«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 12:36 PM
Main » Articles » Tarix » Mübarizə bununla bitmir

Mübarizə bununla bitmir
 
Mübarizə bununla bitmir
 
Imamətin dördüncü günəşi, şəhidlər ağası Imam Hüseynın (ə) oğlu Imam Zeynəlabidin (ə) hicrətin 38-ci ilində dünyaya göz açmışdır. Babası əli(ə), əmisi Həsən(ə) və atası Hüseyn(ə)ın yanında ilahi elmlərə sahib olmuş, elm və hikmət məşəli kimi parlamışdır. Allaha olan məhəbbət onu özünə elə aludə etmişdir ki, abidlərin zinətinə çevrilmiş və Islam aləmində uzun səcdələri ilə şöhrət tapmışdır.
Bu deyilənləri əqidə baxımından ona müxalif olanlar və hətta onun düşmənləri də vaxtı ikən təsdiqləmiş və iqrar etmişlər. Hətta əhli-sünnə məzhəblərindən birinin banisi olan Şafei belə demişdir: "O, Mədinənin ən agah şəxsiyyətidir."

Bəni-Üməyyə xəlifələrindən olan əbdül Məlik ibn Mərvan Imama demişdir: "Allah sənə elə bir elm və din (iman) vermişdir ki, sənin ata və babalarından başqa bu heç kimə nəsib olmamışdır".
Aşura günü Imam (ə) bərk xəstə olmasına baxmayaraq, döyüş meydanına getmək istərkən, Imam Hüseyn(ə) həzrət Zeynəbi (ə.s) çağırıb buyurdu: "Onu meydana getməyə qoyma. Əgər getsə, qorxuram imamət çırağı sönə".

Imam Səccad (ə) döyüşdə birbaşa iştirak etməsə də, Aşuradan sonrakı əsirlik dövründə və digər vaxt-larda öz kəskin xütbələri ilə Bəni-Üməyyəyə qarşı mübarizəsi tarixdə öz əksini tapmışdır. Aşura həqiqətlərinin xalqa çatdırılmasında Imamın (ə) müstəsna rolu olmuşdur. Imam Səccad(ə)ın və həzrət Zeynəb(ə.s)ın Şam məscidi və Yezidin sarayındakı alovlu və ifşaedici xütbələri, Əhli Beytə qarşı aparılmış mənfi təbliğatı alt - üst etdi. Xalq, sanki yuxudan ayılaraq uzun illər Peyğəmbər(s)in canişini kimi tanıdıqları Müaviyə və Yezidin qaniçən və vəzifəpərəst olduqlarını anladılar. Bu qədər rüsvay olacağını ağlına gətirməyən Yezid belə vəziyyətdə qorxuya düşüb Əhli Beytlə (ə) yumşaq davranmağı və onların istəklərini yerinə yetirməyi qərara alır. Belə ki, Kərbəla şəhidləri üçün üç gün əzadarlıq məclisi qurulmasını əmr edir. Bu addım Şam əhlinin daha da ayılmasına və qəzəblənməsinə səbəb olur. Bunu görən Yezid Əhli Beyti (ə) Mədinəyə göndərmək məcburiyyəti qarşısında qalır. Bu dövrdə, camaatın Əhli Beyt(ə)ın Şama daxil olduğu vaxtdakı şadlıq əhval-ruhiyyəsi artıq peşmançılıq və göz yaşları ilə əvəz olunmuşdu.

Rəvayətlərdə qeyd olunur ki, Imam Səccad(ə) ömrünün sonuna qədər Aşura şəhidlərini daim yad edib ağlayarmış. Bir gün qulluqçularından biri Imama deyir: "Bu qədər ağlamağınız kifayət deyilmi?" Imam (ə) cavabında buyurur: "Nə danışırsınız? Yəqubun bircə Yusifi var idi. Onun ayrılığına dözməyən Yəqub o qədər ağladı ki, gözləri tutuldu. Mən isə gözümün qarşısında bir-birinin ardınca yerə yıxılan on səkkiz Yusifi görmüşəm".

Imam Zeynəlabidin (ə) özünün otuz beş illik imaməti dövründə bütün çətinliklərə baxmayaraq bir neçə istiqamətdə fəaliyyət göstərmişdir.

Bu istiqamətlərdən ən əsası sayılan və o dövrün zəruri tələblərindən olan fikri və ictihadi hərəkatın bünövrəsinin qoyulması idi. Bu hərəkat, müsəlmanların təfəkkür üfüqünün genişlənməsi ilə onların, kitab və sünnətin hidayət məşəlini çalışqan ruhiyyə, agah və huşyar dərrakə ilə ələ alıb öz ehtiyacları üçün faydalı surətdə istifadə etmələrinə xidmət göstərirdi. Bu baxımdan Imam Zeynəl-abidin (ə) Peyğəmbər(s)in məscidində, təfsir, hədis, fiqh, və başqa elm sahələri üzrə dərs deməyə başladı. Bu dərslər Islam fiqh məktəbləri üçün mühüm bir fikri özülə çevrildi. Nəzərə çarpacaq sayda fəqihlər, Quran qariləri və Kitab və sünnət hafizləri yetişdi.

O dövrdə cəmiyyətdə yaranmış sıxıntılar, ictimai çətinliklər və sosial problemlər müsəlmanların mənəvi həyatını təhlükə altına salmışdı və bu təhlükə o qədər güclü idi ki, onların əxlaqi keyfiyyətləri və Allahla olan ruhi biğlılıqlarının məhv olacağı göz qabağında idi. Bu baxımdan Imam Zeynəl-abidin (ə)ın fəaliyyətinin başqa bir istiqaməti bu xətərin qarşısının alınması idi.

Bu gün əlimizdə olan "Səhifeyi Səccadiyyə" kitabı həmin fəaliyyətin ən gözəl məhsuludur. Imam Səccad (ə) öz bəlağətinin qüdrəti ilə insanın Allahla olan ruhi əlaqələrinin ən incə və zəif nöqtələrinə toxunmuş və ruhun cila-lanaraq öz kamil nuraniyyətini əldə etməsinə təkan vermişdir.

Imam Səccadın (ə) həyat və fəaliyyəti barədə tarixdə məlumatın azlığına baxmayaraq "Səhifeyi Səccadiyyə"dəki duaları oxumaqla Imam(ə)ın şəxsiyyətini dərk etmək mümkündür.

Imam Zeynəlabidinin (ə) bu mübariz ruhu bizi, çətinliklərə sinə gərərək dinimiz və mənəviyyatımız uğrunda mübarizə aparmağa və bu yolda mətin olmağa səsləyir.
Category: Mübarizə bununla bitmir | Added by: IslamQadini (2009-09-30)
Views: 965 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]