sadiqin (ə) hüzurunda idi. Həzrət buyurdu: «Allah bir bəndəni sevəndə onu bəlaya qərq edər. Ey Sudeyr! Həm biz həm də siz gecə-gündüzümüzü bəla ilə keçiririk». (əl-Kafi, c.2, səh.253, hədis 6)
     903. İmam Sadiq (ə): «Allah-Taala bir qövm və ya bəndəni sevən zaman onun başına bəla yağışı yağdırır. Beləliklə, onlar bir bəladan çıxmamış digər bir bəlaya düçar olarlar».(Biharul-ənvar, c.82, səh. 236, hədis 32)
     265. Bəla iman miqdarında olar
     904. İmam Baqir (ə): «Bəndənin imanı nə qədər artsa onun yaşayışı daha da ağırlaşar və çətinləşər». (Camiul-əxbar, səh.314, hədis 874)
     905. İmam Baqir (ə): «İnsan Allaha olan məhəbbətinin miqdarında bəlaya düçar olar».(Biharul-ənvar, c.67, səh. 236, hədis 54)
     906. İmam Sadiq (ə): «Əlinin (ə) kitabında deyilir: Həqiqətən mömin yaxşı işlərinin miqdarında bəlaya düçar olar. Buna görə də kimin dini düzgün və əməli gözəldirsə bəlası daha ağırdır. Çünki Allah-Taala dünyanı möminin mükafatı və kafirin cəzası təyin etməyib. Kimin dini süst və əməli zəifdirsə bəlası azdır». (Biharul-ənvar, c.67, səh. 222, hədis29)
     907. İmam Kazim (ə): «Mömin tərəzinin iki gözü kimidir ki, imanı nə qədər artsa, bəlası da çoxalar və nəhayət günahdan pak ətək ilə Allah-Taala ilə görüşər». (Biharul-ənvar, c.82, səh. 242, hədis 82)
     266. Bəndənin bəla ilə çatdığı məqamlar
     908. İmam Sadiq (ə): «Həqiqətən Cənnətdə bir dərəcə var ki, ona (dünyada) bədəni bəlaya düçar olmuş bəndə istisna olmaqla, heç bir bəndə çatmaz». (Biharul-ənvar, c.67, səh. 212, hədis 16)
     909. İmam Sadiq (ə): «Bəndənin Allah yanında bir məqam və dərəcəsi var ki, ona bu iki yoldan - var-dövlətinin əlindən çıxması və ya cisminə bir bəla gəlməsindən başqa heç nə ilə çata bilməz». (əl-Kafi, c.2, səh.257, hədis 23)
     267. Möminin bəlaya düçar olması onun öz xeyrinədir
     910. İmam Sadiq (ə): «Allahın Musaya (ə) göndərdiyi vəhylərdən birində belə buyrulur ki: Elə bir məxluq yaratmamışam ki, o Mənim dərgahımda mömin bəndəmdən əziz olsun. Onu bəlaya düçar edirəmsə, (bu) onun üçün daha yaxşı və daha xeyirli olduğuna görədir. Ona can sağlığı bəxş edirəmsə, (deməli bu) onun üçün daha yaxşıdır. Onun əlindən alıb məhrum edirəmsə, bu onun üçün daha yaxşıdır. Mən, nəyin bəndəmi islah edərək düzəltməsini daha yaxşı bilirəm. Buna görə də gərək mənim bəlama səbrli, nemətlərimə şükr edən və hökmlərimə razı olsun ki, onu özümün ən doğru bəndələrimin sırasında yazım». (Biharul-ənvar, c.72, səh. 331, hədis 14)
     268. Bəndələrin ən çətin sınaqları
     911. İmam Əli (ə): «Allah heç kəsi ona möhlət vermək kimi bir şeylə sınamayıb».(Biharul-ənvar, c.73, səh. 383, hədis 8)
     912. İmam Əli (ə): «Yoxsulluq bəladır. Yoxsulluqdan daha pisi bədənin xəstə olmasıdır. Ondan da pisi qəlbin (mənəvi baxımdan) xəstə olmasıdır». (Əmali Tusi, səh.146, hədis 240)
     913. İmam Sadiq (ə): «Allah, bəndələri malını bağışlamaqdan çətin bir şeylə sınamayıb». (əl-Xisal, səh.8, hədis 27)
     914. İmam Sadiq (ə): «Üç şey var ki, kim onlardan birinə düçar olsa ölümü arzulasın: Bir-birinin ardınca gələn yoxsulluq, rüsvayçı məhrumluq və qalib gəlmiş düşmən».(Tuhəful-uqul, səh.318)
     269. Çətinlikdən sonra asanlıq
     915. İmam Əli (ə): «Bəlanın sonunda açılış (işlərin düyünlərinin açıl¬ma¬sı) hasil olur». (Biharul-ənvar, c.78, səh. 612, hədis 70)
     916.İmam Sadiq (ə): «Bəla üstündən bəla gələn zaman bəladan qurtuluş hasil olar».(Tuhəful-uqul, səh.357)
     270. Bəla zamanı dua etmək
     Quran:
     «O kəslər ki, başlarına bir müsibət gələn zaman «biz Allahınıq və Ona tərəf qayıdacağıq» deyərlər». (Bəqərə surəsi, ayə 156)
     917. İmam Əli (ə): «Hər bir çətinlik və müşkül zamanı «Uca və böyük Allahdan başqa bir güc və qüdrət yoxdur» de. (Belə deyəndə) həmin çətinlik aradan qalxır». (Biharul-ənvar, c.77, səh. 270, hədis 1)
     918. İmam Rza (ə): «Atamı yuxuda gördüm və o buyurdu: «Oğul! Çətinlik içərisində olan zaman «ya Rauf, ya Rəhim» cümləsini çox de. Yuxuda gördüyün aşkarda gördüyün kimidir (yəni bu dediklərimi yuxu sanma, aşkar kimi qəbul et)». (Məhcud-dəəvat, səh.333)
     271. Bəlaya düçar olmuş şəxsi görən zaman dua etmək
     919. Allahın Peyğəmbəri (s): «Bəlaya düçar olmuş insanları görən zaman Allaha şükr edin, amma elə yox ki onlar eşitsinlər.Çünki (əgər eşitsələr) narahat olarlar». (Biharul-ənvar, c.71, səh. 34, hədis 18)
     920. İmam Baqir (ə): «Bəlaya düçar olmuş adam görəndə onun eşitmədiyi şəkildə üç dəfə de: Şükr və həmd olsun O Allaha ki, məni sənin düçar olduğun bəlaya düçar etməyib. Əgər istəsəydi məni də belə edə bilərdi». (İmam sonra) buyurdu: «Kim bu cümləni desə heç vaxt həmin bəlaya düçar olmaz». (Biharul-ənvar, c.71, səh. 34, hədis 15)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Sınaq | Added by: IslamQadini (2011-02-07)
Views: 1177 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]