«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 7:09 PM
Main » Articles » Ramazan-Oruc » Ramazanla bagli diger meseleler

Oruc və vicdan tərbiyəsi
 
Oruc və vicdan tərbiyəsi
 

İnsan təbiətində onu yaxşı işlər görməyə həvəsləndirib, çirkin əməllərdən çəkindirən səltənət qüvvəsi və səmavi gücə malik bir xüsusiyyət var.
Milliyyət və irqindən asılı olmayaraq bütün insanlar öz batinlərində bu qüvvəni hiss edirlər və o qüvvəyə tabe olmağı kamal və fəzilət hesab edirlər. Sədaqət, ədalət, və əmanət kimi müsbət xüsusiyyətləri məhz qeyd etdiyimiz qüvvəni daxilində dirildən və ayıq-sayıq saxlayan şəxslərdən gözləmək mümkündür və yalnız belə insanlardan faydalanmaq və yaxşılıqlarına ümid bəsləmək olar. Əgər bir insan batinindəki bu ilahi nuru söndürərsə daha o şəxsdən şərəf, fəzilət və bir sözlə insanlıq gözləmək sadəcə əbəs olar.
Əxlaq elmində bu qüvvəyə "vicdan” deyilir. Əlbəttə bəzi alimlər bu quvvəyə qəlb də deyirlər. Bu qüvvənin buyuruğuna əməl etmək sevinc və səadət amilidir. (məsələn, öhdəsindəki ağır məsuliyyəti yerinə yetirən adam qəlbən rahatlıq və asayiş hissi keçirir) Günah və yaxud bəyənilməyən bir iş gördükdə isə sanki həmin qüvvə insanı danlayır. O gördüyü işdən peşiman olur və peşimanlıq onun çöhrəsində açıq-aydın hiss olunur. Onun siması "kaş bu işi etməyəydim!” cümləsini ifadə edir.
Qurani-kərimdə "ləvvamə nəfs” adlanan vicdan nidası insanı qorxudaraq ondan etdiyi nalayiq əməllərin əvəzedilməsini tələb edir.
Hamımız dəfələrlə vicdanın təsirindən fəsad, zülm, xəyanət və günahla dolu həyatını dəyişdirən insanları müşahidə etmişik. Onlar ömürlərini pak, xeyirxah və şərəflə keçirməklə Allahpərəst insanlara çevriliblər.
Bu ilahi qüvvəyə tabe olmaq və onu çalışdırmaq həmin qüvvənin inkişafına səbəb olur. Eləcə də ona qarşı etinasızlıq həmin qüvvənin zəifləməsinin başlıca amilidir. Buna görə də insan ilk dəfə bu qüvvəylə müxalifətçilik etdikdə narahat olaraq vicdan əzabına qərq olur. Əgər vicdanla müxalifətçilik davam edərsə, insanın vicdanı tədricən zəifləyir və insan öz təbiətində pis və nalayiq işlərə qarşı heç bir əksüləməl hiss etmir. Belə olduqda bu ayənin bariz nümunəsinə çevrilir:
"Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!”(1)
Dini proqramların əsas hədəflərindən biri də məhz bəşərin vicdanını daim diri və aktiv halda saxlamaq və onun zəifləməsinin qarşısını almaqdan ibarətdir.
Namaz, həcc, dua, Quran tilavəti, nəsihətlər və s. kimi tərbiyəvi əməllər bir sözlə şəriətin əmrlərinə itaət etmək və qadağan etdiklərindən çəkinmək bu qüvvəni inkişaf etdirərək insana ali dini vicdan və məsuliyyətlilik hissi bəxş edir. Belə bir vicdan İlahi xofun nişanəsidir.
Dini vicdandır şeytan vəsvəsə edərkən insanın köməyinə tələsib onu günaha bulaşmaqdan qoruyan. Qurani-kərim bu barədə buyurur:
"Allahdan qorxanlara şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar”(2).
Orucun tərbiyəvi faydalarından biri də vicdanın tərbiyələnməsidir. Oruc, dini vicdana tabe olmaqla pak və səmimi niyyətlə (ixlasla) yerinə yetirilən ibadətlərdəndir. Riyakarlıq kimi batil məqsədlər heç vaxt ona yol tapa bilmir. Çünki, səbr və "imsak”dan ibarət olan bu əməl Allaha itaət və vicdanın nidasına cavab vermək məqsədilə, pak niyyətlə yerinə yetirilmədikdə oruc hesab edilmir. Belə şəxslər xəlvətcə yeməyə və insanların hüzurunda yeməkdən çəkinməyə qarirdirlər.
Şübhəsiz məhz xəlvətcə və insanların hüzurunda imsak edənlər orucdurlar və həqiqi itaətə yiyələniblər. Həzrət Əli (ə) bu barədə buyurur:
"Allah, imanı (bəndələrinin qəlblərini) şirkdən təmizləmək, namazı təkəbbür və məğrurluqdan paklaşmaq, zəkatı (yoxsullara) ruzi vasitəsi olması, orucu insanların (Allaha olan) sədaqət və səmimiyyətlərini sınamaq, həcci dinin güclənməsi, cihadı İslamın izzəti, "əmr be mərufu” (yaxşılıqlara dəvəti) adi xalq kütləsinin islahı, "nəhy əz münkəri” (pisıiklərdən çəkindirməyi) ağlı az olanların (itaətsizlik və günahlarının) qarşısını almaq, qohumluq tellərini birləşdirməyi saylarının çoxalması, qisası qanların qorunması, şəri cəza növlərinin icrasını haram və qadağan edilmiş şeylərə əhəmiyyət verilməsi, şərab içilməməsini ağılları qorumaq , oğruluqdan uzaqlığı paklaşmağı gerçəkləşdirmək , zina etməməyi soy və nəsillərin düzgün qalması, livatı (həmcinsbazlığı) tərk etməyi nəsil və övladların çoxalması, ........ salamı qorxulu yerlərdən xatircəmlik , imamət və rəhbərliyi xalqın nizam-intizamı və rahatlığı və itaət və tabeçiliyi imamətin böyük hesab edilməsi üçün vacib edib.”(3)
Belə oruc tutan şəxs inkişaf etmiş dini vicdana yiyələnmişdir. Əminliklə demək olar ki, belə oruc insanda vicdanın qüvvətlənməsinə və məsuliyyət hissinin artmasına səbəb olacaq. Deməli vicdan inkişafının ardınca olan bütün insanlar oruc tutmalı və İslam dininin beş(4) əsasından biri olan bu əmələ etinasız yanaşmamalıdırlar.
Allah orucunuzu qəbul etsin! Amin!

İstifadə olunan ədəbiyyat:
1. "Bəqərə surəsi”, 7-ci ayə.
2. "Əraf surəsi”, 201-ci ayə.
3. "Nəhcül-bəlağə”, 252-ci hikmət.
4.” Məhiccətül- bəyza”, 2-ci cild, səh: 122.


Ayətullah Safi Gülpayiqani:
"Mahe mübarəke rəməzan, məktəbe aliye tərbiyət və əxlaq"


Tərcümə etdi: Şəhriyar




Category: Ramazanla bagli diger meseleler | Added by: IslamQadini (2010-08-11)
Views: 990 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]