Main » Articles » Ramazan-Oruc » Ramazanla bagli diger meseleler |
Quranda oruc
Quranda oruc
1-ci ayə "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə siz pis əməllərdən çəkinəsiniz!” Bu ayədən öncə yer alan bir neçə mühüm islam hökmlərindən sonra, Allah Təala bu ayələrdə mühüm ibadətlərdən sayılan başqa bir hökmə yəni, oruca işarə edir. Allah keçən ayələrdə olduğu kimi təkidlə buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi.”
Sonra fasiləsiz olaraq bu insan tərbiyə edən ibadətin fəlsəfəsini qısa, lakin çox dərin mənalı bir ayədə belə bəyan edir: "Bəlkə siz pis əməllərdən çəkinəsiniz!”
Oruc, təqva ruhunun dirçəldilməsi və bütün sahələrdə pərhizkar olmanın əsas səbəblərindəndir. Bu baxımdan ki, bu ibadət maddi ləzzətlərdən məhrumluq və bəzi çətinliklərlə (xüsusilə də yay mövsümündə) yanaşıdır. Yuxarıdakı ayədə müxtəlif kəlmələr işlənib ki, insanın ruhuna bu hökmü qəbul etməkdə yardımçı olur. Birinci xitab budur: "Ey iman gətirənlər!” Sonra bu həqiqət bəyan edilir ki, oruc yalnız sizə aid deyil. Sizdən öncəki ümmətlərə də vacib olmuşdu.
Sonda isə onun fəlsəfəsini vurğulayaraq buyurur: Bu Allah tərəfindən vacib edilmiş əməlin savabı tam olaraq sizə aid olacaqdır. Allah bu kəlamlarla orucu sevimli və ürəyə yatan bir məsələyə çevirir.
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: "Ey iman gətirənlər!” xitabının ləzzəti o qədər çoxdur ki, bu ibadətin çətinlik və məşəqqətini aradan qaldırır!”
2-ci ayə
"(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”
Bu ayədə də orucun çətinliyinin azaldılması məqsədilə bu barədə bir neçə göstəriş verilir. Əvvəl belə buyurulur: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir.” Yəni, bir neçə gün oruc tutmalısınız. Belə deyil ki, ilin axırınadək yaxud ilin böyük bir hissəsini oruc tutmalısınız. Əksinə oruc ilin kiçik bir hissəsində tutulur.
Digər tərəfdən isə: Sizlərdən xəstə olan, səfərdə olan və oruc tutarkən çətinliyə düşən şəxslər bu hökmdən azad ediliblər və bu orucun yerinə başqa günlər oruc tutmalıdırlar: "(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.” Yenə əlavə edilir: O şəxslər ki, oruc tutarkən həddən artıq əziyyət çəkirlər və oruc onlar üçün olduqca çətindir (məsələn: qoca kişi və qadınlar və əlacı olmayan xroniki xəstəliklərə mübtəla şəxslərə), onların oruc tutmaları vacib deyil. Lakin onun yerinə bir fəqirə təam verməlidirlər: "Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər.”
O şəxslər ki, Allah yolunda bundan daha çox təam vermək istəsələr, onlar üçün daha yaxşıdır: "Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar.”
Sonda isə ayənin axırında buyurur: Oruc tutmaq sizin üçün daha yaxşıdır: "Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” Bəziləri bu cümləni islamın ilk dövrlərində orucun ixtiyari vacib olduğunu və müsəlmanların oruc tutmaq yaxud onun yerinə fidyə ödəmək kimi iki vəzifədən birini seçmək ixtiyarına malik olduqları kimi qələmə vermək istəyiblər ki, müsəlmanlar tədricən oruc tutmağa adət etsinlər. Sonra isə bu hökm nəsx edildi və oruc eyni vacibə çevrildi. Lakin bu cümlənin orucun fəlsəfəsinə daha bir təkid olduğu nəzərə çarpır və bu ayə bəyan edir ki, bu ibadət də digər ibadətlər kimi Allahın cəlal və əzəmətinə bir şey artırmır, əksinə onun bütün xeyir və faydaları ibadət edənlərə çatır. Bu sözün dəlili Qur`anın digər yerlərində nəzərə çarpan oxşar ayələrdir. Məsələn: "Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”
Bu kəlam cümə namazının vacib olması hökmündən sonra zikr edilir. Ayə tam olaraq belədir: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”
Ənkəbut surəsində isə belə oxuyuruq: "(Ya Rəsulum!) İbrahimi də (yad et)! Bir zaman o öz tayfasına belə demişdi: "Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?!”
Beləliklə aydın olur ki, bu cümlə "Oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” oruc tutmayıb onun yerinə fidyə verən müəyyən dəstəyə deyil, bütün oruc tutanlara aiddir.
3-cü ayə
"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz.”
Bu ayə orucun vaxtını və onun bəzi hökm və fəlsəfəsini izah edir. Əvvəlcə buyurur: Oruc tutmalı olduğunuz bir neçə gün ramazan ayıdır: "Ramazan ayında”.
Sonra buyurur: "O ay ki, Qur`an onda nazil edildi!”
O Qur`an ki, insanların hidayəti üçündür, açıq aşkar dəlillərə malikdir və haqq ilə batilin ayırılması mənbəyidir: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran.”
Sonra yenidən səfərdə olan və xəstələrin hökmünü təkid olaraq təkrarlayır və buyurur: "Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar.”
Xəstə və səfərdə olanların hökmünü bu ayə və keçən ayədə təkrar deyilməsi ola bilsin ki, bu mənada olsun: Bəzi şəxslər orucun açılmasını hər halda yolverilməz olduğunu fikirləşərək xəstə və səfərdə olarkən belə oruc tutmağa çalışsınlar. Buna görə də Qur`an bu hökmü təkrarlayaraq müsəlmanlara çatdırır ki, sağlam və oturaq tərzdə olan şəxslərə oruc tutmaq İlahi bir vacib olduğu kimi, xəstə və səfərdə olan şəxslərə də iftar etmək İlahi əmrdir və bununla müxalifət də günahdır.
Ayənin axır hissələrində də orucun şər`i vacib edilmə fəlsəfəsini xatırladır və deyir: "Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər.”
Ayə, oruc tutmağın zahirən bir növ çətinlik və məhdudiyyət olmasına baxmayaraq, bu ibadətin sonunun insanın həm mənəvi və həm də maddi rahatlığı və asayişi olduğuna işarə edir. Bu cümlə bu mənada da ola bilər ki, İlahi hökmlər zalım hakimlərin hökmü kimi deyil. Əksinə Allahın hökmünü yerinə yetirmək çətin olduqda, O daha asan vəzifə ilə razılaşır və buna görə də oruc tutmağın olduqca çox olan əhəmiyyətinə baxmayaraq, onu xəstə və səfərdə olan şəxslərin üzərindən götürüb.
Sonra əlavə edir: Məqsəd budur ki, siz bu günlərin sayını tamamlayasınız: "Fövtə gedən günlərin orucunu tamamlayasınız.”
Yəni hər bir sağlam insana ildə bir ay oruc tutmaq vacibdir, çünki onun cismi qorunur və ruhu tərbiyələnir. Buna əsasən, əgər ramazan ayında xəstə və ya səfərdə olubsa, bu günlərin sayı qədər orucu qəza etməlidir ki, göstərilən say tamamlansın. Habelə heyz (aybaşı) halında olan qadınlar namazın qəzasından azad edilməsinə baxmayaraq orucu qəza etməlidirlər.
Sonuncu cümlədə isə buyurur. siz Allahın sizi hidayət etməsinə görə Allaha təzim etməlisiniz və sizə verdiyi nemətlər üçün Ona şükr etməlisiniz: "Və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz.”
Diqqət yetirilməli məqam budur ki, şükr etmk məsələsini "” ("lə`əllə” yəni, bəlkə) kəlməsi ilə vurğulayıb, amma Allahın böyük tutulması məsələsini qəti şəkildə qeyd edib. Ola bilsin ki, ayədəki kəlmə fərqi buna görə olsun ki, hər halda bu ibadəti yerinə yetirmək Allaha təzim etməkdir. Lakin şükr etmək o deməkdir ki, insanın nemətləri öz yerində istifadə etməsinə orucun təsir və fəlsəfəsini dərk etməsi nəzərdə tutulur ki, bunun da bəzi şərtləri var və bu şərtlər hasil olmayınca şükr yerinə yetirilməz. Bu şərtlərin ən əsası isə, kamil ixlas, orucun həqiqəti barədə mərifət əldə etmək və onun fəlsəfələrini bilməkdir.
Qeydlər:
1. 2-ci surə, "əl-Bəqərə” (İnək) surəsi, 183-cü ayə.
2. "Məcm`ə əl-bəyan” təfsiri, sözü gedən ayənin təfsirində.
3. 2-ci surə, "əl-Bəqərə” (İnək) surəsi, 184-cü ayə.
4. Ayədə işlənən "یطیقونه” (taqəti olmayanlar) kəlməsi "طوق” sözündən götürülüb. Əslində boyuna salınan halqa və ya təbii olaraq (bəzi quşların boynunda olan rəngli halqalar kimi) boyunda olan halqa mənasını verir. Bundan əlavə həddən artıq gücsüzlük və qüdrətsizlik mənasında işlənib. Burada "یطیقونه” (taqəti olmayanlar) cümləsindəki "ه” (ona) əvəzliyi oruca işarə edir və bu mənanı çatdırır ki, oruc tutmaq üçün bütün qüvvələrini səfərbər etsinlər, yəni, olduqca çox zəhmətə düşsünlər. Bu qocalar və əlacı olmayan xəstələr haqqındadır. Buna görə onlar oruc tutmaqdan azaddırlar və orucun yerinə fidyə verməlidirlər. Lakin şəfa tapan xəstələr orucun qəzasını yerinə yetirməlidirlər.Bəzi alimlər isə deyib ki, "یطیقونه” (taqəti olmayanlar) cümləsi bu mənadadır ki, əvvəl oruc tutmağa qüdrətləri çatıb, yəni "کانوا یطیقونه” (əvvəl taqəti olmayanlar), amma indi oruc tutmağa qüdrətləri çatmır. Bəzi rəvayətlərdə də bu mənaya işarə edilib.Hər halda hökm nəsx olunmayıb və bu gün də öz qüvvəsindədir.
5. Bəziləri "تطوع خیرا” (Hər kəs könüllü xeyir iş görərsə) cümləsindən məqsəin müstəhəb oruc olduğu fikrindədirlər. Bəzi alimlər isə deyiblər ki, orucun əhəmiyyət və fəlsəfəsinə diqqət yetirərək onu kərahət və məcburiyyətlə deyil, həvəs və rəğbətlə yerinə yetirmək lazımdır. 6. 62-ci surə, "əl-Cumu`ə” (Cümə) surəsi, 9-cu ayə. 7. Həmin mənbə. 8. 29-cu surə, "əl-Ənkəbut” (Hörümçək) surəsi, 16-cı ayə. 9. 2-ci surə, "əl-Bəqərə” (İnək) surəsi, 185-ci ayə.
Tərcümə etdi: M. Əhmədov
| |
Views: 2688 | Rating: 0.0/0 |
Total comments: 0 | |