«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2019-09-20, 2:36 PM
Main » Articles » Tarix » Albaniyanın müsəlmanlar tərəfindən fəthi və Islam dininin orada yayılması (1)

Albaniyanın müsəlmanlar tərəfindən fəthi və Islam dininin orada yayılması (1)
 
Albaniyanın müsəlmanlar tərəfindən fəthi və Islam dininin orada yayılması (1)
 
Ilk öncə xatırlatmaq lazımdır ki, təqribən indiki Azərbaycan Respublikasının ərazisində yerləşən tarixi Albaniya, yaxud Arran qədim dövrlərdə müstəqil ölkə olmuşdur. Müsəlmanların fəthi ərəfəsində isə uyğun məkan yarımmüstəqil bir dövlət olaraq Sasanilər imperiyasına tabe idi.
 
Müsəlmanlarla albanlar ilk dəfə Islam qoşunları ilə Sasanilər arasında baş verən qanlı çatışmalarda qarşılaşmışlar. Bu zaman Alban knyazı Varaz-Qriqor özünün igid oğlu Cavanşiri albanlardan ibarət döyüşçülərlə birgə III Yezdigerdin köməyinə göndərmişdi. Sözügedən döyüşdə Azərbaycan sipəhsaları Rüstəm Fərruxzadın komandanlığı altında vuruşan Cavanşir misilsiz rəşadətlər göstərmiş, padşah tərəfindən qiymətli hədiyyələrə və Alban sərkərdəsi tituluna layiq görülmüşdü. O, bir neçə il Sasani imperiyasının müdafiəsində iştirak etdikdən sonra müsəlmanların qələbəsinin qaçılmaz olduğunu görüb geriyə, öz ölkəsinə döndü[1].
 Dövrün iki böyük imperiyasından birinin hökm sürdüyü Iran üzərində qəti qələbədən sonra müsəlmanlar şimala, Albaniyaya üz tutdular. Onların Albaniyaya qoşun yeritməsində müxtəlif amillərin təsiri olduğunu söyləmək mümkündür. Lakin Islami fəthlərin tərkib hissəsi kimi bu hücumda da əsas amil eynidir: Islam dininin təbliğini əngəlləyən maneələrin aradan qaldırılması və tövhid sədasının bütün xalqlara çatdırılması.
Bu kiçik yazıda Albaniyanın müsəlmanlar tərəfindən fəthini iki əsas mərhələyə bölüb, hər biri haqqında ayrıca danıçacağıq.
  
Albaniya fəthinin birinci mərhələsi
 
Albaniyanın müsəlmanlar tərəfində fəth olunmasının birinci mərhələsi 21/642-643-cü ildə II xəlifə Ömər ibn Xəttabın hakimiyyəti dövründə başlamışdır. Bu zaman Azərbaycanın fəthini bitirən Bükeyr ibn Abdullah öz yerində Ütbə ibn Fərqədi qəyub, özü isə xəlifənin icazəsilə Xəzər sahili boyunca Babül-əbvaba, Dərbəndə sarı yola düşdü. Bunun ardınca xəlifə, Süraqə ibn Əmrin başçılığı ilə güclü bir qoşunu həmin məntəqəyə göndərdi. Bükeyrə qoşulduqdan sonra o, şəhərin fəthinə rəhbərlik edəcəkdi; qoşunların önündə Əbdürrəhman ibn Rəbiə, sağ və sol tərəflərdə Hüzeyfə ibn Üsəyd və Bükeyr gedəcək, son zərbəni isə Salman ibn Rəbiənin dəstəsi endirəcəkdi.
 
Süraqə Bükeyrin getdiyi yolla irəliləyib Babül-əbvabın yaxınlığında ona birləşdi. Daha sonra xəlifə Həbib ibn Məsləməni də Cəzirədən onların köməyinə yolladı[2].
 
Babül-əbvabın hakimi Şəhrbəraz özünün müsəlmanlar qarşısında acizliyini görüb təslim oldu və onların tabeçiliyini qəbul etdi. O, nə Qafqaz dağlarının əhalisi və nə də ermənilərlə bir əlaqəsi olduğunu, lakin vəhşi düşmənlərin və müxtəlif millətlərin qarşısında dayandığını bildirib, üzərindən cizyə[3] vergisinin götürülməsini xahiş etdi. Süraqə, Xəlifə Ömərin də razılığı ilə onun bu xahişini qəbul edib, düşmənlərə qarşı döyüşdə iştirak edənlərdən uyğun verginin götürülməsi haqda göstəriş verdi[4].
 
Süraqə Şəhrbərazla və Babül-əbvab əhalisilə sülhnamə imzaladıqdan sonra daha orada qalmağın yersiz olduğunu düşünüb, sərkərdələrini ətraf bölgələrin, o cümlədən Albaniyanın müxtəlif məntəqələrinin fəthinə yolladı. Lakin, Muğanı fəth edən Bükeyrdən başqa heç kim komandanın tapşırığını uğurla yerinə yetirə bilmədi.
 
Süraqənin ölümündən sonra Xəlifə Ömər, onun canişini olmuş Əbdürrəhman ibn Rəbiəyə şimala doğru hərəkət və xəzər türklərilə döyüş əmrini verdi. Əbdürrəhman Bələncərə doğru hərəkət etdi, yolda Beyda şəhərini fəth etdi. Bələncər uğrunda döyüşə başlayanda isə artıq Xəlifə Ömər vəfat etmiş və Osman ibn Əffan xəlifə seçilmişdi. Əbdürrəhman bu döyüşdə məğlub olub qətlə yetirildi və bununla da Albaniyanın fəthi uğrunda aparılan döyüşlərin birinci mərhələsi başa çatdı.
  
Albaniya fəthinin ikinci mərhələsi
 
24/645-646-cı ildə Xəlifə Osman Həbib ibn Məsləməyə məktub yazıb Ərminiyyəni fəth etməsini əmr etdi. Həbib Şam və Cəzirə əhalisindən 6 (yaxud 8) min nəfərlə uyğun məntəqəyə yollanıb bir çox yerləri tutdu. Lakin bir neçə aydan sonra ermənilərin xəzərlərlə birləşib müsəlmanlara qarşı hücuma hazırlaşdıqlarını bilib, xəlifədən kömək istədi. Salman ibn Rəbiə xəlifənin əmrilə 6 min döyüşçü ilə birgə Kufədən Ərməniyyəyə yollandı. Ora çatdıqda isə döyüş bitmiş və müsəlmanlar qələbə çalmışdılar. Bu zaman xəlifə Salman ibn Rəbiəyə məktub yazıb, ona Albaniyanın fəthi əmrini verdi[5].
 
Xəlifənin məktubu gələnədək müsəlmanlar Həbibin başçılığı ilə Albaniyanın Nəşəvə (Naxçıvan) şəhərini fəth edib, oranın əhalisilə Dəbil əhalisilə bağlanılan sülh müqaviləsinə əsasən müqavilə imzaladılar[6]. Məktubdan sonra üzü şimala, Gürcüstana doğru hərəkət edən Həbib[7] yolda Albaniyanın daha bir neçə şəhərini, o cümlədən Xonan, Girdiman və Kasalı[8] da fəth etdi[9].
 
Albaniyanın ümdə ərazilərinin fəthi Salman ibn Rəbiənin adıyla bağlıdır. Qeyd edildiyi kimi, xəlifənin məktubundan sonra Salman albanlar ölkəsinin içərilərinə doğru hərəkət etdi. Burada onun fəth etdiyi ilk şəhər Beyləqan oldu. Bu şəhər müqavimətsiz təslim olub müsəlmanların hakimiyyətini qəbul etdi. Salman şəhərin və xalqın canı və malının mühafizəsini onların cizyə və xərac ödəmələrilə şərtləndirib öhdəsinə götürdü. Sonra isə Albaniyanın paytaxtı olan Bərdəyə sarı yola düşdü, şəhərlə bir fərsəxdən az fasiləsi olan Sursur (Tərtər) çayı sahilində düşərgə saldı. Bərdə sakinləri şəhərin darvazalarını bağladıqlarından, şəhər bir neçə gün mühasirədə qalmalı oldu. Bu müddətdə Salman ətraf kəndlərə yürüşlər təşkil etdi, nəticədə şəhər sakinləri bərdəlilər kimi sülh edib şəhərin darvazalarını açdılar. Salman şəhərə daxil olub, bir müddət orada qaldı, sonra isə Albaniyanın digər yerlərini, o cümlədən Şakaşen[10], Meskuenk[11], Uti[12], Misrans[13], Xarcilank, Tri və sair məntəqələri fəth etdi[14].
 
Bundan sonra Salman ibn Rəbiə qədim şəhər olan Şəmkiri tutdu, Bərdicin arxasından Kür və Araz çaylarının qovuşan yerinə getdi, Kürü keçib Qəbələ şəhərini fəth etdi, Şəki və Qəmibəran hakimlərilə xərac şərti əsasında sülh müqaviləsi imzaladı. Xizəran əhalisi, Şirvan və ətraf dağların padşahları, Məsqət, Şabran və Babül-əbvab şəhərlərinin sakinləri də onunla sülh müqavilələri bağladılar. Daha sonra Salman şimala doğru irəlilədi, Bələncər çayını keçib Xəzər xaqanıyla qarşılaşdı və bu vuruşmada təqribən 4 min nəfər əsgərlə birgə qətlə yetirildi[15].
 
Salmanın ölümündən sonra Hüzeyfə ibn Yəman xəlifə tərəfindən Albaniya və Ərminiyyənin valisi təyin olundu. O, Bərdə şəhərində məskunlaşıb, ətraf bölgələrə nümayəndələr göndərdi[16]. Onun bu işi göstərir ki, artıq Albaniyanın fəthi tamamilə başa çatmış və xilafətin dayaqları kifayət qədər möhkəmlənmişdi.
  
Albaniyada Islam dininin yayılması
 
Müsəlmanlar tərəfindən fəth olunmazdan öncə Albaniyada müxtəlif din və məzhəblər mövcud olmuşdur. Strabonun qeyd etdiyinə görə, albanlar səma cisimlərinə ibadət edirdilər. Bundan əlavə, Günəş, Ay və Zevs ulduzu da onların arasında pərəstiş olunurdu[17].
 
Iran və Azərbaycanda geniş yayılmış zərdüştiliyin Albaniyada da davamçıları vardı, habelə orada suya və oda ibadət olunurdu. Bəzi insanlar xüsusi bütxanalarda saxlanılan, allahlara aid edilən mücəssəmələrə pərəstiş edirdilər[18].
 
Bütün bunlarla yanaşı, Islama yaxın dövrlərdə albanların əksəriyyəti xristian olmuşdur. 313-cü ildə şah Urnayr rəsmi olaraq xristianlığı qəbul etdi. Həmçinin Albaniya şahlarından Arvagen, Vardan, Ikinci Vaçe və digərləri də bu dinə üz tutdular. 5-ci əsrin sonları, 6-cı əsrin əvvəllərində, Üçüncü Vaçaqanın hakimiyyəti dövründə isə Albaniyada xristianlıq məcburi olaraq qəbul etdirilməyə başladı[19].
 
Mehranilər sülaləsinin iqtidara çatmasından sonra da eyni vəziyyət davam etdi, Cəsur Vardandan başlayaraq sonrakı knyazlar məsihiliyi qəbul etdilər. Uyğun sülalənin ən qüdrətli hökmdarı Cavanşir hətta Bizans imperatoru Konstantin Avqustdan Isa xaçının bir zərrəsini hədiyyə almışdı[20].
 
Yəqin ki, belə bir mühitə qədəm qoyan yeni dinin inkişafının qarşısında hansı problemlərin durduğunu anlamaq çox da çətin deyil. Onun Albaniyadakı rəqibi Ərəbistan mühitinə hakim olan cahil bütpərəstlik, yaxud Irandakı, kifayət qədər xurafata uğramış zərdüştilik və atəşpərəstlik deyil, tarixin ən böyük monoteist dinlərindən biri və nisbətən az təhrif olunan bir məktəb idi.
 
Albaniyada Islam dininin yayılması haqqında müxtəlif fikirlər irəli sürülmüş, fərqli mülahizələr yürüdülmüşdür. Bəzi insanlar Islam dinində vuruş və cihadın olmasını əsas tutaraq, uyğun prosesin zor gücünə baş tutduğunu vurğulamışlar. Halbuki, Islam dinində hər növ aqressiya, təcavüz və zor tətbiqi həddən artıq pislənilmiş, bütün insanlara qarşı mehriban rəftar, gözəl əxlaq və normal münasibətlər tövsiyə olunmuşdur[21].
  -----------------------------------------------------------------------------------------------
[1] Kalankatuklu M. Albaniya tarixi. Tərcüməçi və şərh edən: Ziya Bünyadov. Elm, Bakı, 1993, səh. 117-119.
[2] Muhəmməd ibn Cərir Təbəri. "Tarixul-uməmi vəl-muluk”. 6 cilddə, əl-Əmirə, Beyrut, 2005, c. 3, səh. 26; Izzüddin ibn Əsir. "Əl-Kamil fit-tarix”. 12 cilddə, Daru sadir, Beyrut, 1966, c. 3, səh. 27-28.
[3] Cizyə müsəlman hökumətində və onun mühafizəsi altında yaşayan, əhli-kitab kafir (xristian, yəhudi, saibi və s.) olan sağlam kişilərdən alınan can vergisidir. O, Qurani-kərimdə Tövbə surəsinin 29-cu ayəsilə təsbit olunmuşdur. Heç şübhəsiz, müsəlman olmadıqlarına görə xüms və zəkat vergiləri ödəməyən və cihadda iştirak etməyən insanlardan, iqtisadi imkanlarına uyğun verginin alınmasında heç bir ədalətsizlikdən, diskriminasiyadan söhbət gedə bilməz.
[4] Təbəri, c. 3, səh. 26-27; Ibn Əsir Babül-bvab hakiminin adını "Şəhriyar” kimi qeyd etmişdir: Ibn Əsir, c. 3, səh. 28.
[5] Əhməd ibn Yəhya Bəlazuri. "Futuhul-buldan”. Darul-kutubil-ilmiyyə, Beyrut, 1978, səh. 200-201;
[6] Yenə orada, səh. 203. Dəbil sülhnaməsinə əsasən, Nəşəvə əhalisilə bağlanan müqavilə belə olmuşdur: "Bismillahirrəhmanirrəhim. Bu, Həbib ibn Məsləmənin Nəşəvə şəhərinin istər hazır, istərsə də qaib olan xristianları, məcusiləri və yəhudiləri üçün yazdığıdır. Mən sizin canınıza, malınıza, kilsə və məbədlərinizə və şəhərinizin divarlarına aman verirəm (onların mühafizəsini öhdəmə götürürəm). Siz amandasınız. Siz öz əhdinizə vəfa qılıb, cizyə və xərac versəniz, biz də əhdimizə vəfa edəcəyik. Allah şahiddir və "Allah şahidlik üçün kifayətdir”. Həbib ibn Məsləmə buna möhür vurub imzalamışdır”.
[7] Əhməd ibn Vazih Yəqubi. "Tarixul-Yəqubi”. 2 cilddə, Daru sadir, Beyrut, c. 2, səh. 168.
[8] Indiki Qazax rayonu.
[9] Bəlazuri, səh. 205.
[10] Gəncə.
[11] Şahdağ məntəqəsi.
[12] Kür və Araz çayları arası, Albaniyanın ümdə ərazilərindən biri.
[13] Dağlıq Qarabağ.
[14] Bəlazuri, səh. 205-206.
[15] Bu döyüş 32/652-653-cü ildə baş vermişdir: Bəlazuri, səh. 206. Azca fərqlə: Əhməd ibn Muhəmməd ibn Fəqih. "Muxtəsərul-buldan”. Tərcüməçi: H-Məsud. Bunyade fərhəngi, Tehran, 1970, səh. 136; Əhməd ibn Əsəm. Əl-futuh. 8 cilddə, Darun-nudvətil-cədidə, Beyrut, c. 2, səh. 111-114; Yəqubi, c. 2, səh. 168.
[16] Bəlazuri, səh. 207. Ibn Əsəmin yazdığına görə, Hüzeyfə öz əmisi oğlu Silə ibn Zəfri uyğun məntəqəyə yollayıb özü isə Mədinədə qaldı. Silə orada bir il qüdrətlə hökmranlıq etdi: Ibn Əsəm, c. 2, səh. 111-114.
[17] Strabon. Coğrafiya. Mütərcim: Humayun Sənətizadə, Bünyad, Tehran, 2003, səh. 20.
[18] Kalankatuklu M., səh. 31.
[19] Yenə orada, səh. 26-55, 211.
[20] Yenə orada, səh. 101, 126.
[21] Bax: Bəqərə surəsi, ayə 190; Hucurat surəsi, ayə 9; Mumtəhinə surəsi, ayə 8; Nisa surəsi, ayə 135; Əraf surəsi, ayə 29; Ali-Imran surəsi, ayə 57, 86, 140, 151, 192; Maidə surəsi, ayə 8, 29, 42, 51, 87; Ənam surəsi ayə 144 və s.
Category: Albaniyanın müsəlmanlar tərəfindən fəthi və Islam dininin orada yayılması (1) | Added by: IslamQadini (2009-09-30)
Views: 978 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]