«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-03-19, 11:42 AM
Main » Articles » Destemaz-Namaz » Namaz - hüzuri-qəlb

Namaz - hüzuri-qəlb
 
Namaz - hüzuri-qəlb
 
Namazda Allaha diqqət yetirmək, xuşu və hüzuri-qəlbin olması nəinki təkid edilmiş, məsumların (əleyhimus-salam) özləri belə, namazlarında Allaha diqqət yetirmiş, xuşu halında olmuşlar.
 
 Bu barədə çoxlu hədislər nəql edilmişdir və oxuculara yaxşı təsir bağışlasın deyə, bir neçəsini qeyd edirik. Aişə, Peyğəmbəri-Əkrəm sallallahu əleyhi və əlihi və səlləm barəsində belə deyir: «Peyğəmbərlə söhbət edirdim. Namaz vaxtı gəlib çatanda birdən-birə elə dəyişilirdi ki, sanki bizi tanımırdı, biz də onu tanımırdıq.» («Nəfsin saflaşdırılması», səh. 219)
 
Həmçinin, Cəfər ibni Əli Qummi deyir: «Allahın Peyğəmbəri (s) namaza dayanan zaman Allah-Təalanın qorxusundan üzünün rəngi qaçırdı» («Mizanul-Hikmət», səh. 518, hədis 3612) Əli ibni Əbu Talib (ə) haqqında yazırlar ki, namazın vaxtı gəlib çatanda iztirabdan üzünün rəngi dəyişərdi. Onun səbəbini soruşanda buyururdu: «Elə bir əmanəti (qaytarmağın) vaxtı gəlib çatmışdır ki, onu asimanlara və yerə təqdim etdilər, lakin onlar qorxub onu qəbul etməkdən imtina etdi. Insan isə o böyük əmanəti qəbul etdi. Buna görə qorxuram, görəsən bu əmanəti əda eləməyin öhdəsindən lazımınca gələ biləcəyəm, ya yox!» («Nəfsin saflaşdırılması», səh. 218)
 
Hətta, döyüşlərin birində O həzrətin ayağına ox batdığı zaman, məsləhət bilmişdilər ki, Həzrət namaza məşğul olduğu zaman oxu ayağından çıxarsınlar. Çünki O həzrət bütün qəlbi ilə Allaha bağlanıb, xuzu-xuşu zahir edərək namaz qıldığı üçün, oxun ayağından çıxmasının da fərqinə varmayacaqdır. Həzrət xanım Fatimeyi-Zəhra əleyhəs-salam haqqında qeyd olunmuşdur ki, namaz halında nəfəsi Allahın qorxusundan təngiyərdi. («Nəfsin saflaşdırılması», səh. 219)
 
 Imam Sadiq əleyhis-salam buyurmuşdur: «Imam Həsən əleyhis-salam namaz qılarkən, mübarək bədəni Allahın əzəməti qarşısında titrəyirdi; hər zaman Cənnət və ya Cəhənnəm yadına düşsəydi, ilan sancan adam kimi həyəcanlı və pərişan olaraq özünə bükülərdi.» («Namaz hədis güzgüsündə», səh. 27)
 
 Imam Sadiq (ə) buyurur: «Hər vaxt namazın vaxtı çatırdısa, Imam Səccad (əlehis-salam)-ın üzünün rəngi saralır, xurma ağacının yarpağı kimi, bədəninə titrəmə düşürdü.» («Namaz hədis güzgüsündə», səh. 28) Əban ibni Təğlib deyir: Imam Cəfəri Sadiqə (əleyhis-salam) ərz etdim: Əliyyibni Huseynin (əleyhis-salam) namaz halında rənginin qaçdığını gördüm (bunun səbəbi nədir)?! Buyurdu: Bəli, O qarşısında durduğu məbudu tam tanımışdır. («Nəfsin saflaşdırılması», səh. 223) Cabir Cöfi deyir: Bir gün Imam Muhəmməd Baqir (ə) namaz qılırdı. Mübarək başına bir şey oturdu.
 
Həzrətin qəlbinin namazda hazır olması ilə yanaşı, həm də Allahın böyüklüyünə ehtiram əlaməti olaraq, o şeyə əhəmiyyət vermədən namazına davam etdi. Bu anda Imam Sadiq (ə) gələrək onu atasının başından götürdü. («Namaz hədis güzgüsündə», səh. 28)
 
 Əbu Əyyub deyir: «Imam Baqir (ə) və Imam Sadiq (ə) namaza dayananda üzlərinin rəngi qaçardı. Gah qızarır, gah da saralardı, sanki gördükləri bir kəsə öz sirlərini pıçıldayırlar.» («Mizanul-hikmət», səh. 519, hədis 3620) Deməli, namazda mühüm olan kəmiyyət deyil, keyfiyyətdir. Yəni, hüzuri-qəlb izhar edərək qıldığımız iki rəkət namaz, Allah dərgahında, hüzuri-qəlb və xuşu olmadan, Allahdan qeyrisini düşünərək qıldığımız əlli rəkət namazdan üstündür.

Namazda hüzuri-qəlbin olması üçün nə etməliyik?

Namazın xuşu və hüzuri-qəlb ilə qılınması haqda danışdıqda, qarşıya belə bir sual çıxır; Namazda hüzuri-qəlbin olması üçün nə etməliyik? Necə edək ki, namaz qılarkən fikrimiz namazdan yayımasın? Ilk növbədə (namaza başlamazdan əvvəl) namazda hüzuri-qəlbin qarşısını ala biləcək maneələri aradan qaldırmalıyıq ki, qəlb hüzuru ilə ibadət etməyə müyəssər olaq. Hətta, namazın vaxtı daxil olmuş olsa belə, insan yorğun, taqətsiz yaxud halsızdırsa, bir az gözləməlidir ki, bu halsızlıq aradan getsin və özünü yaxşı hiss etdikdə namaza başlasın. Çünki insan sadalanan bu kimi maneələri dəf etməsə, namaz qılarkən nə dediyini və nə etdiyini anlaya bilməz. Bu o dərəcədə mühümdür ki, hətta, Peyğəmbərin (s) dövründə şərab içərək namaza duranlara, Allah-Təala belə buyurmuşdur: «Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman –yol ötən müsafirlər müstəsnadır- qüsul edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın.» (Nisa surəsi, ayə 43) Və yaxud aclıq, susuzluq üz vermişsə, əvvəlcə (aclıq və susuzluğu) aradan aparacaq miqdarda qidalanmalı, sonra hal tapıb namaza başlamalıdır.
 
Həmçinin, bovl, ğait insanı narahat edərsə, gərək buna əncam verdikdən sonra namazını qılsın. Bundan əlavə, insan çox yesə və bu səbəbdən namaz qılmaq iqtidarında olmasa, eləcə də, hər hansı məsələdən ötrü, fikirləri bir-birinə qarışsa və başqa bu kimi maneələr meydana gəlmiş olsa, gərəkdir ki, həmin maneələrin qarşısı alınsın, hüzuri-qəlbə şərait yarandıqdan sonra namaz qılınsın. Daha sonra, əgər, namaz fürada (tək halda) qılınarsa, gərək nəzərlərdən uzaq, gediş-gəlişin olmadığı (və ya az olduğu) sakit bir yer seçilsin və namaz qılan şəxs, səcdə yerinə baxsın ki, fikri namazdan yayınmasın!
 
Eləcə də, həmin yer səs-küylü və orada diqqəti cəlb edən hər hansı bir əşya olmasın. Əgər camaat namazı qılınarsa, yenə (namaz qılan) səcdə yerinə baxsın və diqqəti imam-camaatda olsun (imam-camaat qiraəti ucadan oxuyarsa, ona qulaq assın). Düzdür ki, sadalanan amillər fiqh kitablarında, risalələrdə qeyd edilən namazın batil olmasına səbəb olan amillərin xaricindədir, lakin bununla belə, namazda xuşu və xuzunun qarşısını alan maneələrdir və belə vəziyyətlərdə namaz qılmaq məkruhdur (bəyənilmir). (Bu barədə ətraflı mə`lumat üçün, Ayətullah Ibrahim Əmininin «Nəfsin saflaşdırılması» kitabına müraciət edə bilərsiniz.) Bütün bunlardan əlavə, əməllərimizin düzlüyü də şərtdir. Yəni, bir kəsin əməlləri saleh olmasa-vacib əməllərdən boyun qaçırsa, haramdan ictinab etməsə (yəni, özünü qorumasa) namazında müt`i olub, hüzuri-qəlb ilə qılması mümkün deyil.

Əməllərin qəbulu namaza bağlıdır
Bir çoxları belə hesab edir ki, ehtiyacı olan insanlara əl tutmaqla xeyirxahlıq edib, xəsavətpərvərlik nümayiş etdirmək də, ibadətdir və Allahın bəyənib sevdiyi əməllərdən sayılır. Belə bir işə əncam vermək, bəlkə namazdan daha əfzəldir. Bu cür düşünənlər, adətən belə deyir: "Hər kəsin namazı yalnız, onun özü üçün faydalıdır. Amma, bir fəqirə yardım etmək, maddi tələbatını ödəyib ehtiyaclarını qarşılamaq, nəinki bu işi görən şəxs üçün savabdır, hətta, fəqirin xoşhal olmasına, vəziyyətinin yaxşılaşmasına səbəb olur.” Əlbəttə ki, bir kimsəyə yardım əli uzatmaq və yaxşılıq etmək, şərən bəyənilir və gözəl əməllərdəndir.
 
Amma bu mənada deyil ki, namaz qılmayıb, təkcə xeyriyyəçilik nümayiş etdirmək kifayətdir! Bir halda ki, namaz vacib (yəni tərk edilməsi haram və günah), sədəqə vermək, fəqirlərə yardım etməksə müstəhəb əməldir ki, tərk edilərsə bundan ötrü (tərk edən şəxsə) heç bir günah yazılmaz. Bu əməlin (fəqirlərə yardım etməyin) insan üçün o zaman faydası və mükafatı olar ki, ilk öncə vacibata əməl etməklə, Allahın əmrinə tabe olsun, sonra əməl dəftərini belə müstəhəbb əməllərlə bəzəsin. Belə ki, müstəhəb əməllərə əncam vermək, mükəlləf şəxsin boynundan vacibatı (namazı, orucu) götürməz. Digər tərəfdən belədir ki, həmin səxavətpərvərliyin özü də, Pərvərdigari-aləmin razılığını qazanmaqdan ötrü olmalıdır. Yəni, məsələn, imkanlı bir şəxs, cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstəyə, əməliyyat olması üçün yardım edirsə, bunu Allah rizası üçün etməli, kiminsə eşidib "əhsən, gör necə yardımsevər, əliaçıq adamdır” deməsi, onun üçün mühüm olmamalıdır. Deməli, bəndənin xeyriyyəçilik etməkdə, eləcə də, hər işi görərkən məqsədi Allahın rizasını qazanmaq olmalıdır. Yəni, hər bir işi Allah üçün etməlidir. Qurani-Kərimdə buyurulur: "De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam surəsi, ayə 162) Amma, namaz və digər vaciblərdən boyun qaçıran bir kəsin, xeyriyyəçiliklə məşğul olmaqda məqsədi, heç də Allah rizası deyil! Çün ki, məqsəd Allah rizasını qazanmaq olsaydı, hər şeydən əvvəl Allahın əmrini yerinə yetirib, haramlardan pəhriz edərdi. Çünki Allah-Təala namaz qılmağı, ümmətə vacib buyurub, rizası da ondadır. Üstəlik, belə şəxslərdə bir xüsusiyyəti də asanlıqla müşahidə etmək olur ki, həmin şəxslər, etdikləri yaxşılıqları kiməsə deməklə, belə bir xeyir işə səbəb olduqlarını bəyan edir, beləliklə də, savabı əldən vermiş olurlar. Imam Sadiq əleyhis-salam buyurur: «Bəndədən (Qiyamətdə) soruşulan ilk şey namazdır, əgər namazı qəbul olunsa, digər əməlləri də qəbul olunacaqdır. Namazı qəbul olunmadığı halda, başqa əməlləri də qəbul olunmayacaqdır.» («Namaz hədis güzgüsündə», səh. 10)
 
Həzrət Əli əleyhis-salam buyurur: "Bil ki, bütün əməllərin namazına bağlıdır” («Namaz hədis güzgüsündə», səh. 20) Harun ibni Xaricə, Imam Sadiq (ə)-dan nəql edərək deyir: «Bir gün, dostlarımızdan birini Imam Sadiq (ə)-ın yanında təriflədim. Belə ki, həddən artıq əliaçıq, ehsan verən, xalqa yaxşılıq göstərən, səxavətli və ziyalı bir şəxsiyyət olmasını O həzrətə söylədim. Sözümü qurtarandan sonra, Imam Sadiq (ə) mənə xitab edib buyurdu: De görüm namazlarını necə qılır? Yəni, sənin bu dostun o əməlləri yaxşı yerinə yetirdiyi kimi namazlarını da vaxtında qılaraq bütün şərtlərinə riyaət edirmi? Çünki əgər o şəxs müqəddəs Islam dinində bəyənilən namazı da digər əməllər kimi yaxşı yerinə yetirsə, onda belə bir şəxsin sair əməlləri də, bəyənilib qəbul olunar. Buna görə ki, onun digər əməllərinin qəbul olunması, onun qıldığı namaz ilə əlaqədardır.» («Namazın mənəvi həyatı», səh. 75-76) Bu hədisə diqqət yetirsək görərik ki, Həzrət Imam (ə), təriflənən (həddən artıq əliaçıq, ehsan verən, xalqa yaxşılıq göstərən, səxavətli və ziyalı olan bu) şəxsin namaz əhli olub-olmadığını deyil, namazlarının necəliyini, yəni, keyfiyyətini xəbər alaraq "namazlarını necə qılır?”-deyə sual edir. Indi görün namazını yaxşı qılmayan şəxsin haqqında Imam belə deyirsə, ümumiyyətlə namazı olmayan şəxsin aqibəti necə olcaqdır. Deməli, digər əməllərin qəbulu, namazın qəbul olunmasına bağlıdır. Əgər namaz qəbul olunmasa, digər əməllər də, faydasızdır və qəbul olunmayacaqdır.

Category: Namaz - hüzuri-qəlb | Added by: IslamQadini (2010-05-31)
Views: 1466 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]