Main » Articles » Tarix » Rəhmət Peyğəmbəri Həzrət Muhəmməd (s) |
Rəhmət Peyğəmbəri Həzrət Muhəmməd (s)
Rəhmət Peyğəmbəri Həzrət Muhəmməd (s)
Bu əlamətdar tarixi-hadisə və gün münasibəti ilə, zamanın İmamı Həzrət Höccət ibnil-Həsəni (ə.f) və bütün dünya müsəlmanlarını təbrik edirik!
Məlum olduğu kimi, mübarək Rəcəb ayının 27-ci günü, öz əlamətdarlığı ilə seçilən və digər günlərdən fərqlənən bir gündür. Bu günün mübarəkliyi və əlamətdarlığı bununla bağlıdır ki, əziz İslam Peyğəmbəri həzrət Muhəmmədə (s) məhz bu gün Peyğəmbərlik verilmişdir. Bu gün, İslam dünyasında "məbəs günü” yaxud "besət günü” adlanır. Başqa sözlə desək, "məbəs günü” İslamın zühur etdiyi gündür. İlahi vəhy, Qurani-Kərim həmin gündən etibarən Peyğəmbərə (s) nazil olmuşdur. İlahi əmrə əsasən təkcə quru adı qalmış Tovhid qanunu yenidən dirçəldilməli, "la ilahə illallah, Muhəmmədun Rəsulullah” kəlməsi dünyanın dörd bir yanına yayılmalı idi. Beləliklə də, bu məsuliyyətli vəzifə Muhəmməd ibn Əbdullahın üzərinə düşmüşdü. Besətdən əvvəlki dövr olduqca qaranlıq, insanları küfr və azğınlıq içində idi. Həmin dövr, İslam tarixində "Cahiliyyə dövrü” adlanır. Allah Mütəalın insanlar içindən seçdiyi İlahi elçilərin-Peyğəmbərlərin buyuruqları, insanların hidayətindən ötrü gətirdikləri kitab və hikmət, sonradan unudulmuş, təhrifə məruz qalmışdı. Həmin dövrdə insanların Peyğəmbərlərdən üz çevirmələri, onların öz nəfsani istək və arzularına boyun əymələrinə və bu istək və arzulardan doğan fəsadlarla üzləşmələrinə səbəb olmuşdu. Həzrət Əli (ə) "cahiliyyə dövrü”nü belə bəyan edir: "Allah-Təala Peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri (s) Peyğəmbərliyə seçdi. Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi. Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı...” ("Nəhcul-Bəlağə”) Pərvərdigari-aləm öz nurunu tamamladı, aləmlərə rəhmət nazil oldu. Bütpərəst toplumun eybəcərliklərindən xoşlanmayan və ibadət vaxtı Hira mağarasına pənah aparan Həzrət Muhəmməd (s), bir gün həmin mağaradan Peyğəmbər olaraq qayıtdı. Qədəm qoyduğu hər torpağı rəhmət bürüdü.
Mütəal Allah, Peyğəmbərinin timsalında öz rəhmətini bəşəriyyətin üzərinə yaydı. Rəhmət Peyğəmbəri olaraq göndərildi Həzrət Muhəmməd (s). Xüsusilik də, məhz bu məsələ ilə bağlıdır. Bəhsimizin mövzusu da həmin mətləbdir. "Ənbiya” surəsinin 107-ci ayəsində Allah-Təala öz Peyğəmbərinə "Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” buyurur. Qurani-Kərimin müxtəlif ayələrində keçmiş qövmlərin öz Peyğəmbərlərinə iman gətirmədikləri üçün, həlakətə düçar olmalarından bəhs edilmişdir. Məsələn, əzəmət sahibi, Peyğəmbərlərdən olan Həzrət Nuh (ə) islah olmayan büdpərəst qövmün düşmənçilik və azğınlıqlarına görə onlara nifrin edərək Rəbbinə belə demişdi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər” (Nuh 26, 27) Allah Nuhun duasını qəbul edərək zalım qövmü tufanda boğdu.
Ad qövmü Hud Peyğəmbərə (ə) iman gətirmir, Onun yalançı olduğunu düşünürdülər. Hud onlara belə demişdi: "Ey camaat, doğrudan da siz Nuhun tayfası kimi küfr və naşükürlükdə həddi aşmısınız. Siz Nuhun tayfası kimi qarğışa layiqsiniz. Mən də gərək sizə qarğış edim.” Ad qövmü də beləcə əzaba düçar oldu, Sərsər və Əqim küləklərində məhv olub aradan getdilər. Bir başqa yerdə Qurani-Kərim Saleh Peyğəmbərin qövmündən bəhs edir. Həmin qövm Səmud qövmü idi və Saleh Peyğəmbərin dəvəsini öldürdükdən sonra, Özünü də öldürmək qərarına gəldilər. Onlara yetişən zəliledici əzab haqqında Quranda belə buyurulmuşdur: "Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı.” (Fussilət 17) Lut Peyğəmbər, qövmünə əzab vermək üçün gələn Cəbrailə "İndi ki, bu qövmə əzab etmək üçün gəlmisiniz, elə isə tələsin hər nə qədər bilirsinizsə tez onları həlak edin” demişdir. Nəhayət, əzab Lutun günahkar qövmünə də yetişdi. Mələklər şəhəri viran etdilər, göydən daşlar yağmağa başladı və o camaatdan heç bir əsər-əlamət qalmadı. Şuəyb Peyğəmbərin qövmünü isə, Allah-Təala zəlzələ və yandırıcı kölgə ilə həlak etmişdi. (Allahın salamı olsun Peyğəmbərlərin üzərinə!)
Lakin, İslam Peyğəmbərinin həyatına və Quranın bəzi ayələrinə diqqət etdikdə görür ki, Peyğəmbərə qarşı düşmənçilik edənlərin çirkin əməlləri Həzrət Peyğəmbəri kədərləndirir və narahat edirdi. Həzrət bundan ötrü onların halına yanır, İlahi əzabın onlara yetişməsini, onların da keçmiş ümmətlər kimi həlak olmasını istəmirdi. Günahkar camaatı tərbiyə və təzkiyə etməklə yanaşı, həm də, Allahdan onların hidayətini diləyir, islah olunmalarından ötrü dua edirdi. Qurani-Kərim Peyğəmbərin bu narahatçılığı haqqında nelə buyurur: "(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (Kəhf 6) Həmçinin buyurulur: "(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! (Tövbə, 128)” Həzrət Peyğəmbər daim ümmətinin barəsində düşünürdü, həmişə qüssəli idi və fikri məşğul olardı. Yumşaq xasiyyətli idi, kobudluq və qəlizliyə yol verməzdi. Ancaq Allah yolunda qəzəblənərdi. "Muhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər...” (Fəth 29) Həzrətin (s) rəftarı haqqında nəql edilmişdir ki, xoş rəftarlı olduğu üçün, Onu görənlər özlərini Həzrətin (s) nəzərində ən əziz insanlar olduğunu düşünürdülər. Günaha yol vermiş insanlarla şirin dillə danışır, tutarlı dəlillərlə onları razı salmağa çalışır, beləliklə də qəlblərində İslama rəğbət və məhəbbət oyadırdı.
Bu barədə Həzrətin (s) əxlaq və davranışları haqqında yazılan kitablarda çox saylı rəvayətlərə rast gəlmək mümkündür. Təbərrük üçün, "Muntəhəl-Amal” kitabından həmin rəvayətlərdən bir neçəsini zikr etməklə kifayətlənirik. Rəvayətlərin birində nəql edilir ki, bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: "Mənə icazə verə bilərsənmi ki, zina edim?” Səhabələr ona acıqlandılar. Həzrət (s) həmin şəxsi yanına çağırırb buyurdu: "Heç razı olarsanmı ki, bir kəs sənin anan, bacın, qızın və eləcə də bibi və xalaların, yaxın qohumlarınla zina etsin?” Şəxs dedi: "Əsla yox!” Həzrət (s) buyurdu: "Bütün Allah bəndələri gərək belə olsunlar.” Bu vaxt mübarək əlini onun sinəsinə qoyub buyurdu: "İlahi, bunun günahını bağışla, qəlbini pak edib ayıb yerlərini qoru!” Daha sonra həmin şəxs, heç bir yad qızının üzünə baxmadı.
Həzrət (s) qoca, uşaq, xəstə, qadın, yolunu azan, gücsüz insanlara qarşı o qədər rəhmət və mərhəmətli idi ki, hətta döyüş meydanlarında belə, əsgərlərə onlara toxunmamaq göstərişini verirdi. İslam ordusuna cihad əmri verdikdə, ordularla birlikdə qoşun başçısına belə moizə edərdi: "Allahın adı ilə gedin, Allah və Onun Peyğəmbərinin dini uğrunda cihad edin! Hiylə etməyin, qənimətləri oğurlamayın, kafirləri öldürdükdən sonra, gözlərini, qulaqlarını, bədən üzvlərini kəsməyin, qocaları, uşaqları, qadınları, rahibləri, yollarını azanları öldürməyin, Ağacları kökündən kəsməyin, xurmalıqları, əkin sahələrini, otlaqları yandırmayın, müşriklərin suyunu zəhərləməyin və heç vaxt hiyləyə əl atmayın.”
Allah-Təala İslam Peyğəmbəri Həzrət Muhəmmədi (s) sonuncu Peyğəmbər olaraq göndərdi və O həzrətin (s) gətirdiyi dini və kitabı, səmavi dinlərin və kitabların sonuncusu qərar verdi. Bu din və kitab hidayət üçündür və yalnız bu dinə və Qurana sarılanların rəhmətdən payı vardır. Çünki, artıq Həzrət Muhəmməddən (s) sonra bir Peyğəmbər gəlməyəcək, İslam və Qurandan sonra hidayət edən, yol göstərən, qaranlıqlardan nura çıxaran, bir din və hikmət enməyəcəkdir. İslam dini kamil dindir və bütün sualların cavabını bu dində tapmaq mümkündür. İslam dini bütün dövrlər üçün, bütün millətlər, xalqlar üçün göndərilmişdir, Qiyamət gününə qədər qüvvədədir.
İlahi, bizi Həzrət Muhəmmədin (s) dinində sabitqədəm olanlardan, dünyadan müsəlman olaraq gedənlərdən qərar ver! Bu dünyada Muhəmməd və Ali Muhəmmədin (s) ziyarətindən, Axirətdə şəfaətindən bizi binəsib etmə, Quranı bizdən, bizi Qurandan ayrı salma, Amin! | |
Views: 951 | Rating: 0.0/0 |
Total comments: 0 | |