«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-12-26, 8:45 PM
Main » Articles » Mizanul – hikmət (2-ci cild) » Dua

Mizanul-hikmət
143
Dua
670. Dua
Quran:

«De:Əgər sizin duanız olmasa, Rəbbim sizə heç bir dəyər verməz, əslində siz təkzib etdiniz və tezliklə (əzab sizə) yaxın olacaq.»(Furqan, ayə 77)
«Və sizin Rəbbiniz dedi: «Məni çağırın, sizə cavab verim. Mənə ibadət etməkdən boyun qaçıran kəslər tezliklə xar olmuş və ahu-zar edə-edə Cəhənnəmə daxil olacaqlar.»(Ğafir, ayə 60)
Hədis:
2089. Allahın Peyğəmbəri (s): «Dua ibadətin mayasıdır (şirəsidir) və dua etməklə heç kəs həlak olmaz.»(Biharul-Ənvar, c.93, səh.300, hədis 37)
2090. Allahın Peyğəmbəri (s) : «Dua möminin silahı, dinin sütunu, səmaların və yerin nurudur.»(əl-Kafi, c.2, səh.468, hədis 1)
2091. Allahın Peyğəmbəri (s): «İnsanların ən acizi, dua etməkdə aciz olanıdır.»
2092. Allahın Peyğəmbəri (s): «Ən üstün ibadət duadır. Allah-taala bəndəyə dua izni (və uğuru) verəndə rəhmət qapısını onun üzünə açar. Şübhəsiz ki, dua etməklə heç kəs həlak olmaz.»(Tənbihul-Xəvatir, c.2, səh.237)
2093. İmam Əlinin (ə) İmam Həsənə (ə) vəsiyyətindən: «Bil ki, dünya və axirət aləminin xəzinələrinin sahibi olan Kəs, sənə Onu çağırmağa icazə və sənin duanı qəbul etməyə zəmanət vermişdir. Sənə əmr etmişdir ki, Onu çağırasan, O da bəxş etsin. O, mehriban və bağışlayandır. Səninlə özü arasında bir hicab qoymamış və səni bir vasitəçi gətirməyə vadar etməmişdir... Sonra öz xəzinələrinin və sərvətlərinin açarı olan duanı və Ondan (nemət) istəməyi sənin ixtiyarına vermişdir. Beləliklə, sən istədiyin vaxt dua etməklə Onun xəzinələrinin qapısını açarsan.»( Biharul-Ənvar, c.77, səh.204, hədis1)
2094. İmam Əli (ə): «Dua rəhmət qapısının açarı və qaranlıqda (işıq saçan) çıraqdır.»(Biharul-Ənvar, c.93, səh.300, hədis 37)
2095. İmam Əli (ə): «Yer üzündə Allahın ən çox sevdiyi iş duadır.»(əl-Kafi, c.2, səh.467, hədis 8)
2096. İmam Əli (ə): «Dua möminin sipəridir.»(əl-Kafi, c.2, səh.468, hədis 7)
2097. İmam Sadiq (ə): «Sənə dua etməyi tövsiyə edirəm. Çünki onda hər dərdin şəfası var.»(Məkarimul-Əxlaq, c.2, səh.12, hədis 2008)
2098. İmam Sadiq (ə): «Dua et və demə ki, iş işdən keçibdir (yəni, nə yazılıbsa o da olacaqdır). Həqiqətən, Allah dərgahında elə bir məqam və dərəcə var ki, ona duadan başqa heç bir vasitə ilə çatmaq olmaz.»(əl-Kafi, c.2, səh.466, hədis 3)
2099. İmam Sadiq (ə): «Dua iti silahdan daha çox təsirlidir.»(Biharul-Ənvar, c.93, səh.297, hədis 25)
2100. İmam Rza (ə): «Peyğəmbərlərin silahından yapışın.!» Soruşdular: «Peyğəmbərlərin silahı nədir?» Buyurdu: «Dua.»(əl-Kafi, c.2, səh.468, hədis 5)
681. Dua mütləq baş verəcək alın yazısını (qəza və qədəri) dəyişdirər
2101. Allahın Peyğəmbəri (s): «Qəzanı (alın yazısını) duadan başqa heç nə qaytara bilməz.»(Məkarimul-Əxlaq, c.2, səh.7, hədis1978)
2102. İmam Səccad (ə): «Dua insanı nazil olan və nazil olacaq bəladan qoruyar.»(əl-Kafi, c.2, səh.469 , hədis5)
2103. İmam Kazim (ə): «Həmişə dua edin. Çünki Allah dərgahına dua edib, Ondan istəmək ilahi qəzavü-qədərdə yazılan və yalnız həyata keçməsi qalan bəlanı uzaqlaşdırar. Beləliklə, Allaha dua olunsa və Ondan istənilsə, Allah-taala bəlanı birdəfəlik geri qaytarar.»(əl-Kafi, c.2, səh.470 , hədis8)
682. Dua müxtəlif bəlaları uzaqlaşdırar
2104. Allahın Peyğəmbəri (s): «Bəla qapılarını dua ilə bağlayın.»(Biharul-Ənvar, c.93, səh.288 , hədis3)
2105. İmam Əli (ə): «Bəla dalğalarını dua ilə geri qaytarın. Başı bəlalar çəkmiş, bəladan canı boğazına yığılmış şəxsin duaya olan ehtiyacı asudə yaşayan, ancaq bəladan amanda olmayan şəxsdən çox deyil.»(Biharul-Ənvar, c.93, səh.301 , hədis37)
2106. İmam Sadiq (ə): «Hər kəs, ona bəla yetişə biləcəyindən narahat olarsa və bəlanın gəlişindən əvvəl dua edərsə, Allah-taala heç vaxt ona bəla göndərməz.»(Məkarimul-Əxlaq, c.2, səh.10 , hədis1992)
683. Dua ilə hadisələri qabaqlamaq
Quran:

«İnsana bir zərər yetişən zaman, Rəbbinə tərəf üz tutub Onu çağırar. Sonra, Rəbbi tərəfindən Ona bir nemət əta edildikdə, bundan əvvəl etdikləri bütün duaları yaddan çıxarar və (insanları) haqq yolundan azdırmaq üçün Allaha şəriklər qoşar. De: «Hələ öz küfrünlə bir müddət (dünya həyatından) bəhrələn. (Axirətdə) Sən Cəhənnəm əhlindənsən.» (Zümər, ayə 8)
«Yaxud əli hər yerdən üzülüb çarəsiz qalan bir kimsə Onu çağıran zaman duasına cavab verən, çətinliyini aradan götürən və sizi yer üzünün varisləri edən kimdir?. Məgər Allahla yanaşı başqa bir tanrı varmı? Necə də az nəsihət götürürsünüz.»(Nəml, ayə 62)
Hədis:
2107. «Biharul-Ənvar»: Allah-taala Davuda (ə) vəhy etdi:«Xoşluqda və rahatlıqda Məni yad et ki, çətinlikdə və sıxıntıda sənin duanı qəbul edim.»(Biharul-Ənvar, c.93 səh.381 , hədis6)
2108. Allahın Peyğəmbəri (s): «Rahatlıq vaxtı özünü Allaha tanıtdır ki, çətinlik və sıxıntı zamanı da O səni tanısın.»(Biharul-Ənvar, c.77, səh.87 , hədis3)
2109. İmam Baqir (ə): «Layiqlisi budur ki, mömin çətinlik və sıxıntı vaxtı dua etdiyi kimi, xoşluq və rahatlıqda da elə dua etsin.»(əl-Kafi, c.2, səh.488 , hədis1)
684. Hər bir ehtiyac üçün dua etməyə təşviq
2110. «Biharul-ənvar»: «Allah-taala Musaya (ə) vəhy etdi: «Ehtiyacın olan hər bir şeyi-hətta qoyunların otunu və xəmirinin duzunu da- Məndən istə.!.»(Biharul-Ənvar, c.93, səh.303 , hədis39)
2111. Allahın Peyğəmbəri (s): «Hər bir hacətiniz üçün, hətta ayaqqabının bağı üçün olsa belə, xahiş əlinizi Allaha doğru uzadın. Çünki Allah onu asanlaşdırmayınca, asan olmaz (yerinə yetməz).»(Biharul-Ənvar, c.93, səh.295 , hədis23)
2112. İmam Baqir (ə): «Öz kiçik hacətlərinizi xırda və az əhəmiyyətli hesab etməyin. Çünki Allahın ən çox sevdiyi möminlər daha çox dua edən kəslərdir.»(Məkarimul-Əxlaq. c.2, səh.97 , hədis2275)
685. Dua hacətin qəbul olunmasının açarıdır
Quran:

«Bəndələrim səndən Mənim barəmdə soruşduqda (söylə ki,): Mən onlara yaxınam və Məni çağıran kəsin duasına cavab verərəm. Gərək onlar da Mənim çağırışıma cavab versinlər və doğru yolu tapmaq üçün Mənə iman gətirsinlər.»(Bəqərə, ayə186)
Hədis:
2113. Allahın Peyğəmbəri (s): «Allah-taala bir bəndənin xahişini yerinə yetirmək istəyəndə, ona dua etmək icazəsi (və uğuru) əta edər.»(Kənzul-Ummal, hədis 3186)
2114. İmam Əli (ə): «Kim pak və müqəddəs olan Allahın (rəhmət) qapısını döysə, o qapı üzünə açılar.»(Ğurərul-Hikəm, hədis 8292)
2115. İmam Həsən (ə): «Allah-taala kimin üzünə dua və istək qapısını açıbsa, qəbul qapısı da onun üzünə açılmışdır.»(Biharul-Ənvar, c.78, səh.113 , hədis7)
686. Duanın qəbul olunma şərtləri
1. Mərifət (Tanımaq)

2116. İmam Sadiq (ə): «Niyə bizim dualarımız qəbul olunmur?» deyə soruşan bir dəstə adama cavabından: «Çünki tanımadığınız bir Kəsi çağırırsınız.»(Biharul-Ənvar, c.93, səh.368 , hədis4)
2117. İmam Sadiq (ə) «Gərək Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər.» ayəsi barədə buyurduqlarından: «Yəni bilsinlər ki, Məndən istədikləri şeyi, onlara verə bilərəm.»(Biharul-Ənvar, c.93, səh.323 , hədis37)
2.Allahı tanımağın tələblərinə əməl etmək
2118. İmam Əli (ə) Allah-taala «Məni çağırın, sizə cavab verim..» buyurur, bəs biz dua etsək də, niyə dualarımız qəbul olunmur?» sualına cavabında: «Çünki sizin qəlbləriniz səkkiz xəyanət etmişdir. Onların birincisi budur ki, siz Allahı tanıdınız, amma Onun haqqını sizə vacib etdiyi kimi yerinə yetirmədiniz. Buna görə, Allahı tanımağınızın sizə bir faydası olmadı... Siz, dua qapılarını və yollarını bağlayandan sonra sizin hansı dualarınız qəbul olunar?.»(Ə‘lamud-Din, səh.269)
3. Halal qazanc
2119. Allahın Peyğəmbəri (s): «Həqiqətən, bəndə yeməyi haram olduğu halda əllərini dua üçün Allah dərgahını uzadır. Məgər belə halda onun duası qəbul olunarmı?!»(İrşadul-Qulub, səh.149)
2120. Allahın Peyğəmbəri (s): «Qazancını halal et ki, duan qəbul olunsun. Çünki insan bir (haram) tikə ağzına qoyarsa, qırx gün ibadəti qəbul olunmaz.»(Məkarimul-Əxlaq c.2, səh.20 , hədis2045)
2121. İmam Sadiq (ə): «Sizlərdən hər kim dualarının qəbul olunmasını istəyirsə, öz qazancını təmiz etsin və insanların haqqını ödəsin. Qarnında haram mal və boynunda bir kəsin haqqı olan insanın duası Allah dərgahına qalxmır.»(Biharul-Ənvar, c.93, səh.321 , hədis31)
4. Dua vaxtı qəlbin kövrəlməsi və ürəkdən dua olunması
2122. Allahın Peyğəmbəri (s): «Bilin ki, Allah-taala qafil və xəbərsiz qəlbdən gələn duanı qəbul etmir.»(Biharul-Ənvar, c.93, səh.321 , hədis31)
2123. Allahın Peyğəmbəri (s): «Qəlbin kövrəldiyi vaxtı dua etməyi qənimət bil. Çünki qəlbin kövrəlməsi (riqqəti) rəhmətdir.»(Əl-Dəəvat, səh.30 , hədis60)
2124. İmam Sadiq (ə): «Allah-taala daş qəlbdən gələn duanı qəbul etməz.»(əl-Kafi, c.2, səh.473 , hədis1)
2125. İmam Sadiq (ə): «Hər zaman sizlərdən birinin qəlbi kövrəlsə, dua etsin. Çünki qəlb xalis və pak olmayınca kövrəlməz.»(əl-Kafi, c.2, səh.477 , hədis5)
687. Duanın qəbul olunmasına mane olan səbəblər
1. Günah.

2126. İmam Baqir (ə): «Bəndə Allahdan bir hacət diləyən zaman Allah-taala öz şəninə görə yaxın gələcəkdə, ya bir qədər təxirə salaraq onun duasını qəbul edər. Amma, bəndə sonradan günah edər. Belə olan halda Allah-taala Mələyə deyər: Onun diləyini yerinə yetirmə və onu (nemətdən) məhrum et. Çünki o, özünü Mənim qəzəbimə duçar etdi və Mənim tərəfimdən məhrumiyyətə layiq oldu.»(Biharul-Ənvar, c.75, səh.329 , hədis11)
2. Zülm.
2127. İmam Əli (ə): «Allah-taala Məryəm oğlu İsaya vəhy etdi: Bəni İsrailin zadəganlarına de ki.... Mən sizin heç birinizin və boynunda mənim məxluqlarımın haqqı olan kəslərdən heç birinin duasını qəbul etmərəm.»(əl-Xisal, səh.337 , hədis40)
2128. İmam Sadiq (ə): «Allah-taala buyurmuşdur: And olsun izzəti-cəlalıma, əgər məzlum özünə olan zülm kimi bir zülmü başqasına qarşı edibsə, onun zalım barəsində etdiyi dua və Lənəti qəbul etmərəm.»(Biharul-Ənvar, c.75, səh.312 , hədis20)
3. Duanın Allahın hikmətinə uyğun olmaması.
2129. İmam Əli (ə) :«Pak və müqəddəs Allahın kərəmi Onun hikmətinə zidd deyil. Buna görə hər dua qəbul olunmur.»(Ğurərul-Hikəm, hədis 3487)
688. Dua etməyin qaydası
1. Bismillah demək
.
2130. Allahın Peyğəmbəri (s): «Bismillahir rəhmanir rəhim»lə başlayan dua geri qaytarılmaz.»( Əl-Dəəvat, səh.52 , hədis131)
2. Allahı (gözəl sifətlərlə) vəsf etmək.
2131. Allahın Peyğəmbəri(s): «Allahın vəsfi ilə başlanılmayan hər bir duanın axırı yoxdur (yəni, qəbul olunmaz).»(Biharul-Ənvar, c.93, səh.317 , hədis21)
3. Məhəmmədə və onun Əhli-Beytinə salavat göndərmək.
2132. İmam Sadiq (ə): «Dua Məhəmməd və Əhli-Beytinə salavat göndərilən vaxtadək daim hicabdadır.»(əl-Kafi c.2, səh.491 , hədis1)
2133. İmam Sadiq (ə) :«Kim Allahdan bir hacət istəsə Məhəmmədə və Əhli-Beytinə salavat göndərməklə başlasın, sonra hacətini diləsin və axırda yenə Məhəmməd və ali Məhəmmədə salavat göndərsin. Çünki Allah-taalanın şəni və şərəfi duanın əvvəlini və axırını qəbul edib, ortasını isə qəbul etməməkdən daha yüksəkdir. Belə ki, Məhəmməd və Əhli-Beytinə salavat Allahdan gizlin qalmaz.»(Məkarimul-Əxlaq, c.2, səh.19 , hədis2040)
4.Əməli saleh insanları şəfaətçi etmək.
2134. İmam Kazim (ə): «Allahdan bir hacət istəyəndə de: «Pərvərdigara! Məhəmməd və Əhli-Beytinin haqqına Səndən istəyirəm...Çünki o ikisinin Sənin yanında (ali) məqamları vardır.»(Əl-Dəəvat, səh.51 , hədis127)
5. Günahı etiraf etmək.
2135. İmam Sadiq (ə): «(Duada) Əvvəlcə Allahı mədh etmək və sonra günahı etiraf edib hacəti diləmək lazımdır.»(Biharul-Ənvar, c. 93, səh.318 , hədis23)
6. Yalvarmaq və israr.
2136. «Biharul-Ənvar»: «Allah-taalanın İsaya (ə) nəsihətlərindən:«Ey İsa! Məni qəmli halda, köməyinə heç kəs gəlməyən və suda batan şəxs kimi çağır... Məni yalnız xar, zəlil, ahu-zar edə-edə və xalis niyyətlə çağır. Məni bu halda çağırsan, sənə cavab verərəm.»(Biharul-Ənvar, c.93, səh.314 , hədis19)
2137. İmam Hüseyn (ə) :«Allahın Rəsulu (s) dua vaxtı bir qədər yemək istəyən yazıq, dilənçi kimi əllərini göyə qaldırardı.»(Məkarimul-Əxlaq. c.2, səh.8 , hədis1981)
7. İki rəkət namaz qılmaq.
2138. İmam Sadiq (ə): «Kim düzgün dəstəmaz alıb, iki rəkət namaz qılsa, onun rukusu və səcdələrini kamil şəkildə yerinə yetirsə, sonra salam verib Allahı, peyğəmbəri mədh etsə və hacətini istəsə yerində istəmişdir. Hər kim yerində xeyir və yaxşılıq istəsə naümid qayıtmaz.»(Biharul-Ənvar, c.93, səh.314 , hədis20)
8. İstəyi çox bilməmək.
2139. Allahın Peyğəmbəri (s): «Allahdan istəyin və çox istəyin. Çünki Onun üçün heç nə çox və böyük deyil.»(Biharul-Ənvar, c.93, səh.302 , hədis39)
2140. İmam Baqir (ə): «Heç vaxt xahiş və istəyi çox bilməyin. Çünki Allah dərgahında olanlar sizin düşündüyünüzdən daha çoxdur.»(Məkarimul-Əxlaq. c.2, səh.97 , hədis2275)
9. Xahişdə alicənablıq.
2141. İmam Əlinin (ə) oğlu Həsənə (ə) vəsiyyətindən: «Allahdan özün üçün elə şey istəməlisən ki, onun gözəlliyi və xeyri sənə (əbədi) qalsın, ağırlığı və əziyyəti səndən uzaq olsun. Mal və sərvət sənə, sən də onlara qalmayacaqsan.»(Biharul-Ənvar, c.77, səh.205 , hədis1)
2142. İmam Sadiqin (ə): «Qoca qarı Musadan (ə) nə istəmişdir?» sualına cavabından: «O qarı dedi:«Yalnız o vaxt bu işi görərəm ki, mənim üçün bir neçə əməli yerinə yetirsən. Ayağımı zirək edəsən, gözümün nurunu və cavanlığımı mənə qaytarasan və özünlə bərabər Cənnətdə mənə də yer verəsən.»(Mən la yəhzuruhul-Fəqih, c.1, səh.193 , hədis594)
10. Hamı üçün dua etmək.
2143. Allahın Peyğəmbəri (s): «Bir nəfər dua edəndə hamı üçün dua etsin. Çünki belə etdikdə duanın qəbul olunma imkanı daha çoxdur. Kim özü üçün dua etməmişdən qabaq, qırx nəfər (mömin) qardaşı üçün dua etsə, bu dua həm onlar üçün, həm də özü üçün qəbul olunar.»(Biharul-Ənvar, c.93, səh.313 , hədis17)
11. Gizlində edilən dua.
2144. Allahın Peyğəmbəri (s): «Gizlində edilən bir dua, aşkarda edilən yetmiş duaya bərabərdir.»(Əd-Dəəvat, səh.18 , hədis7)
12. Birlikdə edilən dua.
2145. İmam Sadiq (ə): «Hər zaman dörd nəfər yığılıb bir dilək üçün Allah dərgahına dua etsə, onlar duaları qəbul olunmuş halda bir-birindən ayrılarlar.»(əl-Kafi, c.2, səh.487 , hədis2)
13. Duanın qəbul olunmasına nikbin olmaq.
2146. Allahın Peyğəmbəri (s): «Duanın qəbul olunmasına əminliklə Allahı çağırın.»( Biharul-Ənvar, c.93, səh.305 , hədis1)
2147. İmam Sadiq (ə) :«Dua edəndə elə zənn et ki, hacətin qapının astanasında dayanıb.»(əl-Kafi, c.2, səh.473 , hədis1)
14. Münasib vaxt seçmək.
2148. Allahın Peyğəmbəri (s): «Allahı çağırmaq üçün ən yaxşı vaxt sübh çağıdır.» Sonra Yaqubun (ə) sözlərini nəql edən bu ayəni oxudu: «Tezilklə Rəbbimdən sizin bağışlanmanızı istəyəcəm.» Həzrət (s) buyurdu:«Onlar üçün (dua etməyi) sübh vaxtına saxladı.»(əl-Kafi, c.2, səh.477 , hədis6)
2149. İmam Sadiq (ə): «Üç vaxtda Allah duanı geri qaytarmaz: «Vacibatı yerinə yetirəndən sonra, yağış yağan zaman və yer üzündə Allahın möcüzələrinin əlamətləri zahir olan vaxt (məsələn günəşin tutulması və s...).»(Biharul-Ənvar, c.85, səh.321 , hədis8)
15. İsrarla istəmək.
2150. Allahın Peyğəmbəri (s): «Allah o bəndəyə rəhmət eləsin ki, bir hacət diləyən və dua edən zaman, duasının qəbul olub olunmamasından asılı olmayaraq (öz hacətini) israrla istəyir.»(əl-Kafi, c.2, səh.475 , hədis6)
2151. İmam Baqir (ə): «Allaha and olsun, ilahi dərgahdan israrla və təkidlə öz hacətini istəyən elə bir mömin bəndə olmayıb ki, Allah-taala onun hacətini yerinə yetirməsin.»(əl-Kafi, c.2, səh.475 , hədis3)
689. Dua edənin uzaqlaşmalı olduğu işlər
1. Mümkün olmayan və rəva bilinməyən şeylər üçün dua etmək.
2152. İmam Əli (ə): «Ey dua edən, mümkün olmayan və rəva bilinməyən şeyləri Allahdan istəmə.»(əl-Xisal, səh.635 , hədis10)
2. Tələsmək.
2153. İmam Sadiq (ə): «Mömin hövsələsizlik etməyib, əlini naümid halda duadan çəkənədək daim Allahın xeyir, rifah və rəhmətindədir» (Rəvayətçi deyir) Ərz etdim:«Necə hövsələsizlik edər?» Buyurdu:«Xeyli müddətdir ki, dua etsəm də, qəbul olunmasını görmürəm» deməklə»(Biharul-Ənvar, c.93, səh.374 , hədis16)
3. Öz işində nəyin məsləhət (faydalı) olduğunu Allaha öyrətməsin
2154. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurmuşdur: «Ey Adəm övladı! Sənə verdiyim əmrə itaət et və öz işində nəyin məsləhətli olduğunu Mənə öyrətmə!.»(Biharul-Ənvar, c.71, səh.178, hədis 24)
690. Diləyi, istəmədən yerinə yetən kəs
2155. Əbu Həmzə: «Allah-taala Davuda (ə) vəhy etdi: «Ey Davud! Mənim əmrimə itaət edən bəndənin diləyini Mənə deməmiş yerinə yetirərəm və Məni çağırmamış ona cavab verərəm.»(Biharul-Ənvar, c.93, səh.376, hədis 16)
2156. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurmuşdur: «Məni yad etməklə öz istəyini Məndən diləməyi unudan kimsəyə, hacət istəyənlərə verdiklərimdən daha üstününü bəxş edərəm.»(Kənzul-Ummal, hədis 1874)
2157. Xanım Fatimeyi-Zəhra (ə): «Kim özünün saf və pak ibadətini Allah dərgahına qaldırsa, Allah-taala o bəndənin xeyrinə olan ən yaxşı işi ona nazil edər.»(Tənbihul-Xəvatir, c.2, səh.108)
691. Duası müstəcab olan şəxs
2158. İmam Həsən (ə): «Qəlbindən Allahın razılığını qazanmaqdan başqa bir şey keçirməyənə Allahın onun duasını qəbul edəcəyini zəmanət verirəm.»(Biharul-Ənvar, c.43, səh.351 , hədis25)
2159. İmam Səccad (ə): «Allah-taala, heç bir işində insanlara ümid bəsləməyən və özünün bütün işlərini Allaha tapşıran şəxsin hər bir duasını qəbul edər.»( Biharul-Ənvar, c.75, səh.110 , hədis16)
692. Qəbul olan dualar
2160. Allahın Peyğəmbəri (s): «Atanın Lənətindən qorxun ki, o qılıncdan itidir.»(Biharul-Ənvar, c.74, səh.84 , hədis94)
2161. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin uşaqları günahlara aludə olmasalar, duaları qəbul olunar.»(Biharul-Ənvar, c.93, səh.357 , hədis14)
2162. İmam Həsən (ə): «Quran oxuyan kəsin gec, ya tez qəbul olunmuş bir duası vardır.»( Biharul-Ənvar, səh.313, hədis 17 )
693. Qəbul olmayan dualar
2163. Allahın Peyğəmbəri (s): «Mən Allahdan istəmişəm ki, dostun öz dostu haqqında Lənətini qəbul etməsin.»( Biharul-Ənvar, səh.378 , hədis21 )
2164. İmam Sadiq (ə): «Dörd nəfərin duası qəbul olunmaz: Evində oturub «ey Allahım, mənə ruzi yetir!.» deyən kişinin. Allah-taala ona buyurar: «Məgər sənə qalxıb ruzi dalınca getməyi əmr etməmişəmmi?» Öz arvadına Lənət edən kişinin. Allah-taala ona buyurar: «Məgər onun işini sənə tapşırmamışammı?» Var-dövlətini hədərə verən kişinin. O, deyər: «Ey Allahım! Mənə ruzi ver.» Allah buyurar: «Məgər sənə qənaətcil olmağı əmr etmədimmi?.» Öz malını sənəd və şahid olmadan başqasına borc verən şəxsin. Allah-taala ona deyər: «Məgər sənə göstəriş vermədimmi ki, (borc verən zaman) sənəd və şahid tutasan.»( əl-Dəəvat, səh.33 )
694. Duanın qəbulunun gecikdirilməsinin səbəbi
2165. İmam Əli (ə): «Duanın qəbul olunmasının gecikdirilməsi sənin ümidini kəsməsin. Çünki Allahın bəxşişi sənin niyyətinə bağlıdır. Çox vaxt, istəyin yerinə yetirilməsi təxirə salınar ki, dilək diləyənə daha böyük mükafat verilsin və (ilahi bəxşişə) ümidvar olana daha böyük bəxşişlər bağışlansın. Çox vaxt görürsən ki, bir şey istəyəndə sənə verilməz, amma gec, ya tez ondan daha yaxşısı sənə bəxş edilər, yaxud sənin xeyrin nəzərə alınaraq istədiyin şey sənə verilməz. Elə diləklər də vardır ki, onların həyata keçməsi sənin dininin, imanının əldən getməsinə və zay olmasına gətirib çıxarardı.»( Kəşful-Muhəccəte, səh.228 )
2166. İmam Sadiq (ə): «Allah-taala buyurmuşdur: «And olsun izzəti-cəlalıma, əzəmətimə və böyüklüyümə ki, dünyada öz dostuma Məni yad etməyi ona unutduran bir şeyi verməyə çəkinirəm. Çünki istəyirəm ki, o, Məni çağırsın və Mən onun səsini eşidim. Kafiri isə arzusuna çatdıraram. Çünki ona nifrət edirəm və istəmirəm ki, Məni çağırsın və onun səsini eşidim.»( ət-Təmhis, ayə 33 , hədis17 )
695. Duanın qəbul olunmamasının səbəbi
2167. İmam Sadiq (ə): «Bir kişi Əmir-əl- möminin (ə) yanına gəlib ərz etdi:«Mən Allahı çağırıram, amma bir cavab almıram.» Həzrət buyurdu: «Çünki sən Allahı Ona məxsus olmayan sifətlərlə vəsf edirsən (çağırırsan). Həqiqətən, duanın dörd xüsusiyyəti var: Batini ixlas, niyyət, vasitəni tanımaq və istəkdə insaflı olmaq. Sən bu dörd məqamdan agah olduğun haldamı dua edirsən?» Ərz etdi: «Xeyr.» Həzrət buyurdu: Belə isə, bunları öyrən (və bu dörd məqama diqqət yetirərək dua et).»( Tənbihul-Xəvafir, c.1, səh.302 )
696. Dua təsirsiz qalmaz
2168. Allahın Peyğəmbəri (s): «Həqiqətən, sizin Rəbbiniz həyalı və bağışlayandır. O, bəndənin Ona tərəf uzanan əlini (istəyini) boş halda geri qaytarmağa həya edər.»( Kaənzul-Ummal, hədis 3128 )
2169. İmam Səccad (ə): «Möminin duası üç cür olar: Ya onunçün ehtiyat saxlanar, ya dünyada yerinə yetirilər, ya ona yetişmək istəyən bəlanı geri qaytarar.»( Tuhəful-Uqul, səh. 280 )

2170. İmam Səccad (ə): «Mömin axirətin gözəl mükafatlarını görəndə arzu edər ki, ey kaş, dünyada onun dualarının heç biri qəbul olmayaydı.»( əl-Kafi, c.2, səh.491 , hədis9 )


Category: Dua | Added by: IslamQadini (2012-10-10)
Views: 1857 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]