«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-27, 7:13 AM
Main » Articles » Tarix » Zəhərlə açılan iftar

Zəhərlə açılan iftar
 
Zəhərlə açılan iftar
 
Islamın düşmənlərindən biri olan Müaviyənin, oğlu əyyaş Yezid üçün beyət almaq yolundakı ən mühüm maneələri  Imam Həsən (ə) və Imam Hüseyn (ə) idi. Çünki, onlar belə zülmlə heç vaxt razılaşmayacaqdılar. Əslində onlar Müaviyənin zahiri xilafətini də məhz islamın məsləhətini düşünərək müvəqqəti olaraq zahirdə qəbul etmişdilər. Müaviyə çirkin niyyətini həyata keçirmək üçün növbəti hiylələrdən birini işə salır. Belə ki, Imam Həsəni (ə) öldürmək qərarına gəlir. Əşəs ibn Qeys Kindinin qızı Cövdə Imam Həsənin (ə) həyat yoldaşı idi. Bundan məharətlə istifadə edən Müaviyə Əşəslə dostluğunu işə salır, Cövdəni aldadaraq yalan vədlər verir, Imam Həsəni (ə) zəhərləmək arzusunu gerçəkləşdirir. Müaviyə elə düşünürdü ki, Imam Həsən (ə) öləndən sonra Imam Hüseyn (ə) təkcə ona və oğluna qarşı mübarizə aparmaq iqtidarında olmayaqcaq. Belə olan halda onu da tezliklə aradan götürmək asan olacaq.
 
Sünni alimlərindən olan Təbərsi "Ehticac" kitabında Salim ibn Əbi Cudədən rəvayət nəql edərək Imam Həsənin (ə) belə buyurduğunu yazır: "Mənə xəbər çatıb ki, Müaviyə Rum padşahına məktub yazaraq ondan öldürücü zəhər istəyib. Rum padşahı cavabında bildirib ki, bizim dinimiz belə bir şeyə icazə vermir. Müaviyə ona bildirib ki, mən elə bir şəxsi öldürmək istəyirəm ki, o, babasının hakimiyyətini qurmaq istəyir. Buna görə də onu öldürüb dünyanı onun şərrindən qorumaq istəyirəm."
 
Rum Padşahına göndərdiyi hədiyyələr sayəsində zəhəri əldə edən Müaviyə onu Mərvan ibn Həkəmin vasitəsi ilə əvvəlcədən planlaşdırdıqları kimi Cövdəyə çatdırır.
 
Ravəndi "Xəraic" əsərində yazır: "Isti günlərin birində Imam Həsən (ə) oruc halda evə daxil oldu. Iftar vaxtı çatdıqda Cövdə zəhəri südə tökərək o Həzrətə (ə) verdi ki, iftarını açsın. Imam Həsən (ə) südlə iftarını açdı. Orucun təsirindən zəifləmiş bədənə zəhər öz öldürücü təsirini tez də göstərə bildi. Ciyərinin yandığını hiss edən Imam (ə) Cövdəyə buyurdu: "Ey Allahın düşməni! Məni öldürdün, Allah səni öldürsün. Məndən sonra istəyinə çatmayacaqsan və Allah səni xar edəcək."
 
Imam Sadiq (ə) buyurur: "Həqiqətən Əşəs özü Həzrət Əlinin (ə), qızı Cövdə Imam Həsənin(ə) və oğlu Məhəmməd ibn Əşəs isə Imam Hüseynin (ə) qanının axıdılmasında iştirak ediblər.
 
"Əl-bidayə vən-nihayə" əsərinin 8-ci cildinin 43-cü səhifəsində nəql olunur ki, Imam Həsən (ə) üçün həkim gətirdilər. Həkim o Həzrəti (ə) müayinə etdikdən sonra dedi : -Həqiqətən zəhər onun ciyərini parçalayıb."
 
Şeyx Müfid və başqalarının yazdığına görə Imam Həsən (ə) zəhərləndikdən sonra qırx gün xəstə vəziyyətdə yaşadı. Onun xəstəliyi günbəgün pisləşdi və bu, onun şəhadətə çatmasına səbəb oldu.
 
Cünadə ibn Əbi Üməyyə deyir: "Imam (ə) xəstə olan halda onun görüşünə getdim. Onun saralmış rəngi qəlbimə od saldı və kövrəlmiş halda dedim: -Ey mənim àğam! Nəyə görə müalicə olunmursunuz?
 
Imam (ə) cavabında buyurdu: -Ey Allahın bəndəsi, ölümü nə ilə müalicə edim?... Sonra Həzrət əlavə etdi: -Allaha and olsun, Peyğəmbər (s) bizə bildirib ki, Əli (ə) və Fatimə (ə) övladlarından 11 nəfər imamlıq edəcək. Onlardan bəziləri zəhərlənəcək, bəziləri isə xəncərlə şəhadətə çatacaqlar.
 
Bu zaman Həzrət ağlamağa başladı.
Mən dedim: -Mənə nəsihət buyurun.
 
Imam (ə) buyurdu: -Özünü qarşıdan gələn səfərə hazırla, əcəl səni yaxalamamış özün üçün qiyamət azuqəsi topla. Bil ki, sən dünyanı, ölüm isə səni qazanmaq istəyir və bil ki, dünyanın halal malında hesab, haram malında isə əzab və əziyyət var..."
 Cünadə deyir: "Bu vaxt Imamın (ə) nəfəsi azaldı və halı dəyişdi. Mən qorxuya düşdüm. Bu an Imam Hüseyn (ə) və Əsvəd ibn Əsvəd içəri daxil oldular. Imam Hüseyn (ə) onun yatağının yanında əyləşib başından və üzündən öpdü. Onlar ahəstə danışmağa başladılar.
Əsvəd ibn Əsvəd mənə dedi: -Imam Həsən (ə) öz ölümündən xəbər verir."
 
Şeyx "Əmali" əsərində belə nəql edir: "Imam Həsən (ə) ömrünün sonlarında qardaşı Imam Hüseynə belə vəsiyyət etdi: -Şəriki olmayan Allahdan başqa Allah yoxdur. O, ibadətə layiqli olduğu üçün Ona ibadət olunur. Həqiqətən O, hər şeyi yaradıbdır. Hər kim onun əmrinə tabe olsa, inkişaf yolunu tapacaq. Hər kim Ona tabe olmasa, yolunu azacaq. Hər kim Ona tərəf gəlsə, nicat tapacaq. Sənə vəsiyyət edirəm, ey Hüseyn (ə)! Ailəmi himayə edib, onların pis işlərini bağışlayıb yaxşı işlərini qəbul et, onlar üçün yaxşı ata və canişin ol! Məni babam Allahın Rəsulunun (s) yanında dəfn et! Mən buna daha layiqəm. Əgər buna maneçilik törədənlər olsa, icazə vermə ki, qan tökülsün! Biz Peyğəmbərlə (s) görüşəndə onun ölümündən sonra bu insanların bizim başımıza gətirdiklərindən şikayət edəcəyik."
 
Şeyx Müfidin nəql etdiyi rəvayətdə Imam Həsən (ə) qardaşı Hüseynə (ə)  belə buyurur: "Mən dünyadan köçdükdən sonra gözlərimi bağlayıb qüslümü ver. Kəfənləyib namaz qıldıqdan sonra Allah Rəsulunun (s) məzarının yanına apar. O Həzrəti (s) ziyarət etdikdən sonra məni Bəqiyə aparıb nənəm Fatimə bint Əsədin (Imam Əlinin (ə) anası) yanında dəfn et. Camaat elə biləcək ki, siz məni Peyğəmbərin (s) yanında basdırmaq istəyirsiniz. Buna görə sizə maneçilik törədəcəklər. Səni Allaha and verirəm, məbada qan tökülsün."
 
Şeyx Müfid "Əl-Isabə" əsərinin 1-ci cildinin 330-cu səhifəsində nəql edir: "Imam Həsən (ə) dünyadan köçdükdən sonra vəsiyyətinə əsasən ona qüsl verib kəfənlədilər və cənazə namazı qılındı. Peyğəmbərin (s) böyük nəvəsinin vəfat xəbəri Mədinə şəhərinə yayıldıqda şəhər və ətraf yerlərdə yaşayanlar dəfn mərasimində iştirak etmək üçün Imam Həsənin (ə) evi qarşısında toplaşdılar. Mədinənin o vaxtkı qəsbkar hakimi Mərvan ibn Həkəm Bəni Üməyyəni toplayaraq döyüş zirehlərini geyindilər. Onlar Peyğəmbər (s) nəsli olan Bəni Haşimin qarşısını qılıncla kəsərək Imam Həsəni (ə) Peyğəmbərin yanında dəfn edilməsinə icazə verməyəcəklərini bildirdilər. Qatıra minmiş Aişə də onlara qoşularaq dəfnə etiraz edib belə dedi: "Istəyirsiniz düşmənimi mənim evimdə basdırasız?"
 
Bəni Üməyyə ilə Bəni Haşim arasında müharibənin başlanmasına az qalmış Ibn Əbbas Mərvanın qarşısına çıxaraq dedi: -Gəldiyin yerə geri qayıt. Biz ağamız Imam Həsəni (ə) Peyğəmbəri (s) ziyarət etməyə gətirmişik. Sonra onu öz vəsiyyətinə əsasən Əsəd qızı Fatimənin yanında dəfn edəcəyik. Əgər o, Peyğəmbərin (s) yanında dəfn olunmasını vəsiyyət etsəydi, sən yaxşı bilirsən ki, bizim qarşımızda dayana bilməzdin."
 
Sonra üzünü Aişəyə tutub əlavə etdi: "Bu nə rüsvayçılıqdır?! Bir gün qatıra, bir gün dəvəyə minirsən. Istəyirsən Allah nurunu söndürüb onun dostları ilə vuruşasan? Rahat ol! Imam Həsəni (ə) Peyğəmbərin (s) yanında dəfn etməyəcəyik. Allah bu ailənin intiqamını mütləq alacaq."
 
Sonra Imam Hüseyn (ə) irəli gələrək buyurdu: "Əgər Imam Həsənin (ə) vəsiyyəti olmasaydı ki, qan tökülməsin, bilirsiz Allah qılıncı sizinlə hesablaşacaqdı...."
 
Ustad Baqir Şərif Qüreyşi sünni kitablarından nəql edir: "Aişəni bu işə təhrik edən Mərvan ibn Həkəm və Səid ibn As idilər ki, onlar Aişənin yanına gələrək dedilər: "Bəni Haşim Imam Həsəni (ə) Peyğəmbərin (s) yanında dəfn etmək istəyir. Əgər bu baş versə, atan Əbubəkr və Ömərin iftixarı qiyamətə qədər bərbad olacaq!"
 
Elə buna görə Aişəni qatıra mindirib Peyğəmbər (s) məscidinin qarşısına gəldilər."
 Mərhum ibn Şəhràşub və başqalarının nəql etdiyinə əsasən Bəni Üməyyə Imam Həsənin (ə) tabutunu oxladılar. Yetmişə yaxın ox tabuta sancıldı. Baş verəcək müharibənin və töküləcək qanların qarşısını alaraq Imam Hüseyn (ə) Imam Həsəni (ə) Bəqidə dəfn etdi.
Tarixçilərin yazdığına görə Hicazın (Səudiyyə Ərəbistanı) iki böyük şəhərində, Məkkə və Mədinədə şəhər əhalisi yeddi gün əza saxlayıb, alış-verişi dayandırdılar. Bəni Haşim qadınları bir ay əzadarlıq mərasimi keçirdilər. Bir il isə yeni paltar geyinməyib zinət əşyalarından istifadə etmədilər. Iraqın da mühüm şəhərlərindən, Bəsrə və Kufədə əzadarlıq mərasimləri böyük izdihamla keçirildi. Amma Şamda Müaviyə və tərəfdarları...
Category: Zəhərlə açılan iftar | Added by: IslamQadini (2009-09-30)
Views: 1092 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]