«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 8:29 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Tövbə

Tövbə
Mizanul-hikmət 
56. Tövbə
293. Tövbə
Quran:
     «Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur». (Şura surəsi, ayə 25)
     973. Allahın Peyğəmbəri (s): «Tövbə keçmişdə olanların üstünü örtür». (Mustədrakul-vəsail, c.12, səh.129, hədis 13706)
     974. Allahın Peyğəmbəri (s): «Günahından tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir». (Kənzul-ummal, hədis 10174)
     975. İmam Əli (ə): «Tövbə günahları təmizləyər və qəlbi yuyar». (Ğurərul-hikəm, hədis 1355)
     294. Tövbə edənin məqamı
     Quran:
     «Allah tövbə edənləri və pak olanları sevir». (Bəqərə surəsi, ayə 222)
     Hədis:
     976. Allahın Peyğəmbəri (s): «Allah yanında tövbə etmiş mömin kişi və mömin qadından sevimli heç nə yoxdur». (Biharul-ənvar, c.6, səh.21, hədis 15)
     977. Allahın Peyğəmbəri (s): «Adəm övladının hamısı səhv və xəta edir, xəta edənlərin ən yaxşısı tövbə edənlərdir». (əd-Durrul-Mənsur, c.1, səh.626)
     978. Allahın Peyğəmbəri (s): «Həqiqətən Allahın öz bəndəsinin tövbə etməsindən sevinci uşağı olmayanın uşağı olduqda, bir şey itirən kəsin itirdiyini tapdıqda və susuz şəxsin su tapan zaman duyduğu sevincdən çoxdur». (Kənzul-ummal, hədis 10165)
     295. Tövbə edənlər
     Quran:
     «Tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, ruku və səcdə edənlər…». (Tövbə surəsi, ayə112)
     Hədis:
     979. Allahın Peyğəmbəri (s): «Tövbə etmiş şəxsin dörd nişanəsi var: əməli yalnız Allaha görə xalisləşdirmək, batili tərk etmək, haqqa bağlılıq və yaxşılığa hərislik».(Tuhəful-uqul, səh.20)
     980. İmam Əli (ə) tövbə edənlərin vəsfində buyurmuşdur: «Günah ağaclarını göz və qəlblərinin qabağında basdırıblar və onları peşmançılıq suyu ilə suvarıblar. Bu ağaclar onlara salamatlıq barı verib və arxasınca razılıq və kəramət gətirib». (Biharul-ənvar, c.78, səh.72, hədis 38)
     981. İmam Səccad (ə) münacatlarının birində: «Bizi o kəslərdən et ki, …… nəfsi istəklərin od pərdəsini tövbə yaşı tökməklə kəsiblər və nadanlıq qablarını həyat suyunun zülalı ilə yuyublar». (Biharul-ənvar, c.94, səh.127, hədis 19)
     296. Tövbənin qəbul olunması
     Quran:
     «Bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan….Odur» (Şura surəsi, ayə 25)
     Hədis:
     982. İmam Əli (ə): «Tövbə (etmək uğuru) verilmiş şəxs onun qəbul edilməsindən məhrum edilməz və istiğfar (etmək uğuru) verilmiş şəxs isə bağışlanmaqdan məhrum qalmaz!» (Biharul-ənvar, c.69, səh.410, hədis 124)
     297. Tövbə nə vaxt qəbul edilir?
     Quran:
     «Günah işlər görməkdə davam edərək ölüm yetişən anda «mən indi tövbə etdim» deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz». (Nisa surəsi, ayə 18)
     Hədis:
     983. Allahın Peyğəmbəri (s): «Kim (əzabı) müşahidə etməmişdən qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər». (əl-Kafi, c.2, səh.440, hədis 2)
     984. İmam Baqir (ə) əli ilə boğazına işarə edərək buyurmuşdur: «Can bura çatanda alim və bilənin tövbəsi (tövbə etməyə bir yolu) yoxdur, amma nadanın var». (əl-Kafi, c.2, səh.440, hədis 3)
     985. İmam Rza (ə) «Allah-Taala nə üçün Fironu iman gətirməsinə və Onun birliyini iqrar etməsinə baxmayaraq suda batırdı?» sualının cavabında buyurmuşdur: «Çünki o əzabı müşahidə edən zaman iman gətirdi, əzabı müşahidə edən zaman iman gətirmək isə qəbul edilməz». (Biharul-ənvar, c.6, səh.23, hədis 25)
     298. Peşman olmaq bir növ tövbədir
     986. Allahın Peyğəmbəri (s): «Peşmançılıq tövbədir». (Kənzul-ummal, hədis 10301)
     987. İmam Əli (ə): «Günahdan peşman olmaq istiğfardır». (Mustədrakul-vəsail, c.12, səh.118, hədis 13674)
     988. İmam Əli (ə): «Qəlbin peşman olması günahın üstünü örtər». (Mustədrakul-vəsail, c.12, səh.118, hədis 13674)
     299. Səmimi etiraf
     Quran:
     «Digər bir dəstə günahını etiraf etdi ki, onlar yaxşı bir əməl ilə pis bir əməli bir-birinə qarışdırmışlar. Ola bilər ki, Allah onların tövbələrini qəbul etsin». (Tövbə surəsi, ayə 102)
     Hədis:
     989. İmam Əli (ə): «Öz günahını etiraf edən günahkar, öz əməli ilə öyünən itaətkardan daha yaxışıdır». (Ğurərul-hikəm, hədis 6334)
     990. İmam Baqir (ə): «Vallah, günahı etiraf edən şəxsdən başqa heç kəs ondan qurtulmaz». (Biharul-ənvar, c.6, səh.36, hədis 56)
     991. İmam Baqir (ə): «Vallah, Allah-Taala insanlardan yalnız iki şey - nemətlərini daha da artırmaq üçün onlara görə şükr etmələrini və günahlarını bağışlamaq üçün günahlarını etiraf etmələrini istəyib». (əl-Kafi, c.2, səh.426, hədis 2)
     300. Tövbənin sütunları
     Quran:
     «Hər kəs zülmündən sonra tövbə etsə və özünü düzəltsə Allah onun tövbəsini qəbul edər. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (Maidə surəsi, ayə39)
     «Şübhəsiz ki, Mən tövbə edib iman gətirəni və yaxşı işlər görüb sonra doğru yolu tutanı çox bağışlayanam». (Ta-ha surəsi, ayə 82)
     Hədis:
     992. İmam Əli (ə): «Tövbə dörd sütun - qəlbdə peşmançılıq (keçirmək), dil ilə bağışlanma istəmək, bədən üzvləri ilə əməl etmək və (günaha) qayıtmamaq qərarı üzərində dayanmışdır». (Biharul-ənvar, c.78, səh.81, hədis 74)
     993. əl-Kafi: «Nəxə tayfasının böyüklərindən biri olan Vəhəb ibn Əbdi Rəbbih deyir: «İmam Baqirə (ə) dedim: «Mən Həccacın zamanından indiyə kimi vali olmuşam, mənim tövbəm qəbul olar?» Həzrət susdu. Mən sözümü bir də təkrar etdim. Həzrət buyurdu: «Xeyr, yalnız bu istisna ilə (tövbən qəbul ola bilər) ki, hər bir haqq sahibinin haqqını özünə qaytarasan». (əl-Kafi, c.2, səh.331, hədis 3)
     301. Tövbənin növləri
     994. Allahın Peyğəmbəri (s): «Hər bir günah üçün (ona uyğun) bir (tərzdə) tövbə et, gizli günah üçün gizli tövbə və aşkar günah üçün aşkar tövbə!» (Biharul-ənvar, c.77, səh.127, hədis 33)
     302. Səmimi və xalis niyyətlə tövbə
     Quran:
     «Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən və xalis niyyətlə tövbə edin». (Təhrim surəi, ayə 8)
     Hədis:
     995. Allahın Peyğəmbəri (s): «Səmimi-qəlbdən və xalis niyyətlə edilmiş tövbə etdiyin günahdan peşman olmağın, Allahdan bağışlanma diləməyin və bir də heç vaxt ona qayıtmamağındır». (Kənzul-ummal, hədis 10302)
     996. İmam Hadi (ə) səmimi-qəlbdən edilmiş xalis tövbə barəsindəki sualın cavabında buyurmuşdur: «Səmimi və xalis tövbə batinin zahir kimi və (hətta) ondan da yaxşı olmasıdır». (Biharul-ənvar, c.6, səh.22, hədis 20)
     303. Tövbəni təxirə salmaq, gecikdirmək
     997. İmam Əli (ə): «Günah edən zaman tövbə ilə onun məhvinə tələs. (Biharul-ənvar, c.77, səh.208, hədis 32)
     998. İmam Əli (ə): «Tövbə işini sabaha saxlayan kəs ölümün hücumu ilə çox böyük təhlükə qarşısındadır». (Mustədrakul-vəsail, c.12, səh.130, hədis 13707)
     999. İmam Cavad (ə): «Tövbəni təxirə salmaq aldanmaq və qəflətdir, bu gün-sabah etmək isə çaşqınlıq və məəttəlçilik!» (Tuhəful-uqul, səh.456)
     304. Tövbədən daha asan…1000. İsa Məsih (ə): «Camaata borclu olmayan kəs, borclu olub borcunu vaxtında qaytaran kəsdən də daha rahat və qəmi azdır. Həmçinin günah etməyən kəs, günah edib hətta səmimi qəlbdən xalis tövbə edən və Allaha tərəf qayıdandan daha rahat və xatircəmdir». (Tuhəful-uqul, səh.392)
     1001. İmam Əli (ə): «Günah etməmək tövbə(nin qəbul olunmasını) istəməkdən daha asandır». (Biharul-ənvar, c.73, səh.364, hədis 96)
     305. Allah-Taalanın tövbə edən şəxsin eyblərinin üstünü örtməsi
     1002. İmam Əli (ə): «Kim (Allaha tərəf) qayıtsa Allah da ona (tərəf) qayıdar və onun bədən üzvlərinə və yerin hər bir parçasına onun abrını qorumaq, eyblərinin üstünü örtmək və əməlləri qoruyan mələklərin onun barəsində yazdıqları günahların onların yadlarından çıxarılması əmr edilər». (Biharul-ənvar, c.6, səh.28, hədis 32)
     306. Pis əməllərin yaxşı əməllərə çevrilməsi
     Quran:
     «Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayan və rəhm edəndir». (Furqan surəsi, ayə 70)
     Hədis:
     1003. İmam Sadiq (ə): «Allah-Taala Davud peyğəmbərə (əla nəbiyyina və alihi və əleyhis-səlam) vəhy etdi ki: «Ey Davud! Mömin bəndəm günah etsə və sonra həmin günahdan üz döndərərək tövbə etsə və onu xatırlayan zaman Məndən həya etsə onu bağışlayar, həmin günahı əməlləri qoruyub saxlayan mələklərin yadından çıxarar və onu yaxşılığa çevirərəm. Mənim bu işdən heç bir çəkinəcəyim yoxdur. Çünki Mən mehribanların ən mehribanıyam». (Biharul-ənvar, c.6, səh. 28, hədis 30)
     307. Allahın əvəzinə hökm çıxarmaq
     1004. Allahın Peyğəmbəri (s): «Ümmətimdən vay o kəslərə ki, Allahın əvəzinə hökm çıxarırlar. O kəslər ki deyirlər: «Filankəs Cənnətlikdir, filanikəs Cəhənnəmlik». (Kənzul-ummal, hədis 7902)
     1005. Allahın Peyğəmbəri (s): «Günlərin birində bir kişi dedi: «Vallah, Allah filankəsi bağışlamayacaq». Onda Allah-Taala buyurdu: «Bu kimdir ki, Mənim filankəsi bağışlamayacağıma and içir? Mən həmin şəxsi bağışladım və ikincinin (saleh) əməlini «Allah filankəsi bağışlamayacaq» dediyinə görə batil və puç etdim». (Vəsailuş-şiə, c.11, səh.267, hədis 13)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Tövbə | Added by: IslamQadini (2011-02-10)
Views: 957 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]