«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 11:25 AM
Main » Articles » Muxtelif me'lumatlar » Ay ev yiyəsi, qonaq istəyirsən?

Ay ev yiyəsi, qonaq istəyirsən?
 Ay ev yiyəsi, qonaq istəyirsən?
«Qonaq gələndə öz ruzisini gətirər, gedəndə isə ev sakinlərinin günahlarını özü ilə aparar»
  
Tez-tez qonağın olur? Deyirlər, əvvəllər qonaq çox gələrdi. Görəsən, dəyişən nədir? Biri deyir imkan yoxdur, başqası deyir iş çoxdur, yorğunluq imkan vermir qonaq qəbul etməyə. Eləsi də var ki, bu səbəblərin heç biri olmasa da, yenə də qonaq sevmir. Ya yalandan deyir evdə olmayacağam, ya da qapını açmır, guya evdə yoxdur...

Peyğəmbərlər qonaqpərvər olublar?
Evə gələn qonağın ruzi-bərəkətini artırdığını bilsən, yenə də qonaqdan qaçarsanmı? Üstəlik, bilsən ki az qonağın gəldiyi evə mələklər də gəlmir, yəqin, dəyişilərsən. Elə-belə deyil ki, Həzrət Məhəmməd (s.ə.s) qonağı Allahın insana bəxş etdiyi bahalı hədiyyə adlandırır. Çoxları bəlkə də bilmir ki, İslam dini qonaqpərvər olmağı insanın üzərinə bir öhdəlik kimi qoyur. Yəni istəsən də, istəməsən də, qonağını gözəl şəkildə qəbul etməlisən. Buna görə də qonaqpərvərlik ilk növbədə insanın Allaha olan sevgisinin göstəricisidir. Qonaqpərvərlik peyğəmbərlərə xas keyfiyyətlərdən biridir. Qurani-Kərimdə Allah İbrahim peyğəmbər haqda belə buyurur: «(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının söhbəti sənə gəlib çatdımı? Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): «Bunlar tanımadığım kimsələrdir!» - dedi. O, (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi. Onu qabaqlarına (qonaqların qabağına) qoyub: «Bəlkə, yeyəsiniz!» - dedi» (surə 51, ayə 24-27). Bu ayədən nə başa düşdük? İbrahim Peyğəmbər bütün işlərini kənara qoyub çağırılmayan, tanımadığı qonaqları isti qəbul edir. Ayə bizə öyrədir ki, qonağın kimliyindən, tutduğu mövqedən asılı olmadan ona qayğı göstərmək lazımdır. İbrahim Peyğəmbər qonaqlarına ən yaxşı yemək hazırlamağa çalışdı. Özü də heç onların gəlişlərinin məqsədini də bilmirdi. Peyğəmbər elə oturduqları yerə yemək gətirir və çox mehribancasına yeməyi təklif edir. Bu, hər birimizə gözəl nümunə deyilmi? Allah-Təala peyğəmbərləri bizlər üçün nümunə seçməyibmi?

Qonaq istəyirsən?
Düzdür, bəzi insanlar qonağın gəlişinə sevinmədiyini istədiyi kimi qabağına çıxa bilmədiyi, maddi durumunun pis olduğu ilə izah edir. Maraqlıdır, dinimiz belə durumlarda qonaq qəbul etməyə necə yanaşır? Gəlin ondan başlayaq ki, Quran ayələri, bir çox hədislər qonaq qəbul edərkən bir neçə qaydaya əməl etməyə çağırır; məsələn, qonağını gülərüzlə qarşıla, onunla xoş söhbət apar, dərhal Allah verəndən onu yedirdib-içirt, evində olduğu ilk gün, adətən, öz ailə üzvlərini yedizdirdiyindən daha yaxşı yedizdirməyə çalış, əlbəttə, imkan daxilində və s.

Otur qonaq yerində!
Öz aramızdır, ancaq qonaqdan-qonağa da fərq var. Qonaq var, ev yiyəsinə elə od qoyur ki, növbəti gəlişində qapı arxasında qalır. Yəni ev yiyəsi, sadəcə, ona qapını açmır. Əlbəttə, ən «vahiməli» qonaq belə bu hərəkəti etməyə haqq qazandıra bilməz. Bəzi hədislərə görə, üç gündən artıq qonaq qalmağın bəyənilməyən hərəkət olduğu vurğulanır. Əlbəttə, istisna hallardan başqa. Həmçinin Həzrət Məhəmməddən (s.ə.s) bizə çatan hədislərdə ev yiyəsinin qonağını yedizdirməyə, yatızdırmağa imkanının olmadığını bilə-bilə onun evində qalmağın yaxşı hərəkət olmadığı söylənilir. Peyğəmbərimiz (s.ə.s) deyir: «Müsəlman öz qardaşının evində o qədər qalmamalıdır ki, onu günaha sürükləmiş olsun». Peyğəmbərdən (s.ə.s) soruşurlar: «Qonaq ev yiyəsini necə günaha sala bilər axı?». Allahın rəsulu belə cavab verir: «Bilə-bilə ki ev yiyəsinin onu yedizdirməyə imkanı yoxdur, onun evində qalır».

Allaha şükür, ev yiyəsinə təşəkkür!
İnsan bir evə qonaq getdikdə ona açılan süfrəyə lağ etməsi, eyiblər axtarması çox bəyənilməyən bir işdir. İmam Sadiq (ə) gözəl deyir: «Qardaşının onun üçün hazırladığını kiçik hesab edən qonaq yolunu azıbdır».
Qonaq getmək məsələsində bir məqam da çox vacibdir. Çox yaxşı olar ki, qonaq getməzdən öncə ev yiyəsini bu haqda xəbərdar edəsiniz. Düzdür, məmləkətimizdə bu məsələyə çox riayət olunmasa da, xəbərsiz kiminsə evinə getmək yaxşı qarşılanmır.

Qonağa nə yedizdirim?
Qeyd olunduğu kimi, bəzi insanlar maddi durumu bəhanə edərək qonağın gəlişini əngəlləməyə çalışır. Ancaq dinimiz bizə öyrədir ki, evində qonaq qəbul edən insan yemək azlığından qorxmamalıdır. Lap pendir-çörəklə qonağını qəbul et, ancaq gülərüzlə, mehribanlıqla. İnan ki, sadə süfrə açmaq qonaqdan qaçmaqdan, qohumla, dostla əlaqəni kəsməkdən çox-çox yaxşıdır. Belə insana Allah bol-bol ruzi, salamatlıq yetirər. Qorxma ki özün ac qalarsan, çünki ilk növbədə insan öz qonağını yedizdirməlidir. Allah-Təala buna görə onu mütləq mükafatlandıracaqdır. Hətta İslam öyrədir ki, iki nəfər üçün nəzərdə tutulan yeməyi dörd, dördnəfərlik yeməyi səkkiz nəfər arasında bölmək olar. Peyğəmbərimiz (s.ə.s) deyir: «Bir nəfərin yeməyi iki nəfərə, iki nəfərin yeməyi dörd nəfərə, dörd nəfərin yeməyi isə səkkiz nəfərə çatar». Ümumiyyətlə, İslam dini insanı mərhəmətli olmağa səsləyir. Peyğəmbərimiz (s.ə.s) deyir: «Allaha və Axirət gününə inanan kəs qonağına ehtiram göstərsin…». Peyğəmbərimizin qonaq haqqında başqa maraqlı fikri də var: «Qonaqpərvərlik üç gün ərzində olunmalıdır, bundan sonrakı sədəqədir». Dinimizdə evə gələn qonağı qəbul etməkdə tənbəllik göstərmək bəyənilmir. Peyğəmbərimiz deyir: «Qonaqpərvərlik göstərməyən şəxs xeyir görməz».

Qonaqpərvər ər-arvad
Bir dəfə Məhəmməd Peyğəmbərin (s.ə.s) yanına bir nəfər gəlir. Həzrət Məhəmməd (s.ə.s) bu qonağı kimin qəbul edə biləcəyini soruşanda, bir kişi onu öz evinə qonaq aparır və xanımına deyir: «Peyğəmbərimizin qonağını yedizdir». Qadın deyir: «Axı evdə uşaqların yeməyindən başqa yemək yoxdur!?». Kişi: «Sən yenə də ona yemək bişir, uşaqları isə yemək istəsələr, yatızdır». Qadın yemək hazırlayır. Uşaqlar yemək istəyəndə isə anaları onları yatızdırır. Evlərindəki qonaq ac olduqlarını hiss etməsin deyə, ər-arvad özlərini elə aparırlar ki, guya yemək yeyirlər. Beləliklə, ailə ac ola-ola yuxuya gedir. Səhər həmin kişi Peyğəmbərimizin (s.ə.s) yanına gələndə isə Allahın rəsulu ona belə deyir: «Allah qonağınızla necə davrandığınıza heyrətləndi!». Bu hadisədən sonra Quranın bu ayəsi nazil olur: «…özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub-saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!» (surə 59, ayə 9).

İmkanlı qonaqlarım
Evimizə qonaq çağıranda təkcə imkanlı qohumları, tanışları çağırmaq düzgün deyil. Kasıb, imkansız yaxınları da unutmamaq gərəkdir. Peyğəmbərimiz (s.ə.s) gözəl deyir: «O yemək pisdir ki, onu, sadəcə, imkanlı şəxsləri dəvət etdikdə təqdim edirlər». Həmçinin bəzi hədislərdə qeyd olunur ki, oğulu çağıranda, yaxşı olar ki, ata da çağırılsın və ya kimisə qonaq dəvət edəndə, həmin şəxsin evində yaşayan yaxınlarını da dəvət etmək yaxşı əməldir.

Süfrə başında
Qonağına yemək verəndə isə yeyə biləcəyindən artıq yemək verməməyə çalış! Ev yiyəsi yeməyə birinci başlamalıdır. Özü də qonağı təkidlə yeməyə məcbur etmə. Yaxşı olar ki, qonaq yeməyi bitirdikdən sonra ev yiyəsi də yeməyini bitirsin. Bir də ki açlıan süfrə çox təmtəraqlı olmasa yaxşıdır. Elə təsəvvür yaranmasın ki, sən öz qonaqpərvərliyinlə öyünürsən və ya digərlərindən üsün olmaq istəyirsən. Əgər yemək azdırsa, hələ üstəlik, qonağın da iştahası yerindədirsə, ev yiyəsi çalışmalıdır özü az yesin. Qonağını gözəl şəkildə də yola salmalısan.

Dəvəti qəbul et!
Qonaq dəvət olunsan, mütləq razılığını verib dəvəti qəbul et. Dəvət edən istər imkanlı olsun, istərsə də kasıb, mütləq onun dəvətini qəbul etmək lazımdır, dəvəti rədd edərək ev yiyəsinin qəlbinə dəymək olmaz! Həmçinin dəvət olunmayan məclisə getmək də dinimizdə bəyənilmir. Sizi iki nəfər eyni zamanda qonaq dəvət edirsə, o kəsin dəvətini qəbul etmək daha yaxşıdır ki, o sizə daha yaxın yaşayır. Əgər onlar eyni məsafədə sizdən uzaqda yaşayırlarsa, onda o şəxsə üstünlük vermək lazımdır ki, o sizinlə daha yaxın münasibətdədir. Həmçinin çağırılan yerə özünüzlə dəvət olunmayan kimisə aparmaq yaxşı deyil. Bax belə!

Qonağa bir neçə məsləhət!
Ev yiyəsinin göstərdiyi yerdə əyləş! İmam Sadiq (ə) deyir: «Nə vaxt ki sizlərdən biri qardaşınızın evinə daxil oldunuz, o hansı yeri sizə təklif etsə, orada əyləşin…». Qonaq olduğun evin künc-bucaqlarına baxmasan yaxşıdır. Ev yiyəsinə yeməyi necə bişirmək lazım olduğunu da deməsən, lap əla olar! Hə, ən vacibi isə budur: Allaha xatir, yemək yeyəndən sonra ev yiyəsinin icazəsi olmadan öz əzizlərinə masada qalan yeməklərdən aparma! Yemək yeyilmək üçün masaya qoyulur, evə aparmaq üçün yox!

Qeybət üçün əlverişli məkan?
Ev yiyəsi evinə gələn qonaqlarını müdafiə etməlidir. Çalışmaq lazımdır qeybət olunmasın, pis sözlər danışılmasın. Belə olduqda mənfi emosiyalar yarana bilər, qonaq özünü pis hiss edə bilər. Ümumiyyətlə, çalışmaq lazımdır ki, qonaq razı getsin.
Beləliklə də gəlin evimizə qonağı Allaha xatir çağıraq! Çağıraq ki qardaşlıq, qohumluq əlaqələrimiz möhkəmlənsin. Dinimiz buna böyük önəm verir. O qədər böyük ki, hətta qeyri-müsəlman olan şəxslərə də qonaqpərvərlik göstərməyi buyurur!

Category: Ay ev yiyəsi, qonaq istəyirsən? | Added by: IslamQadini (2009-09-28)
Views: 1423 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]