«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-04-18, 9:04 PM
Main » Articles » Muxtelif me'lumatlar » Ögey “övladla” evlənmək?

Ögey “övladla” evlənmək?
 Ögey "övladla” evlənmək?
Kiminlə ailə qurmaq olmaz
 
Hər birimiz özümüzü tanıyandan sonra ailə qurmamız barədə düşünməyə başlayır, xəyallar qurur, gələcək planlarımız barədə düşünürük. Və nəhayət o gün gəlir! Qızlara gəlin, oğlanlara isə bəy kürsüsündə əyləşmək nəsib olur. Biri xoşbəxt, biri bədbəxt, biri isə ortabab yaşayır. Ancaq bu məqaləni yazmağımızın məqsədi bunlar deyil. Məsələ buradadır ki, insan həyatının ən mühüm qərarını qəbul edərkən, yəni evlənəcəyi zaman atdığı səhv addımına görə, ömrünün sonuna qədər halal ailə həyatından özünü məhrum edə bilər. Daha dəqiq desək, bəzi insanlar dinimizin qadağan etdiyi şəxslərlə evlənməklə boyunlarına günah almış olurlar. Gəlin baxaq, İslam dini kiminlə ailə qurmağı qadağan edir?
Kiminlə ailə qurmaq olmaz?
Ondan başlayaq ki, insan ailə qurarkən ilk öncə seçdiyi şəxsin mənəviyyatına, əxlaqına fikir verməli, sonra qalan keyfiyyətləri (məsələn, gözəllik) nəzərdən keçirməlidir. Ancaq bu evlilik məsələsində başqa məqamlara da fikir vermək lazımdır. Ümumiyyətlə, dinimiz kiminlə ailə qurmağa icazə verir? İnsan ancaq özünə naməhrəm olan şəxslə ailə qura bilər, özünə məhrəm sayılan şəxslə ailə qurmaq isə dinimizə görə haramdır, yəni qadağandır. Məhrəm şəxslər insanla yaxınlıq və qohumluğa görə məhrəm sayılır və onlar aşağıdakılardan ibarətdir:
1) Ata (baba);
2) Ana (nənə);
3) Övlad;
4) Bacı;
5) Qardaş;
6) Əmi;
7) Bibi;
8) Dayı;
9) Xala;
10) Nəvə (qız və ya oğulun övladı);
11) Qardaş və bacının övladları və s.
Əmi və bibi uşaqları, həmçinin dayı və xala uşaqları bir-birinə məhrəm sayılmır və onlarla dinimizə görə evlənmək olar.
Kişinin evlənəndən sonrakı "əbədi” məhrəmləri
Kişi ailə qurandan sonra qayınanası (həyat yoldaşının anası) ona artıq məhrəm hesab olunur. Bu məsələdə bir məqama xüsusi diqqət yetirmək lazımdır. Belə ki, kişi bir qadınla kəbin kəsdirib evlənsə və hətta həyat yoldaşı ilə cinsi yaxınlıq etməsə və ya ondan ayrılsa (boşansa) da, həmin qadının anası kişiyə həmişəlik olaraq məhrəm sayılır.
Süd bacı-qardaşları
İslam dininə görə süd bacı-qardaşlarının bir-birinə məhrəm olduqlarını bilirdinizmi? Ümumiyyətlə, süd vermək məsələsində çox diqqətli olmaq lazımdır. Aşağıda sadalanan şəxslər süd vasitəsilə bir-birinə məhrəm sayılırlar, yəni bu şəxslər bir-birilə ailə qura bilməzlər:
1) Bir uşağa süd verən qadın o uşağın anası hökmündədir.
2) Bir uşağa süd verən qadının əri, o uşağın atası hökmündədir.
3) Bir uşağa süd verən qadının istər evlənmək, istərsə də, süd vasitəsilə olan övladları və nəvələri hamılıqla süd verdiyi o uşağın bacı və qardaşları və bacı-qardaş övladları hökmündədir. Təsəvvür edin ki, bir qadın yad bir uşağın süd anası olur. Belə olduqda bu qadının doğma uşaqları da artıq həmin uşağın süd bacı-qardaşları olur, bir sözlə onlar bir-birilə evlənə bilməzlər. Hətta bu qadın başqa uşaqların da süd anasıdırsa, onda bütün bu uşaqlar bir-birinə məhrəm olur və onların evlənmələri qadağandır.
4) Bir uşağa süd verən qadının bacı və qardaşı. Süd verən qadının bacı-qardaşları da bu qadının süd anası olduğu uşağa məhrəm olurlar. Hətta əgər onlar o qadının süd bacı-qardaşlarıdırsa.
5) O qadının əmi, bibi, xala və dayısı və habelə süd ilə əmi, bibi, xala və dayısı sayılanlar. Yəni süd verən qadının əmiləri, bibiləri, xalaları, dayıları (hətta əgər süd vermək nəticəsində əmi, bibi, xala, dayı olanlar) da həmin uşağa artıq məhrəm olurlar və onların evlənmələri qeyri-mümkündür.
6) O qadının ata və anası və habelə süd ilə ata və anası sayılanlar. Yəni qadının ata-anası, hətta süd ata-anası da bu uşağa məhrəm olurlar.
7) O qadının ərinin bacı və qardaşı və habelə süd ilə bacı və qardaşı sayılanlar. Yəni bu qadının baldızı və qayını, hətta ərinin süd bacı-qardaşları da bu uşağa məhrəm olur və onların evlənməyi dinimiz tərəfdən yasaqlanır.
8) O qadının ərinin əmi, bibi, xala və dayısı və habelə süd ilə əmi, bibi, xala və dayısı sayılanlar. Yəni süd verən qadının ərinin əmi, bibi, xala, dayıları, hətta süd vermək nəticəsində ərinin əmi, bibi, xala, dayısı hesab olunan şəxslər həmin süd əmən uşağa məhrəm sayılırlar.
9) Süd yeyən uşağın atası, süd verən qadının (qız) övladları ilə evlənə bilməz. həmçinin
DİQQƏT,DİQQƏT!!! Süd vermək o vaxt məhrəmçilik və habelə evlənməyin haram olmasına səbəb olur ki, qadın iki yaşına qədər 15 dəfə doyunca ardıcıl şəkildə başqa bir uşağa süd versin. Və həqiqətdə körpə o neçə gündə yalnız o süddən qidalansın. Yəni iki yaşına qədər 15 dəfə doyunca ardıcıl uşağa süd verən ana onun süd anası və məhrəmi olur!
Qadının ailə qurandan sonrakı məhrəmi
Ailə quran qadına qayınata (ərin atası) da məhrəm hesab olunur. Ərin atası qadına məhrəm olduğundan onunla evlənmək dinimizə görə haramdır. Hətta kişi kəbin kəsdirib bir qadınla evlənsə, onunla cinsi yaxınlıq etməsə də, kişinin atası həmişəlik olaraq qadın üçün məhrəm sayılır. Kişi ilə qadın boşansalar belə, yenə də keçmiş ərinin atası qadın üçün həmişəlik olaraq məhrəm sayılır və onların evlənməsi qadağandır.
Ögey "övladla” evlənmək?
Əgər bir qadının ərə getdiyi kişinin başqa qadından oğlu varsa, həmin oğlan artıq o qadına (ögey anasına) məhrəm olur. Yəni ərin övladları və nəvələri bu qadına məhrəm olurlar. Onların oğlan və ya qız olması arasında isə heç bir fərq yoxdur.
Əgər kişinin evləndiyi qadının birinci ərindən qızı varsa, bu qız uşağı həmin kişiyə (atalığına) məhrəm sayılır. Kişi belə bir qadınla cinsi yaxınlıq etdikdə, qadının qızı, qız ya oğlan nəvəsi kişi üçün məhrəm sayılır. Onlarla evlənmək də kişiyə əbədi olaraq haramdır. Burada da bir məqama diqqət yetirək. Qadının uşaqlarının (yəni kişinin ögey uşaqlarının) əqd (kəbin) oxunan zaman olub-olmaması və hətta o qadından ayrıldıqdan sonra dünyaya gəlmələri arasında heç bir fərq yoxdur. Və onlar kişi üçün həmişəlik məhrəm sayılırlar və onlarla evlənmək olmaz. Gəlin Qurani-Kərimə nəzər yetirək:
"Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur! Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (surə 4, ayə 22-23).
Həm məhrəm, həm naməhrəm olan qız
İslam şəriətində bir məsələ də diqqəti çəkir. Həyat yoldaşının bacısı (baldız) kişiyə məhrəm sayılmasa da, yoldaşından ayrılmamış kişinin öz baldızı ilə evlənməsi dinimizə görə qadağandır.
Burada bir məsələni də qeyd etmək istərdik. Elə olur ki, ailə quran kişi və qadının əvvəlki nikahlarından uşaqları olur. Belə olduqda həmin övladlar ailədə ögey "bacı-qardaşlar” hesab olunsalar belə, İslam şəriətinə görə, onların evlənməsində heç bir problem yoxdur. Yəni bu uşaqların həm ata, həm ana tərəfdən qan qohumluqları yoxdur və onlar bir-birinə naməhrəm hesab olunurlar.
Beləliklə də, ailə qurduğumuzda ilk öncə Allah-Təalanın halal buyurduğu vasitələrlə öz səadət yolumuza qədəm basaq. Yalnız belə olduqda biz həm özümüzü, həm həyat yoldaşımzı, həm də gələcək övladlarımızı sözün əsl mənasında xoşbəxt edə bilərik...
Category: Ögey “övladla” evlənmək? | Added by: IslamQadini (2009-09-19)
Views: 1096 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]